reklam
Regionxeberlericom.az » Sosial » “Bir məmuru tənqid etmək və adını çəkmək... təhlükəlidir” - deputatdan ilginc açıqlamalar

reklam

“Bir məmuru tənqid etmək və adını çəkmək... təhlükəlidir” - deputatdan ilginc açıqlamalar


Deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Musavat.com-a geniş müsahibə verib. Deputat-məmur münasibətləri, parlamentdəki boş yerlərin taleyi, Rusiya-Ukrayna müharibəsi, Qarabağda baş verənlər və sair aktual məsələlərlə söhbətimizi dəyərli oxucularımıza təqdim edirik:

- Razi bəy, parlamentin ötən iclaslarında yenə də deputatlar məmurlardan şikayətləndilər. Sizcə, bu şikayətlərə niyə son verilmir? Təkcə nazirlərdirmi günahkar, bəlkə büdcə müzakirələrində və hökumətin hesabatında Milli Məclisin təmsilçisi olmaqdan çox, hökumət təmsilçisi kimi mövqe sərgiləməyin məntiqi nəticəsidir, parlamentarlara biganəliyin səbəbi. Razılaşırsınız?

- Birincisi, deputatların məmurlardan şikayətlənməsinin səbəbi seçiciləri qarşısında daşıdıqları məsuliyyətdir. Əgər seçicinin problemini həll edə bilmirsənsə, çox pis vəziyyətdə qalmalı olursan. Heç olmazsa, ayda bir neçə nəfərin problemini həll edə bilməlisən ki, sabah da deputat seçkilərində iştirak etməyə üzün gəlsin. Deputatın isə problemi həll etmək üçün nə birbaşa səlahiyyəti, nə də büdcəsi var. Hər ikisi üçün məmurun qapısını döyməlisən. Məmur da kömək etməyəndə, məcbur olub məsələni ictimailəşdirməli olursan.

Açığını deyim ki, bir məmuru tənqid etmək və adını çəkərək tribunadan səsləndirmək həm mənəvi cəhətdən, həm də digər səbəblərdən təhlükəlidir. Bu həmin məmurun vəzifəsini itirməklə nəticələnə, səni də ömür boyu vicdan əzabı ilə yaşamağa məcbur edər. Lakin elə məsələlər var ki, güzəşt etmək olmur. Qeyd edim ki, parlamentdə səsləndirilən çıxışlar ehtiyatla və çox dəqiqliklə lazimi kabinetlərdə dəyərləndirilir və həmin an olmasa da tənqid olunan ciddi cəzalandırılır və ya yaxud vəzifədən alınır.

Təbii ki, deputatalar da toxunulmaz şəxs deyil və hər bir kəs gərək hərəkətinə və danışığına görə həm dövlətçilik, həm də seçiciləri qarşısında məsuliyyət danşısın. Bəzən hökumətin hesabatlarında elə çıxışlar eşidirsən ki, az qalırsan ki, qulaqlarını tutasan. Tərifin də çərçivəsi var, aşırı və məqsədli tərif pis haldır. Elə təriflər eşidirsən ki, heç cənab Baş nazirin özü öz hesabatına o qədər müsbət yanaşmır, çatışmazlıqlar və problemlər haqqında da danışır. Cənab baş nazirin bu xüsusiyyətini bəyənirəm. Parlament tərif demək, ört-basdır etmək və məqsədli çıxışlar üçün bir məkan ola bilməz.

- Plenar iclaslarda bir qayda olaraq problemlərdən bəhs edirsiniz, çağırışlarınız olur. Səsiniz eşidilirmi, problemlərin həllinə nail ola bilirsinizmi?

- Əlbəttə, problemlərin həllinə nail ola bilirik. Dövlət orqanlarının köməkliyi ilə həll etdiyimiz problemlərin sayını köməkçim daha dəqiq deyə bilər, amma sayı mindən çoxdur. Iş adamlarının köməkliyi ilə də onlarla problemlər həll edilib. Əlavə olaraq deyim ki, yüzlərlə kollektivi olan müəssisələrin də prolemlərini həll edə bilmişik. Müvafiq dövlət orqanının dəstəyi ilə yüz nəfərdən çox insana əlil arabaları verilib, yüzlərlə vətəndaşın pensiyasının bərpa edilməsinə vəsilə olmuşuq, onlarla xəstəni cərrahi əməliyyat etdirib ölümün pəncəsindən qurtarmışıq.

Çox məsələləri ictimailəşdirmirik, paylaşmırıq, çünki, o zaman gələn şikayətlərin və müraciətlərin önündə dayanmaq mümkün olmur. Qeyd edim ki, onlarla müharibə iştirakçısına medal verilməsinə kömək edə bilmişik, onlarla əlili bərpa mərkəzlərinə yerləşdirmişik. Bütün bunları dövlət orqanları ilə əməkdşalıq olmadan etmək olmazdı.

Açığını deyim ki, müraciətlərimizə münasibətdən narazı deyilik. Narazı olduğumuz məqamlar da çoxdur, amma bunları da yoluna qoymağa çalışırıq. Əgər alınmasa, o zaman bizdən inciməsinlər, biz xalqın istəyini və problemini deməliyik və nəticə də olmalıdır. Olmayacaqsa, bizim də reaksiyamız adekvat olacaq. Başqa yolumuz da yoxdur axı...

- Son təyinatdan sonra Milli Məclisdə boş yerlərin sayı 7-yə çatdı. Necə hesab edirsiniz, üst-üstə 300 minədək seçicinin deputatsız qalması normaldırmı?

- Boş qalan yerlərə seçkilərin keçirilməməsi məni çox məyus edir. Rəhbərlik etdiyim Milli Cəbhə Partiyası 3 dəfə seçkinin keçirilməsi ilə bağlı münasibətini ortaya qoyub. Mənim də deputatı olduğum İmişlidə bir deputat yeri boşdur. Bilirsiniz oradan nə qədər müraciət alıram? Ümumilikdə 100 min seçici var üzərimdə. Bütün Azərbaycan üzrə 300 min seçicinin hüquqları pozulur, onlar muraciət etməyə ünvan tapmırlar. Mən boş qalan yerlərə seçkilərin keçirilməsini istəyirəm və rəhbərlik etdiyim partiya da bu mövqeyi dəstəkləyir.

- Bu arada növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruriliyindən də danışılır. Siz bu ehtimalı real sayırsınızmı?

- Nə bilim, vallah... Hazırda birbaşa qərarla yeni parlament seckisinin keçirilməsində zərurət yoxdur. Niyə durduğumuz yerdə yeni seçki keçirək? Bu, o zaman mümkün olar ki, referendum olsun, idarəçilik qaydası dəyişsin və yaxud hansısa digər bir təxirəsalınmaz məsələ ortaya çıxsın. Yeni parlament seçkisi keçiriləndə nə dəyişəcək? Düzdür, o qədər çağırışlar var ki. Lakin səbəbi məlum deyil. Xalq deyir ki, bu deputatlar xalqın gözləntisini doğrultmadı. Təzə seçki olanda başqaları gəlib nə edəcək ki? Danışmaq asandır, nəsə etmək çətindir. Qışqır-bağır salmaqla nəyəsə nail olmaq mümkün deyil. Gərək həm əməkdaşlıq edəsən, həm dostluq yaradasan, həm də dəyişikliklər üçün səylər edəsən. Yoxsa, otur qışqır-bağır və de ki, hamı pisdir, mən yaxşıyam, mən olsaydım, indi başqa cür olacaqdı. Mən gördüyüm işlərin kiçik bir hissəsini sadaladım, bəziləri heç onu da edə bilməz. Çünki, gərək insanı qəbul da etsinlər, onu dinləsinlər, ona qapı açsınlar. Hər müxalifətlə də oturub dövlət işlərini müzakirə etməyə hər kəsdə həvəs yoxdu. Bunun üçün də siyasi və mənəvi çəkin gərək üstn olsun.

- Razi bəy, Rusiya-Ukrayna müharibəsi getdikcə şiddətlənir. Siz bu savaşın sonunu necə görürsünüz? Bir çoxlarının iddia etdiyi kimi, nüvə müharibəsi baş verəcək, Rusiya Ukraynaya hakim ola biləcək, yoxsa özü parçalanacaq?

- Rusiya böyük dövlətdir. Nə qədər yazsalar da ki, resursları, silahları bitir, doğru deyil. Qurtaracaq, yenisini istehsal edəcək. Əsgər resursu da çoxdur. Sadəcə, çökməmək üçün Rusiya müəyyən zamanda dayanıb, itkilərini saymalı olacaq. Amma, müharibədən tam qələbə ilə çıxması üçün bütün Ukraynanı işğal edib, öz adamını orada oturtmalıdır. Görünür ki, əvvəlcədən düzgün kəşfiyyat məlumatlarına malik ola bilməyib və Ukrayna xalqının müqavimətini dəyənləndirməkə yanlışlığa yol verib. Ukraynanaı az qala bütün dünya silahlandırır ki, Rusiyanı zəif salsınlar və təbii ki, müharibə uzandıqca Rusiyada inqilab təhlükəsi ola bilər.

Amma, parçalanma hələ tezdir. Bu, baş verəcək, amma, on il müddətində. Məqsəd də budur ki, Rusiyada inqilabi mühit yetişsin və yetişməkdədir. Cənab Putin bunun bilir və çalışacaq ki, müharibəni tez dayandırsın. Dayandıracaq və məqsədinə nail olduğunu deyəcək. Lakin, bütün dünya bilir ki, Ukraynanı tam işğal etsə belə, bu qələbə sayıla bilməz. Sanksiyalar Rusiyanı çökdürür və çökdürməkdə davam edəcək.

- Rəsmi Bakı növbəti dəfə Qarabağdakı silahlı quldurların çıxarılması tələbini irəli sürüb, ancaq Ermənistan və Qarabağ separatçıları bu tələbə əməl etmək niyyətində deyil. Sizcə, hansı addımlar atılmalıdır, Şuşa Bəyannaməsi işə salınmalı, antiterror əməliyyatlarına başladılmalıdır, yoxsa…

- Gördüyüm budur ki, ordumuz bununla bağlı nələrsə etmək istəyir. Amma, gərək doğru zamanı seçək ki, ölkəmizin üzərinə basqı gətirməyək. Çətin bir dövrdə yaşayırırq və onun üçün də səhv etmək olmaz. Əminəm ki, doğru məqam yetişən zaman bir də görəcəyik ki, artıq verdiyiniz sualdan doğan hərəkətlər yerinə yetirilir. Orada yaşayan ermənilərin ipə-sapa yatması üçün addımlar atılır və onlar başa düşəcəklər ki, seperatçılıq hərəkətləri ilə orada yaşamaq onlara haram olacaq. Ya çıxəb gedəcəklər, ya da bizi qəbul edib yaşayacaqlar. Onların probleməri artan xətt üzrə gedəcəkə və bunun üçün də biz əlimizdən gələni edəcəyik. Öz torpağımızda separatçılara və düşmən ölkənin əsgərlərinin ayaq səsini eşitməyə inanın ki, heç birimizin səbri qalmayıb.

- Rusiya-Ukrayna müharibəsi, Qərb-Rusiya qarşıdurması fonunda ölkəmizin qlobal təsirlərdən qorunması, maksimum az zərər çəkməsi üçün hansı addımların atılmasının zəruriliyini düşünürsünüz?

- Quru sərhədlərini tam açmalı və nəzarəti gücləndirməliyik. İndi Rusiyadan, Belarusdan, Ukraynadan, hətta orta Asiya ölkələrindən belə, getmək istəyənlər var. Mütəxəssisləri, ekspertləri, şirkətləri, xüsusən informasiya texnologiyaları, start-up-lar sahəsində çalışanları ölkəyə dəvət etməli və yüksək şərait yaratmalıyıq. Onsuz da çıxıb gedəcək və başqa ölkələrə xeyir verəcəklər. Onlar üçün ucuz kirayə, pulsuz ofis, yatırım etmək üçün sıfır vergi tətbiq etməliyik ki, bu böyük resurs əlimizdən çıxmasın. Qoy burada işləsinlər və Azərbaycna onlar üçün dünyaya açılan pəncərə ola bilər. Bu şansı qaçırsaq, xeyrimizə olmaz. İndi bütün ölkələr qaçan mütəxəssislər üçün hüqiqi mənada “ov” elan edib.

Siyasi və geopolitik sahədə isə hazırda Prezident İlham Əliyevn apardığı siyasəti həqiqətən doğru hesab edirəm və bu şəkildə getməsi elə bizi zərərlərdən qoruya biləcək. Azərbaycan doğru addım atır ki, balansı gözləyir. Yoxsa, Milli Şura kimi? Ayıbdır e, vallah! Ukraynaya dəstək mitinqi keçirib dövlətimizi biabır etmək istəyir. Əgər onlar səmimi mitinq keçirib, orada dövləti hədəfə almasalar, hökumət Ukraynanı satdı, nə bilim, Ukrayna xalqına xəyanət etdi kimi, fikrirlər səsləndirməsələr, normaldır. Amma, onlar hər gün bu sahədə dövləti hədəf aldığına görə, bu, yolverilməzdir. Azərbaycan Ukrayanaya heç kimin etmədiyi köməkliyi edir və Ukrayna da bunu qiymətləndirir. Biz niyə timsahın boğazına əlimizi salmalıyıq? Əgər onlar hakimiyyətə gəlib belə siyasət aparmaq istəyirlərsə, bilsinlər ki, nəinki hakimiyyətə gələ, heç onun kəndarına da yaxınlaşa bilməzlər, necə ki, 30 ildir yaxınlaşa bilmirlər.




Paylaş:


Müəllif : Tarix:
26-03-2022, 15:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər