reklam
Regionxeberlericom.az » Sosial » “Nə Nazirlər Kabineti, nə də DİM addım atmaq istəyir” - Bir düymə ilə tələbə olanlar

reklam

“Nə Nazirlər Kabineti, nə də DİM addım atmaq istəyir” - Bir düymə ilə tələbə olanlar


“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidir.

Eyni zamanda, riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisaslar üzrə - riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1), riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisaslar üzrə - riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və informatika (nisbi əmsal:1) olacaq.

Bundan başqa, I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən fərq imtahanı verməlidirlər. Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin təsdiqi sabah başa çatır. Bu günədək 82220 abituriyent öz ərizəsini təsdiq edib. Ümumilikdə ötən dövr ərzində qəbul qaydalarında müxtəlif dəyişikliklər olunsa da ixtisas seçimində ciddi bir dəyişiklik müşahidə edilmir. Mütəxəssislər isə bugünkü ixtisas seçiminin əmək bazarı üçün problemlərə yol açdığını düşünürlər.

Nazirlər Kabinetinin sonuncu, I qrup üzrə ali məktəblərə tələbə qəbulu qaydalarında dəyişikliyi bu istiqamətdə hansı rol oynayacaq? Dia.az-ın məlumatına görə, təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirib ki, ölkədə abituriyentlərin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları ilə bağlı problemlər var:

“Son dəyişikikləri də kosmetik kimi dəyərləndirirəm. Məsələyə kompleks yanaşmalıyıq. Azərbaycan yeganə ölkədir ki, gənclər qrup imtahanları ilə ali təhsil müəssisəsində istədiyi ixtisasa qəbul oluna bilmirlər. Ona görə də Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da göstərilir ki, kadr hazırlığı ixtisaslar üzrə həyata keçirilsin. Konkret olaraq qruplar üzrə yox, ayrı-ayrı ixtisaslar üzrə imtahanlar keçirilməlidir. Biz bu addımı atmayana qədər ali və orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı problemlərimiz hər zaman olacaq. Ancaq təəssüflər olsun ki, istər Nazirlər Kabineti, istərsə də DİM bu məsələ ilə bağlı addım atmaq və reallığı da qəbul etmək istəmir. Nəticə etibarilə dəyişiklik etmək elə bir çətinlik yaratmayacaq”.

Ekspertin fikrincə, son və bundan əvvəlki dəyişikliklər də kosmetik xarakter daşıyır:

“Məzmun baxımından elə bir ciddi dəyişiklik yoxdur. Yenə əvvəlki kimi uşaqlar qruplar üzrə imtahan verir və bu qruplarda kim hansı ixtisası arzulayır və hansı qrupa düşə bilmək ehtimalının olduğu məlum olmur. İnsan arzulamadığı ixtisas üzrə təhsil alır və nəticədə çalışdığı peşəyə bağlı olmur. Çünki o peşəni arzu etməyib. DİM-in yerləşdirmə prosesində təsadüfən həmin ixtisasa “düşür”.

Ona görə də əmək bazarında, müxtəlif peşələr üzrə çalışan ali və orta ixtisas təhsilli şəxslərin böyük əksəriyyəti həmin sahəni arzulamayıb. DİM-in keçirdiyi seçim əsasında təsadüfən həmin peşə üzrə təhsil almaq məcburiyyətində qalıb. Nazirlər Kabinetinin 230 saylı qərarı ilə orta ixtisas təhsili müəssisələrində topladığı kreditlərlə eyni ixtisas üzrə ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olmaq imkanı vardı. O da ləğv olundu. Başa düşmək olmur ki, edilmiş dəyişikliklərin məntiqi nədir və bu dəyişikliklər hansı nəticəyə gətirib çıxaracaq”.

Ekspertin sözlərinə görə, nəticə odur ki, yenə də Azərbaycan gəncinin arzuladığı peşə üzrə təhsil almaq ehtimalı maksimum 5 faizdir:

“Yəni bu gün gənclərin 95 faizi arzuladığı ixtisas üzrə təhsil ala bimir. Bu reallığı dəyişdirmək üçün heç bir addım atılmır. Bu istiqamətdə ciddi irəliləyiş olana qədər dəyişikliklər kosmetikdir. Ölkədə 40- dan artıq ali, 61 orta ixtisas təhsili müəssisəsi var. Gənclərə şərait yaradılmalıdır ki, istədiyi ixtisası seçsin. Həmin 300-dən artıq ixtisas içərisində maksimum 3 ixtisasdan başqa bütün ixtisaslar üzrə 3-5, bəzən elə ixtisaslar var ki, 15-20 ali təhsil müəssisəsində var. İmtahanlar ixtisaslar üzrə keçirilmədir”.




Paylaş:


Müəllif : Tarix:
16-03-2022, 17:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər