reklam
Regionxeberlericom.az » Sosial » Kərpic zavodunda fəhlə ilə müdir arasında dava - TƏFƏRRÜAT

reklam

Kərpic zavodunda fəhlə ilə müdir arasında dava - TƏFƏRRÜAT

 

Yevlax rayonunda 1987-ci il təvəllüdlü Fəqan şəxsi münasibət zəminində Nəsibə xəsarət yetirib. Regionxeerleri.com demokrat.az-a istinadən xəbər verir ki, Fəqan 29 iyul 2021-ci ildə, saat 10 radələrində işlədiyi Yevlax rayonunun Gülövşə kəndi ərazisində yerləşən kərpic istehsalat zavodunun ərazisində icraçı direktoru vəzifəsində işləyən Şəmisəddin ilə əsassız olaraq mübahisə edib. Onu fəhlə işindən azad edərək zavoda briqadir vəzifəsinə təyin etməsini tələb edib.

Bu zaman Şəmisəddin Fəqanın bu əsassız tələbinin mümkün olmadığını bildirib. Fəqan heç bir əsaslı səbəb olmadan MMC-nin inzibati binasının yaxınlığında orada olan digər şəxslərin yanında Şəmisəddin ilə mübahisəsini uca səslə davam etdirib.

Həmin vaxtı ora yaxınlaşaraq onu nizam intizama riayət etməyə və müəssisəsinin iş qaydalarını pozmamağa dəvət edən mühafizə rəisi vəzifəsində işləyən Nəsibi uca səslə nalayiq ifadələr işlədib. Onun boğaz nahiyəsindən əlləri ilə tutaraq sıxıb, daha sonra yumruqla sinəsindən üç dəfə vurub.

İstintaq orqanı tərəfindən Fəqanın barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fəqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Yevlax rayon Gülövşə kəndində ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir: “2002-ci ildən 30 iyul 2021-ci ilədək Yevlax rayonu, Gülövşə kəndində yerləşən MMC-də işləmişəm. İyulun 22-dək həmin MMC-də briqadr işləmişəm. Lakin iyulun 22-də MMC-nin direktoru Şəmisəddin məni briqadirlikdən çıxartdığı üçün MMC-də fəhlə kimi işləməyə davam etdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyulun 29-da, səhər saat 10 radələrində istehsalat sahəsində işləyən zaman Şəmisəddin onun işlədiyi yerə gəlib və ona gün ərzində 60 araba daşımalı olduğunu deyib: “Lakin Şəmisəddin ilə razılaşmadım. Ona 48 araba daşıya biləcəyimi dedim. Bu səbəbdən Şəmisəddin məni, qardaşım Kənanı, atam Dağları və anam Sevdanı işdən çıxardacağını dedi. Bu səbəbdən aramızda sözlü mübahisə yarandı”.

Fəqan deyib ki, bundan sonra həmin yerə polis əməkdaşları gəlib və onları polis şöbəsinə dəvət ediblər: “Buna görə də biz polis şöbəsinə gələrək izahat verdik”.

Fəqan deyib ki, əvvəllər Şəmisəddin və zərərçəkmiş Nəsib ilə onun arasında münaqişə olmayıb: “Onlarla münasibətlərimiz yaxşı olub. Mənim Şəmisəddin ilə aramda sözlü mübahisə olub, 10-15 dəqiqə davam edib. Dava-dalaş baş verməyib. Həmin yer istehsalat sahəsi olduğu üçün orda çoxlu adam işlədiyindən mübahisəni eşidən hər kəs ora toplaşıb. Mübahisə zamanı Nəsibi sinəsindən itələmişəm, lakin onu vurmamışam”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nəsibin sözlərinə görə, iyulun 29-da, səhər saat 10 radələrində MMC-də işləyən Fəqan, onun qardaşı Kənan müdir Şəmisəddin ilə mübahisə ediblər: “Onlar getdikcə aqressivləşərək müdirin ünvanına nalayiq ifadələr işlətdilər və xəsarət yetirməklə hədələdilər. Onları sakitləşdirmək, aralaşdırmaq və müdiri otağına aparmaq məqsədi ilə aralarına girdim. Bu zaman Fəqan anidən, səbəbsiz olaraq ünvanıma təhqiredici sözlər işlətdi. Mənə tərəf gələrək boğazımdan tutdu, sonra əli ilə sinəmə üç dəfə yumruqla vurdu. Bu zaman orda olan digər işçilər Fəqanı məndən aralaşdırdılar. Buna baxmayaraq Fəqan sakitləşmək bilmədən üstümə hücum etdi. Dedi ki, mənə mane olsan, səni yenə vuracam”.

Nəsib ifadəsinin sonunda qeyd edib ki, Fəqana qarşı şikayəti yoxdur.

Fəqan aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla, 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.




Paylaş:


Müəllif : Tarix:
22-04-2022, 09:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər