reklam
Regionxeberlericom.az » Sosial » Qubada narazılıq yaradan kimlərdir? - Deputat da işə qarışıb...

reklam

Qubada narazılıq yaradan kimlərdir? - Deputat da işə qarışıb...


"Sizin saytda şikayətim dərc olunduqdan sonra deputat Vahid Əhmədov mənə zəng etdi. Dedi: "Get sənədlərini ver Quba Rayon Xəstəxanasına, bir nüsxəsini də mənə göndər. Özüm şəxsən aparıb nazir Sahil Babayevə verəcəyəm”.

Sənədlərimi göndərəndən sonra yenə zəng edib dedi ki, bəli, sənin əlilliyin var, arxayın ol, sənə əlillik veriləcək”.

Qubanın Püstəqasım kənd sakini Fərhad Həsən oğlu Osmanov belə deyir.

O, ürəyində problem olsa da, əlillik dərəcəsi ala bilmədiyini söyləyir.

53 yaşlı Quba sakini ötən il Meydan TV-yə eyni şikayətlə müraciət etmişdi.

Fərhad Osmanov deyir ki, 2018-ci ildən işləmir. Elə həmin ilin mayından ürək-damar çatışmazlığı xəstəliyindən əziyyət çəkir.

Tibbi diaqnozunda "sol mədəciyin anterior divar miakard infarktı, əvvəllər keçirilmiş miakard infarkt” qeyd olunub. Bu, o deməkdir ki, vətəndaşın əsas xəstəliyi ürək-qan damar çatışmazlığı 3-cü fəsil, yanaşı xəstəliyi isə hipertoniyanın 2-ci mərhələsidir.

Amma bu diaqnoz olunun əlillik dərəcəsi almasına köməklik etmir.

"Əlilliyə görə müraciət etsəm də, heç bir qurum mənə kömək etmir. Əlavə müalicəyə imkanım yoxdur. Xəstəxanadan içəri girmək də pulludur. Elə adam var, əl-ayağı salamatdır, amma rüşvət verib əlillik dərəcəsi alır. Mən anlamıram ki, bunu təyin edəndə müayinəni necə aparırlar?” – şikayətçi deyir.

Fərhad Osmanov 2018-ci ildə rayondan təcili "Baku Medical Plaza” xəstəxanasına aparılıb. Orada məlum olub ki, ürəyində 5 damar tutulub. Onun cəmi 2-ni aça biliblər, 3-ü qalıb. Sonra yenidən Qubaya qayıdıv və burada 6 ay stasionar-ambulator müalicə alıb:

"Məni yenidən Bakıda Mərkəzi Xəstəxanaya göndərsələr də, yolda maşında sancı tutdu. Elə birbaşa Sumqayıt şəhər 3 saylı Xəstəxanasına getdim. Orada 15 gün reanimasiyada, 15 gün də palatada stasionar müalicə aldım. Yenidən Qubaya qayıdandan sonra sənədlərimi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərdim. Təxminən 2018-ci ilin dekabrında cavab gəldi ki, əlavə müalicəyə ehtiyacım olduğu üçün mənə əlillik düşmür. Hazırda ürəyimə əl vurmaq qeyri-mümkündür, stend qoyulub. Həkimlər bildirir ki, açıq əməliyyat olarsa, ürək partlaya bilər. Onlar bunu təsvir edəndə deyirlər ki, soğan qabığı kimi nazik ürəyin var”.

Şikayətçi pandemiyadan əvvəl hər 6 aydan bir Bakıya müayinə üçün gəlib. Elmi-Tədqiqat Kardiologiya İnstitutundan aldığı epikrizdə (xəstəliklə bağlı yekun qərar) onun ürək atım fraksiyası 30 göstərilib. İndi isə 25-ə düşüb. Burada çalışan həkim bildirib ki, Fərhad Osmanova vəziyyətinə görə əlillik dərəcəsi təyin edilməlidir.

"2019-cu ilin iyulunda yenə Bakıdan imtina kağızı gəldi. Kağızın üstündəki nömrəni yığanda bildirdilər ki, Quba Rayon Mərkəzi Xəstəxanası diaqnozu düzgün göstərməyib. Mən ekspertizaya müraciət etdim. Quba Rayon Tibbi Ekspertizasının həkimi dedi ki, gərək pul verəsiniz. Şikayət edəcəyimi bildirəndə məni təhqir etdi. Açıq-aydın qorxmadığını dilə gətirdi. Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin yanına getdim, məni qəbul etmədi. Sonra Quba Rayon İcra Hakimiyyətinin təşkil etdiyi komissiyada oldum. Faydası olmadığı üçün yenidən icra hakimiyyəti başçısına məktub yazdım. Məni çağırdılar. Orada eşitdiyim cümlələri deyirəm: "Biz sənin kimilərin şikayətinə baxmırıq”, "xoşuna gəlmir, get prokurorluğa, yolu göstərə bilərəm sənə”.

Fərhad Osmanov 2019-cu ildə o vaxtkı səhiyyə naziri Oqtay Şirəliyevlə də görüşüb.

Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi nazirə xəstənin hazırda qeydiyyatda olduğunu, həkim nəzarəti altında müalicə aldığını söyləyib. Səhiyyə naziri bildirib ki, vətəndaşa kömək ediləcək. Amma elə vədlər də həmin görüşdə qalıb.

Hələ ötən il Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Meydan TV-nnin sorğusuna cavab olaraq bildirmişdi ki, Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilən forma 88 ekspertiza komissiyasına göndərilən zaman diaqnoz və onun ağırlaşmaları əsaslandırılmayıb, kardioloq rəyi yazılmayıb, digər müvafiq müayinələr aparılmayıb:

"Belə ki, xəstənin əsas diaqnostik müayinələrindən yalnız elektrokardioqramma qeyd edilib, digər vacib müayinələrdən olan exokardioqramma heç mövcud deyil”.

Fərhad Osmanov isə deyir ki, tələb olunan sənədlər təkrar komissiyaya təqdim edilsə də, heç bir nəticəsi olmayıb.

"İki gün əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 saylı çağrı mərkəzinə zəng etmişəm. Məlum olub ki, sənədlərim yenə düz getməyib, yenə də köhnə hadisələr təkrarlanıb. Quba Rayon Xəstəxanasındakı həkim bu dəfə də dedi ki, sən əlillik ala bilməyəcəksən, başqalarının dedikləri boş cəfəngiyyatdır. Vahid Əhmədova zəng etdim, köməkçisi götürdü. "Biz də baş açmırıq, bu, nə söhbətdir” deyib telefonu üzümə qapatdı”.

"Mənə elə gəlir Quba Rayon Xəstəxanasının rəhbərliyinin arxasında elə böyük rüşvətxor durub ki, Azərbaycanda onun üzərinə gedə bilən yoxdur. İnzibati Məhkəməyə müraciət etmişəm. Adını çəkən kimi dedilər ki, biz Quba Rayon Xəstəxanasına baxa bilmərik. Prokurorluq deyir ki, biz o işə qarışa bilmərik. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən deyirlər ki, biz Quba Rayon Xəstəxanasına söz deyə bilmərik”, – şikayətçi deyir.

Fərhad Osmanovun sözlərinə görə, Prezident İlham Əliyevə də şikayət ünvanlayıb. Şikayəti Quba Rayon İcra Hakimiyyətinə yönləndirilib: "İcra hakimiyyətindən məktub göndərilib ki, bizə şikayətiniz daxil olub. Amma bugünkü gün prezidentin sözünü vecinə alan, heç baxan da yoxdu. Həkimin mənimlə rəftarından Daxili İşlər Nazirliyinə də şikayət etmişəm, mənə kod göndərilib ki, şikayətim bu kodla qeydiyyata alınıb. Dekabr ayında göndərilib. 4 ay keçib, bugünə qədər bir xəbər-ətər yoxdur”.

Meydan TV Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məsələyə münasibət öyrənə bilməyib.

Quba Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, məsələ araşdırılacaq.

Deputat Vahid Əhmədov isə Meydan TV-yə deyib ki, məsələ diqqətindədir və vətəndaşa kömək etməyə çalışır.




Paylaş:


Müəllif : Tarix:
17-03-2022, 09:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər