reklam
Regionxeberlericom.az » Sosial » Sərhədləri sadəcə məmurlar müəyyənləşdirə bilərmi - Mütəxəssislərdən ciddi xəbərdarlıq

reklam

Sərhədləri sadəcə məmurlar müəyyənləşdirə bilərmi - Mütəxəssislərdən ciddi xəbərdarlıq


Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb. Baş nazirin müavini Şahin Mustafayev Komissiyanın sədri təyin olunub.

Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini, eləcə də xarici işlər, daxili işlər, ekologiya və təbii sərvətlər, ədliyyə, kənd təsərrüfatı, müdafiə nazirlərinin müavinləri, həmçinin Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini, Dövlət Sərhəd Xidməti və Xarici Kəşfiyyat xidmətləri rəislərinin müavinləri, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC sədrinin müavini, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Komissiyanın üzvləri təyin olunublar.

Dövlət Komissiyasının tərkibinə Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan Rayon İcra hakimiyyətlərinin başçıları da daxil ediliblər. Sərəncama əsasən, Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək tapşırılıb.

İctimaiyyətdə Komissiyanın üzvləri ilə bağlı müxtəlif suallar meydana gəlib. Bir çox iddialara görə, sözügedən qurumun tərkibi təkcə məmurlardan ibarət olmamalı idi. Üzvlər sırasında tarixçilər, topoqraflar, kartoqraflar, bir sözlə, mütəxəssislərin olmaması narahatlığa səbəb olur. Düzdür, mütəxəssislərdən ibarət ekspert qrupunun yaradılması da nəzərdə tutulub, amma həmin mütəxəssislərin üzv kimi səlahiyyət sahibi olmaması müzakirə mövzusudur. Dia.az xəbər verir ki, mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran torpaqşünas, aqrar sahə üzrə fəlsəfə doktoru Ənvər Əliyev maraqlı məqamlara toxunub:

- SSRİ dağılanda Azərbaycanın Gürcüstanla, Rusiya ilə, Ermənistanla sərhəd məsələlərinin həlli üçün yaradılan dövlət komissiyalarında alimlərin, tarixçilərin, kartoqrafların, topoqrafların iştirakının mütləq olduğu qeydi vardı. Hətta onların komissiyanın əsas üzvləri olması mütləq idi. Əlbəttə, məmurların komissiyada olması lazımdır. Lakin mütəxəssislərin iştirakı vacibdir. Komissiya üzvlərinin əksəriyyəti əvvəlki xəritələrdən məlumatsızdırsa, bu sahənin mütəxəssisi deyilsə, o zaman iş çətinə düşür.

Bilirsiniz, ermənilər hələ SSRİ dövründən də əvvəl Tiflisdə xəritələr işləyiblər. Sonrakı dövrdə, SSRİ yaradılanda sərhədlər həmin xəritələr əsasında müəyyənləşdi. Ermənilər vaxtilə çəkdikləri xəritədə yarım santimetr biz tərəfə sürüşdürəndə ərazimizin 5 kilometri şübhə altına düşürdü. Sonradan ermənilər o xəritələr əsasında addım-addım ərazilərimizi münaqişəsiz işğal edirdilər. Deyirdilər ki, "nə olsun ki, burada siz heyvan otarırsınız, xəritədə Ermənistan ərazisidir". Bu, mənim kobud misalımdır. Ona görə də hesab edirəm ki, bu məsələdə mütəxəssis, işdən başı çıxmayan adamları görəvləndirmək olmaz. Bu, bizim üçün ən mühüm məsələdir. İndi sərhədin müəyyənləşməsi ilə bağlı qərarlaşdırılan sənəd min illər davam edəcək bir sənəd olacaq. Bu, uğrunda qanlar tökülmüş, belə deyək ki, qanla yoğrulmuş torpaqların dəqiqləşdirilməsidir. Hüquqi yekunda bir addım belə, güzəşt olmamalıdır.

- Komissiyanın məsləhətləşməsi üçün mütəxəssislərdən ibarət ayrıca bir ekspert qrupu da yaradılır. Bu, işə kömək edəcəkmi?

- Kömək edəcək, amma mütəxəssislər üst qurumda olmalı idilər. Komissiyanın tərkibi dəqiqləşib, Sərəncamı dəyişmək mümkün deyil. Amma mütləq həmin ekspert qrupu ilə Komissiya üzvləri mütəmadi təmasda, məsləhətləşmədə olmalıdırlar. Fikir mübadiləsi mütləqdir. Yəqin ki, ekspert qrupunda xəritəşünaslar, torpaqşünaslar, kartoqraflar, tarixçilər yer alacaqlar. Onlarla Komissiya üzvləri arasında az qala hər gün, hər saat məsləhətləşmə aparılmalıdır. Ən incə detal belə, müzakirə edilməlidir. İndi texnologiyalar inkişaf edib, bizim kosmosda peykimiz var, onun imkanlarından yararlanmaq lazımdır. Bu, ciddi işdir, ölkəmizin taleyi məsələsidir.

Əslində Ermənistanla sərhədlərimiz məlumdur. Mən şəxsən Qazağın işğalda olan 7 kəndinin tam dəqiqliklə yerlərini bilirəm. Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan tərəfdən də sərhədlərimiz məlumdur. İndi ermənilərin mübahisələndirməyə cəhd etdikləri ərazilər var ki, orada mübahisəlik məsələlər yoxdur. Əlimizdə arxiv sənədləri, xəritələr mövcuddur ki, sərhədimizin haradan keçdiyini dəqiq müəyyənləşdirək. Bu sənədlərdən tam mənada istifadə edilməli və heç bir güzəştə yol verilməməlidir.

Bir vətəndaş kimi fikirləşirəm ki, Cümhuriyyət dövründə ərazilərimiz nə qədər idisə, onu tələb etməliyik. Dəqiq desək, 113.9 min kvadrat kilometrlik ərazimizə iddiamızı ortaya qoymalıyıq. Bu, bizim haqqımızdır. SSRİ yarananda bu qədər ərazimiz ermənilərə ruslar tərəfindən pay verildi. Düzdür, indi deyirlər ki, bu, ola bilməz. Amma niyə olmamalıdır?! Tarixi faktlar var ortada. Biz tarixi İrəvan xanlığımızın ərazisini istəmirik ki... Yaxın 100 ilin məsələsini gündəmə gətirmək mümkündür.

- Məlumdur ki, sərhədlərin delimitasiyası üçün SSRİ xəritələrinə istinad olunacaq. SSRİ dövründə isə bir neçə dəfə xəritələr çəkilib. Sizcə, hansı dövrün xəritəsi əsas götürülməlidir?

- Əvvəldə dedim, məndən olsa, 1920-ci ildə ərazilərimiz nə qədər idisə, onu bizə qaytarmalıdırlar. Xalq Cümhuriyyətinin dövlət sərhədləri müəyyən idi, onun əsasında da müəyyənləşdirilsin. Bu, siyasi cəhətdən mümkün deyilsə, o zaman 1920-30-cu illər ərzində çəkilən xəritələrə baxılsın. SSRİ dağılanadək dəfələrlə xəritələr çəkilib ki, hər dəfə də Azərbaycandan ərazilər qoparılıb. SSRİ dövründə altı dəfə ermənilər iddia qaldırıblar, hər dəfə də maneə olmadan ruslar əraziləri ermənilərə bəxşiş ediblər. Bizim o vaxtkı rəhbərlərimiz də susurdular. Elə 1980-ci illərdə Qazaxdan nə qədər ərazi otlaq sahəsi adı ilə ermənilərə verildi. Bunlar hamısı danışıqlarda qaldırılmalıdır.




Paylaş:


Müəllif : Tarix:
25-05-2022, 14:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər