reklam
Regionxeberlericom.az » Sosial » Falçı 21 yaşlı qadının 3 minlik qızılını əlindən alıb - GİLEY

reklam

Falçı 21 yaşlı qadının 3 minlik qızılını əlindən alıb - GİLEY

Bakıda falçı 21 yaşlı xanımdan cadu təmizləmək adı ilə 3000 manat dəyərindəki qızıllarını götürüb və geri qaytarmayıb. Bu barədə Cebhe.info-nun redaksiyasına şikayət daxil olub. 60 yaşlı Şükürov Ağababa Şükür oğlu gəlini Babayeva Gülyanağın qızıllarının falçı tərəfindən fırıldaqçılıq yolu ilə ələ keçirildiyini iddia edib:

“Gəlinim internetdə tanımadığı bir falçı ilə yazışıb. Falçı qadın onların guya lənətləndiyini bildirib və qızıllardakı lənəti təmizləmək adı ilə gəlinimdən 3000 manat dəyərindəki qızıllarını istəyib. O, gəlinimi qızıllarda cadu olduğuna inandırıb. Gəlinin də 21 yaşı var, aldanıb, qızılları ona verib. Bu hadisə ötən ilin 18-20 dekabr tarixlərində baş verib. Lakin gəlinim və oğlum çəkindiyi üçün bunu evdə heç kimə deməyib. Evdə işin üstü isə yanvar ayında açılıb. Yəni evdə pul lazım olduğu üçün hadisəni öyrəndik. Amma o vaxta qədər qarşı tərəf hər gün zəng edərək, qızılları qaytaracağını deyib. Ümumiyyətlə, biz falçının adını bilmirik, sadəcə arada vasitəçi olan oğlan var. O isə adını gah Renat, gah Ruslan və ya Rahib kimi bizə təqdim edib. Hətta bu şəxs 1 ay sonra qızılları lombarddan çıxarmaq bəhanəsi ilə oğlumdan daha 250 manat pul alıb. Deyib ki, qızıllar lombarddadır və oradan çıxartmaq üçün pul lazımdır”.

Şikayətçi hadisəni öyrəndikdən sonra polisə müraciət etdiyini bildirib:

“Yanvar ayında Nəsimi rayon Polis İdarəsinə müraciət etdik. Burada işə Nicat Sadıqov baxdı. Təxminən iş 1 ay orada qaldıqdan sonra 23 fevral tarixində Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə göndərildi. Nəsimi rayon Polis İdarəsindən bizə dedilər ki, hadisə Yasamal rayonunda baş verdiyi üçün ora şikayət etməlisiniz. 27-ci Polis Bölməsində isə işə təhqiqatçı Tahir Əzizov baxır. Oradan vasitəçi olan oğlanın Binəqədi rayonunda yaşadığını bildirdilər. Mənə qaranlıq qalan məsələ odur ki, artıq 4-cü aydır Binəqədi rayonunda olan adam tapılıb dindirilməyib. Bir fırıldaqçını üzə çıxarmaq nə boyda çətin iş ola bilər? Hətta polislər deyir ki, gəlinin qızıllarını özü könüllü şəkildə falçıya verib. Axı insan necə könüllü şəkildə yoldan keçənə qızıllarını verə bilər? Gəlinim 21 yaşlı uşaqdır deyə asanlıqla aldadıblar. Bizi qoruyanlar onların dəyirmanına su tökür? Bəlkə də, mən səhv edirəm, amma iki rayonun polisi bir fırıldaqçını 4 aydır tuta bilmir”.

Ağababa Şükürov qarşı tərəfin zəng edərək, onları hədələdiyini deyib:

“Ümumiyyətlə, Rahib adlı oğlanın falçının nəyi olduğunu bilmirik. Səhv etmirəmsə, onun sürücüsüdür. Amma həmin oğlan son zamanlar bizə qarşı qarayaxmağa və şər atmağa başlayıb. Mən özüm gündə 17 saat fəhlə işləyirəm. Amma belələri şirin dili ilə insanları aldadırlar. Onun istifadə etdiyi sözləri demək bizim mədəniyyətimizə və adət-ənənəmizə uyğun deyil. Onu da deyim ki, gəlinimlə yazışmanı aparan şəxsin də heç kişi və ya qadın olduğunu da bilmirik. Ancaq biz oğlanla danışmışıq və o, təhriqramiz söhbətlər edib. Hətta dəfələrlə ona dedim ki, gəl söhbət edək. Mən dəyişmiş ziyanın ödənilməsini və ailəmin içinə girən həmin şəxslə görüşmək istəyirəm”.

Məsələ ilə bağlı Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsindən təhqiqatçı Tahir Əzizov ilə əlaqə saxladıq. O, Ağababa Şükürovun şikayəti ilə bağlı iş getdiyini dedi:

“Bununla bağlı araşdırmalar gedir. Həmin şəxsin şəxsiyyəti müəyyən olunub və onun barəsində axtarış tədbirləri davam etdirilir”.

Şikayətdə adıçəkilən Rahib adlı şəxslə əlaqə yaratmağa çalışsaq da, dəfələrlə etdiyimiz zənglərə cavab verilmədi.

“Getcontact” adlı axtarış sistemində həmin şəxslə bağlı müxtəlif, heç də xoş olmayan “tag”lara da rast gəldik.

Şikayətlə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.






Paylaş:


Müəllif : Tarix:
6-04-2022, 13:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər