reklam
Regionxeberlericom.az » Sosial » Müdafiə Nazirliyinin məntiqsiz və YANLIŞ ADDIMLARI: - "Hərbi qulluqçulara qarşı haqsızlıqlar baş alıb gedir"

reklam

Müdafiə Nazirliyinin məntiqsiz və YANLIŞ ADDIMLARI: - "Hərbi qulluqçulara qarşı haqsızlıqlar baş alıb gedir"


“Hərbçilərin haqlarının pozulması bu günün yox, daha əvvəldən başlamış prosesin davamıdır”. Bunu veteranlıq problemi, ehtiyatda və istefada olan zabitlərin çıxmaza girən pensiya məsələsi və hərbçilərin ordu sıralarından tərxis olmaq üçün raportlar yazmasını şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, veteranlıq məsələsinin tam həll olmaması çox gülünc görünür, çünki kimin hansı istiqamətdə olduğu ilə bağlı qaranlıq heç nə yoxdur:

“Vətən müharibəsinin üstündən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, veteran statusu ala bilmirlər. Müdafiə Nazirliyi rəsmi açıqlama verir ki, on iki mindən çox şəxsin veteranlıq məsələsi araşdırılır. Bəziləri deyir ki, biri bir gün olub, biri üç gün. Kimin neçə gün olmasının nə dəxli var? Bir günlük ezama gedənlər belə şəhid, əlil ola bilərdi. Bəziləri nəinki bir, bir neçə medal alıb, ancaq veteranlıq verilmir. Soruşmaq lazımdır ki, o şəxslər necə medal alıb, ona veteran statusu verilmir? Bunlar haqlı narazılığa səbəb olub. Bütün qurumlar siyahıları təqdim ediblər və veteran statusu alıblar, Müdafiə Nazirliyində bu problemlər hələ də qalmaqdır.

Bu, əslində, çətin bir məsələ deyil. Bütün hərbi hissələrdə şəxsi heyətin uçot səfərbərlik şöbələri var. Onlar hər biri araşdırılır, gələnlər siyahıya salınır. Əgər hərbi hissə tam şəkildə döyüşdə iştirak edibsə, orada iştirak edənlərin hamısı mütləq formada veteranlıq almalıdır. Fərq etməz, bir gün olub, bir ay olub. Baxmayaraq, atasının pulu ilə Sabuçu Rayon İcra baçısının oğlu yardım etdiyinə görə “Fəxri fərman” alır, ancaq başına nəyin gələcəyini bilmədiyi şəxsin işi araşdırılır.

Bu məsələ qısa zamanda öz həllini tapmalıdır”.

Ehtiyatda və istefada olan zabitlərin çıxmaza girən pensiya məsələsinə gəldikdə isə RövşənMəhərrəmov bunları deyib:

“Hərbçilərin haqlarının pozulması bu gün yox, daha əvvəldən başlamış prosesdir. 44 günlük müharibə qələbə başa çatdıqdan sonra orduya qarşı ciddi şəkildə təzyiqlər başladı. Əvvəlcə döyüş bölgəsində xidmət edən hərbi qulluqçuların ikiqat maaşlarını ləğv etdilər. Qələbədən dərhal sonra bunun olması çox narahatlıq yaratdı. Bir müddət sonra o maaşlar qismən bərpa olundu. Daha sonra ehtiyatda və istefada olan hərbi qulluqçuların pensiyası məsələsi gündəmə gəldi. Əvvəlki qanuna görə, xidmətdə olan hərbi qulluqçuların maaşı qalxırdısa, bunlar pensiyaya təsir edirdi. Ancaq indi bunu pensiya alanlara şamil etməyəcəklər. Bu, kökündən yalnış bir qərardır. Milli Məclisin deputatlarına müraciət olundu, onlarla görüşlər də keçirildi. Ancaq buna baxmayaraq, deputat Musa Quliyev çıxışında yanlış məlumat verərək cəmiyyətdə çaşqınlıq yaratdı. Hərbi xidmət keçmək haqqında qanun var. O zaman bu qanunda da dəyişiklik ediləcək? Hesab edirəm ki, bu, ehtiyatda və istefada olan hərbçilərə qarşı atılmış yanlış addımdır. Ümid edirəm ki, prezident bu qanunu təsdiq etməyəcək. Çünki 100 mindən artıq ehtiyatda və istefada olan hərbçi var. Bunun üzərinə onların ailə üzvlərini də gəlsək, rəqəm çox böyük olur. Bu qədər insanı dövlətdən narazı salmaq doğru addım deyil. Qarabağda hələ müharibə başa çatmayıb. Əgər yenidən müharibə başlasa, ehtiyatda və istefada olanlar hansı həvəslə döyüşə gedəcək? Bunların hamısını düşünmək lazımdır. Vətəni hamımız qorumalıyıq, ancaq ehtiyatda olan hərbçiləri də sevmək lazımdır”.

Hərbçilərin ordudan tərxis olmaq üçün raportlar yazması iddiası ilə bağlı isə hərbi ekspert bunları dilə gətirib:

“Xidmətdə olanlar həm ehtiyatda olanlara, həm də qələbədən sonra onlara qarşı münasibəti görürlər. Hərbi qulluqçulara qarşı haqsızlıqlar baş alıb gedir. Qələbədən sonra döyüşdə iştirak edənlər qiymətləndirilməyib. Təyinatlarda ciddi problemlər var. Müharibəyə çağırılarkən heç kimin keçmişinə baxılmadı. Müharibədə iştirakdan sonra onların keçmişdə ordu sıralarından xaric edilmələri ilə bağlı işləri qaldırıb yenidən tərxis etdilər. Azərbaycana hazırda ən çox mühəndis-istehkamçı lazımdır. Onlarla ehtiyatda olan xidmət etmək üçün can atır, ancaq onları ordu sıralarına qəbul etmirlər. Baş verənlər hamısı xidmət edənlərin gözü qarşısında olur. Ona görə də motivasiya itib. Bütün bu neqativləri aradan qaldırmaq lazımdır. Yoxsa nəticələri ağır ola bilər”.




Paylaş:


Müəllif : Tarix:
20-05-2022, 16:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər