reklam
Regionxeberlericom.az » Sosial » AMEA yenə qalmaqal yerinə çevrilir: - “Məqsəd pul qoparmaqdır”

reklam

AMEA yenə qalmaqal yerinə çevrilir: - “Məqsəd pul qoparmaqdır”


Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.

Yığıncaqda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli təkliflə çıxış edib: "Hesab edirəm ki, AMEA-da Tədqiqat Universiteti yaradılmalıdır".

O bildirib ki, bu universitetin yaradılması elm və təhsilin inteqrasiyası baxımından əhəmiyyətli ola bilər. Qeyd edək ki, son dövrlər AMEA-nın fəaliyyəti ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır. Ümumilikdə isə AMEA bir elm ocağı kimi fəaliyyətsizlikdə günahlandırılır. Son dövrlərdə heç bir elmi nailiyyətə nail olmadığı bildirilir. Belə olduğu təqdirdə AMEA-da Tədqiqat Universiteti yaradılması ilə bağlı yeni təklif Akademiyanın fəaliyyətində dönüş yaradacaqmı? AMEA Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov Cebhe.info-ya bildirib ki, İsa Həbibbəylinin bu ifadəsi çox təəccüb doğurur:

“Necə yəni Tədqiqat Universiteti yaradılmalıdır? Hazırda AMEA-da dünyanın bir çox ölkələrində olduğu kimi tədqiqat institutları mövcuddur. Adının dəyişilməsi ilə bağlı təkliflər tamamilə mənasızdır. Bu problemin üstünə getməkdən irəli gəlmir. Yəni problemi həll etmək yolu deyil. Sadəcə manipulyasiyadır. Mən qətiyyən bu fikri qəbul eləmirəm. Hazırda tədqiqat institutları var. Məsələ odur ki, biz orda tədqiqat aparırıqmı, yoxsa saxtakarlıqla, gözə kül üfürməklə, saxta təqdimatlarla, reklamlarla məşğul oluruq? Adını dəyişib universitet, institut, ali məktəb qoysaq, onların heç bir mənası olmayacaq. Əsas məsələ odur ki, problemin kökünü görmək, səbəbini aradan qaldırmaq lazımdır. Tədqiqat universitetinin, elm və təhsilin inteqrasiyasına gəldikdə isə AMEA-nı universitetlə əvəz etmək başqa bir mövzudur. Yəni universitet yaradılsın, orada şərait qurulsun”.

Həmsöhbətimiz bildirib ki, bu gün AMEA-da İ.Həbibbəylinin dediyi, müəyyən qədər həyata keçirdiyi elm və təhsilin inteqrasiyası kimi guya magistrlar qəbul edirlər:

“AMEA-ya 5-7 ildir ki, magistr qəbulu aparılır. Ancaq orada magistr hazırlanması üçün heç bir şərait yoxdur. Bu, formal xarakter daşıyır və dövlət büdcəsinə tuşlanmış növbəti bi qoldur, məqsəd pul qoparmaqdır. İndi yığıncaqda da deyirlər ki, ancaq dövlətdən vəsait qoparaq, bizə pul ayırsın, filan işləri görək. Ancaq orada səbəb aradan qaldırılmadığı üçün heç bir real işdən söhbət gedə bilməz. Səbəb isə orada vaxtilə milyonların talanması, ayrılan qrantların yeyilməsidir. İsa Həbibbəylidən soruşmaq lazımdır ki, ayrılan milyonlar, qrantlar necə olub, hara gedib? Onların müqabilində elmi-tədqiqat institutlarında hansı işləri görmüsünüz? İndi təklif edirsiz ki, Tədqiqat Universiteti yaradılsın. Bunlar hamısı manipulyasiyadır. Elmimiz, gələcəyimiz üçün heç bir əhəmiyyəti yoxdur. AMEA çoxdan öz fəaliyyətini itirib, formal xarakter daşıyır. O, tamamilə təzələnməli, dəyişilməlidir. Başqa bir yerdə, universitet nəzdində elmi-tədqiqat mərkəzləri yaradıla, ortaya real iş qoyula bilər. Sual oluna bilər ki, orda ortaya çıxan və dövlət vəsaiti hesabına çap olunan saxta əsərlərin müəlliflərinə hansı tədbirləri gördünüz? Əksinə mükafatlandırdınız. Bununla elm inkişaf edə bilməz. Yalanlarla heç nə olmaz. AMEA-nın real fəaliyyəti Azərbaycanda yeridilən dövlət siyasəti ilə uyğun deyil. Dövlətin keçirdiyi islahatlarla, qarşıya qoyduğu məqsədlərlə uzlaşmır. Daha çox şəxsi maraq güdür”.

İ.Abbasov deyib ki, iclasda akademik R. Əliquliyevin təqdim etdiyi təkliflər paketində bəzi reallıqlar öz əksini tapıb:

“Ancaq hansı şəraitdə onları yerinə yetirmək olar? İlk növbədə mövcud səbəbi aradan qaldırmaq lazımdır. Yəni bu, xərçəng xəstəliyinə bənzəyir. Çünki xərçəng xəstəliyinə dərmanlar verirərək daha da hüceyrələri inkişaf etdirirlər. Əslində onun kökünü kəsmək lazımdır. Dərman verməklə də əksinə, xroniki hala keçirirlər.

AMEA da artıq xroniki xəstəliyə tutulub.

Burada heç bir töhmət yoxdur. Dövlət mülkiyyətini “yeyibsiz”, ayrılan qrantları göyə sovurubsuz, dövlətin elmin inkişafı üçün ayırdığı vəsaiti məhv edibsiniz. İndi hansı inkişafdan danışa bilərsən? Biri bu işi görür, talayır, ona heç nə etmirlər. Ondan sonra gələn deyir ki, ona nə etdilər ki, mənə də nə etsinlər. O da 1-2 milyonu sovurdu, heç nə etmədilər, sadəcə vəzifəsini dəyişdilər, yaxud istirahətə getdi. Bu da başlayır eyni ənənəni davam etdirməyə. Reallıq odur ki, dövlət qurumu var, müəyyən şərait var, vəsait də ayrılmışdı. Sual olunur ki, niyə bir iş görməmisiniz? Bundan sonra hansı əsasla, mənəvi haqla təkliflər verirsiniz? Bu, tamamilə absurddur. Mövcud problemlər aradan qaldırılmalı, sonra təkliflər verilməlidir. Deməlidirlər ki, dövlət vəsaitini talayanları cəzalandırdıq, ən azından töhmət verdik, yaxud işindən azad edin. Yoxsa üstünü malalamaqla AMEA-nı canlandırmaq mümkün deyil. Bugünkü mövcud heyətlə heç mümkün deyil. Beləcə təkliflər verəcək, 3-4 vəzifə tutacaqlar. İsa Həbibəylinin özü neçə vəzifə tutub? Desin ki, vəzifənin birindən ölkə naminə, vətən övladları naminə imtina edirəm, yazıqdırlar, qoy onlar da yaşasın. Təsəvvür edin gənc və orta yaşlı ailələr acından dilənirlər. Bunlar onu düşünmürlər, təklif verirlər. Çox gülməli, həm də ağlamalıdır. Bunlar hamısı gözə kül üfürməkdir. AMEA-da bunların fəaliyyəti, əməlləri, verdiyi təkliflərlə heç nə inkişaf edə bilməz”.




Paylaş:


Müəllif : Tarix:
28-04-2022, 15:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər