reklam
Regionxeberlericom.az » Sosial » Almaniyada yaşayan jurnalistdən ŞOK AÇIQLAMALAR - "Beş gün qardaşımı..."

reklam

Almaniyada yaşayan jurnalistdən ŞOK AÇIQLAMALAR - "Beş gün qardaşımı..."


Teleqraf.com-un suallarını hazırda Almaniyada yaşayan jurnalist Yeganə Əmiraslanova cavablandırıb.

regionxeberlericom.az DİA.AZ-a istinadən müsahibəni təqdim edir:

- Yeganə xanım, Feysbuk səhifənizdəki video-müraciətlə bağlı daha detallı məlumat verməyinizi istərdik...

- Dünənki canlı video-müraciətimdə vaxt azlığı baxımından hədəfimi aydın şəkildə ifadə edə bilməsəm də, əsas məqamlara toxunduğumu düşünürəm. Problem ondan ibarətdir ki, 2018-ci ilin sentyabrında qardaşım Azər Əmiraslanova qarşı hüquq-mühafizə orqanlarımız tərəfindən qanunsuz əməllər törədilib.

Sentyabrın 13-də şəhərin mərkəzində, daha dəqiq desək, “Teleteatr”ın on addımlığında, şəxsi avtomobilini bacımın iş yerinin qarşısında saxlayan qardaşıma qəfildən 6-7 nəfər hücum çəkib, kobudcasına dövlət nömrə nişanı olmayan maşınla aparıblar.

Mənə olayı xəbər verdikdə dərhal DİN-in 102 xidmətinə zəng vurmağı məsləhət gördüm. Təbii, özüm də dost-tanışları arayıb qardaşımla bağlı nigaranlığımı ifadə etdim. Bütün cəhdlərimizə rəğmən 5 gün ərzində heç bir rəsmi qurumdan cavab ala bilmədik. Nəhayət, öyrənə bildik ki, Nəsimi rayon məhkəməsinin hakimi Elman İsayev 17 sentyabr 2018-ci il tarixdə artıq Kürdəxanı təcridxanasında olan qardaşımın iştirakı təmin edilmədən haqqında həbs qəti-imkan tədbiri seçilməsi barədə qərar verib.

Qərarda qeyd olunub ki: “...Əmiraslanov Azər Səftər oğlu 13 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2 maddəsi ilə təqsirləndirilmiş şəxs qismində cəlb edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin axtarışda olması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 447.3.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir”.

Qərardan verdiyimiz appelyasiya şikayəti təmin olunmadı. Yuxarı instansiya məhkəməsi qardaşımın qərarda qeyd olunan tarixdən həbs olunduğu tarixə kimi ölkədən çıxmadığını sübut edən tibbi sənədlərə, cərimə qəbzlərinə, video-görüntülərə məhəl qoymadı.

Beləliklə, ailəlikcə üç ay boyunca qardaşımla heç bir əlaqə yarada bilmədik.

Təsəvvür edin ki, Almaniyada müvəqqəti yaşayış izni ilə oturum əldə etmiş Firudin Dugi adlı bir nəfərin məktub vasitəsilə etdiyi “müraciəti”, daha doğrusu, sifarişi ilə qardaşımı həbs edirlər.

Vurğulamaq istəyirəm ki, qardaşım haqqında həbs-qəti imkan tədbirinin seçilməsinə dair heç bir ilkin sübut olmayıb.

Firudin Dugi yazılı müraciətində iddia edir ki, guya Azər Əmiraslanov 2014-2015-ci illərdə ona qarşı dələduzluq edərək küllü miqdarda vəsaitini mənimsəyib. Nədənsə Almaniyada baş verdiyi iddia olunan “dələduzluq” faktıyla bağlı Almaniyanın hüquq sisteminə deyil, 3-4 il sonra Azərbaycana yazılı şikayət göndərib.

Qardaşıma qarşı planlı oyun qurulsa da, əsas hədəf mən idim. Çünki həmin şəxsin, yəni Firudin Duginin mənimlə 2015-ci ildən şəxsi ədavəti vardı, bu ədavət artıq düşmənçiliyə keçmişdi. Almaniyada mənə qarşı hüquq müstəvisində heç nəyə nail olmayacağını bildiyindən çirkin planı üçün Azərbaycanı şeçmişdi. Ona görə də Almaniyadakı vəkilimlə birlikdə prosesə qoşulduq.

Onu da qeyd edim ki, alman vəkillərim insan azadlığının bu qədər asan şəkildə məhdudlaşdırılmasına heyrət edirdilər. Çünki bu qanunsuzluq 1996-cı ildən Azərbaycanı tərk edib saxta sənədlə Almaniyada müvəqqəti oturum haqqı alan birinin üç sətirlik şikayəti əsasında baş verirdi...İttiham aktında şahid qismində dindirilən Dugi Məlahət Sədulla qızı ifadəsində bildirir ki, qardaşı Firudin Dugi 1996-1997-ci illərdə heç kimə xəbər vermədən çıxıb gedib və 2016-cı ilin noyabr ayına kimi ondan xəbərləri olmayıb.

Yalnız 2016-cı ilin noyabrında qardaşı zəng edərək Almaniyada olduğunu bildirib. 2017-ci ilin may ayında Firudin növbəti dəfə zəng edərək deyib ki, onun adına məktub göndərib və zərf çatanda içində olan ərizələri ünvanlarına çatdırsın. O da həmin ərizələri aidiyyəti üzrə Azərbaycan Respublikası Prezident Administrasiyasına, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə göndərib.

İttiham aktında qohumlar arasında hətta çoxdan öldüyü haqqında belə söhbətlər gəzən, nəhayət 20 il sonra peyda olan Firudin Duginin dayısı, bacısının əri, bacısı oğlu da şahid qismində ifadə verib. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, saxta cinayət işində dindirilən şahidlərin ifadələri başdan ayağa quramadır.

- Bəs necə oldu ki, ağır maddə ilə ittiham olunan qardaşınız həbsdən azad edildi?

- Məhkəmə qardaşımı Almaniyanın cinayət qanunvericiliyinə istinad etməklə (müddətin bitməsi) azadlığa buraxdı.

Bakının Yasamal rayon Məhkəməsinin (hakim Hüseyn Səfərov) 29.12.2019-cu il tarixli hökmündə deyilir: “Əmiraslanov Azər Səftər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Əmiraslanov Azər Səftər oğluna cəza təyin edilməsin”.

Biz qardaşıma bəraət almaq məqsədilə hökmdən yuxarı instansiyalara şikayət etdik. Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlasa da, Ali Məhkəmənin hakimi, mərhum İnqilab Nəsirov bu qurama cinayət işini təkrar baxış üçün Apellyasiya Məhkəməsinə göndərdi. İki ildən artıq idi iş Apellyasiya Məhkəməsində baxılmamış qalırdı.

Nəhayət, vəkilimiz vasitəsilə məlumat aldıq ki, iyunun 9-da, yəni sabah şikayətimizə baxılacaq. Hətta “Skype” vasitəsilə də olsa, iddiaçı Firudin Duginin ifadəsi alınacaq.

- Bəraət hökmü veriləcəkmi, buna inanırsınızmı

- Ədalətli qərar çıxarılana kimi bütün hüquqlarımızdan istifadə edəcəyik. Video-müraciətimdə də bir məqamı xüsusi vurğuladım ki, 2005, 2006 və 2010-cu illərdəki parlament seçkilərində namizədliyimi verdim, ən azı bir dəfə namizəd olduğum Gədəbəy 103 saylı Seçki Dairəsinin nəticələrini Konstitusiya Məhkəməsinə qədər gedib ləğv elətdirdim. Nəticədə 2006-cı ildə həmin dairədə təkrar seçkilər oldu. Sonra da təəssüfdoğurucu proseslər oldu. Amma mən Avropa Məhkəməsinə müraciət etməkdən daşındım. Prinsiplərim buna imkan vermədi.

Amma bu dəfə məsələ başqadı. Mənim qanım-canım olan qardaşımın üzərində günahsız yerə belə bir ağır maddənin - dələduzluq maddəsinin olmasını əsla qəbul edə bilmərəm.

Mətbuat vasitəsilə bir daha ölkə rəhbərliyinə müraciət edirəm. Mən haqq-ədalət axtarışı ilə Avropa məhkəmələrinə üz tutmaq istəmirəm. Mən vətəndaşı olduğum Almaniyadakı vəkillərimə Vətənim Azərbaycanda nəhayət ki, ədalətə qovuşduğumuzu bəyan etmək istəyirəm. Düşünürəm ki, çox şey istəmirəm...





Paylaş:


Müəllif : Tarix:
8-06-2022, 15:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər