reklam
Regionxeberlericom.az » Sosial » Görmə məhdudiyyətli şəxslər onlara ev verilməməsindən narazıdır - Bakıda AKSİYA

reklam

Görmə məhdudiyyətli şəxslər onlara ev verilməməsindən narazıdır - Bakıda AKSİYA


Bakıda gözdən əlilliyi olan şəxslər onlara verilməsi nəzərdə tutulan evləri tələb etmək üçün Prezident Administrasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önündə etirazlarını bildirmək üçün toplaşıblar.

Bu barədə aksiya iştirakçılarından biri neçəsi Yeniavaz.com-a müraciətində məlumat verib.

Onlar bildirib ki, ölkənin həssas təbəqəsinin etirazlarına məhəl qoyulmur. Qeyd ediblər ki, bu günə qədər aidiyyəti qurumlar onları get-gələ salmaqdan başqa heç bir fayda verməyib.

Şikayətçilərin sözlərinə görə, bir neçə dəfə nazir Sahil Babayevin müavini Hidayət Abdullayev onları qəbul etsə də, bu görüşlər problemin həllində heç bir rol oynamayıb.

Görmə məhdudiyyəti olan etirazçılar bu görüş fürsətini asanlıqla əldə etmədiklərini deyirlər.

Etiraz edən şəxslər bildirib ki, yalnız onların yolu bağlama cəhdlərindən sonra nazirliyin aidiyyəti şəxsləri ilə görüş baş tutub.

"Əllərində hazır evlər ola-ola şəhid və qazi ailələrini bəhanə gətirərək tələbimizə məhəl qoymurlar. 2021-ci ildən etibarən gözdən əlillərə evlər verilməyə başlanıldı. Bu mənzillər Kürdəxanı, Ramana, Məhəmmədi və Xocahəsəndə yerləşir. Amma sonradan evlərin paylanması anidən dayandırıldı. Halbuki, yenə də qeyd edirəm, adını çəkdiyim ərazilərdə gözdən əlillərə veriləcək evlər var. Amma qəbul zamanı bizə deyirlər ki, mənzillərin paylanılması 2025-ci ilə qədər növbəli şəkildə olacaq. O da əlimizdə olan üç otaqlı və dörd otaqlı evlərin satışından sonra mümkün ola bilər. Həmin evlər satıldıqdan sonra əldə edilən pulla mənzillər alınıb sizlərə paylanılacaq”, - etiraz aksiyasında iştirak edən I qrup gözdən əlil Babək Məmmədov bildirib.

B. Məmmədov məsələnin digər tərəfinə də diqqət çəkərək Korlar Cəmiyətinin əslində qanuni ərazilərinin görmə məhdudiyyətli insanların kompakt şəkildə yaşadığı Nərimanov rayonunda olduğunu bildirib:

“Lakin Sovet İttifaqı dağıldıqdan sonra bu ərazilər mənimsənilməyə başlanıldı. Halbuki bu torpaqlar gözdən əlillərə məxsus idi. Satıldığı halda da vəsait gözdən əlillərə verilməli idi. 2008-ci ildə Korlar Cəmiyyətinin ərazisində 10 mərtəbəli bina tikildi. 2016-cı ildə də 12 mərtəbəli 132 mənzilli yeni bina görmə məhdudiyyətli sakinlərin ixtiyarına verildi. Son qeyd etdiyim binanın qarşısında gözdən əlillərə məxsus böyük - 10000 kvadrat metr ərazi var idi. Həmin ərazi "Sevinc" MMC tərəfindən əldə ediləndən sonra orada yeni binalar inşa edilməyə başlanıldı. Bu binalar tikilən zaman gözdən əlillərə söz verildi ki, yeni tikilidən iki blok görmə məhdudiyyətli insanlara veriləcək. Söz verilən iki blok əvvəl 75, daha sonra 35 mənzilə düşdü. Sonradan isə heç oralardan səs-soraq gəlmədi. Beləliklə, gözdən əlillər oradan mənzil ala bilmədilər. "Sevinc" MMC ilə əlaqə saxlayıb məlumat istəmişik. Onların cavabı isə qısa və konkret olub. Biz 75 mənzili Korlar Cəmiyyətinə vermişik. Cəmiyyət isə bu məlumatı təkzib eləyir. Son olaraq onu deyim ki, nazir Sahil Babayevlə görüşü gələn ayın ikinci və üçüncü həftələrinə söz veriblər. Düşünürəm ki, gələn ay dövlət müəssisələrində əksər vəzifəli adamları tapmaq olmayacaq. Çünki əksər dövlət orqanlarında çalışan rəhbər şəxslər böyük ehtimal məzuniyyətə gedəcək”.

Digər şikayətçi Oqtay Quluyev də Nərimanov rayonunda gözdən əlillərin haqlarının pozulmasından bəhs edərkən bunları bildirdi:

“Biz ailəlikcə 1991-ci ildən Nərimanov rayonunda qeydiyatdayıq. 2012-ci ildən də ev növbəsinə yazılmışam. Lakin nəinki Nərimanovda, Ramanadan, Xocahəsəndən, Qobudan, Məhəmmədidən də mənzil paylanmasında nəzərə alınmamışıq. Əslində qanuni ərazilərimiz Nərimanovdadır. Mən aidiyyəti orqanlardan haqqımı tələb edəndə mənə cavabları bu olur ki, sənin evin var. Yaşadığım ev isə 16 kvadrat metrdir. O kiçik evdə dörd nəfərlik ailə çətinliklə də olsa, bu zamana qədər yaşamışıq. Hələ bundan da kiçik kvadratlı yerlərdə, yataqxanalarda yaşayan yaşı 20-ni keçən gözdən əlillər var. Təbii olaraq, insan müəyyən bir müdətdən sonra ailə qurmalı olur. Bu şəraitsizliyə görə ailə qurmaq da mümkün deyil".

Birinci qrup görmə məhdudiyyətli Özal Muradov məsələyə münasibətində bildirib ki, hökumət gözdən əlillərə elə də ciddi təminat verməyib:

“Ev paylanılması ənənəsi Sovet dönəmindən qalan müsbət ənənədir. Sosial dövlətlərdə insanlara ev paylanması adətən dövlət tərəfindən tənzimlənir. Ölkəmizdə isə dövlətin nəzarəti altında olmalı olan torpaqlar dövlət orqanı tərəfindən qeyri-qanuni olaraq satılır. Bu kimi sosial təminatların verilməməsi görmə əngəli olan insanların gələcək həyatlarını qurması, müstəqil yaşaması, cəmiyyətə inteqrasiya yolunda böyük problem yaradır”.

Müraciət edənlər qeyd ediblər ki, etirazçı görmə məhdudiyyətli şəxslərin əksəriyyətinin fikri dəyişməzdir, onlar haqqlarını əldə edənə qədər aidiyyəti orqanların qarşısında etiraz aksiyalarını davam etdirəcəklər.

Məsələ ilə bağlı ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Yeniavaz.com-a açıqlama verib:

“Gözdən əlilliyi olan şəxlərin müraciətinə Nazirlikdə hər zaman xüsusi qayğı ilə, həssaslıqla yanaşılır. Bu həftənin əvvəlində bir neçə gözdən əlilliyi olan şəxs Nazirliyə gəlmişdi, onları nazir müavini Hidayət Abdullayev və aidiyyəti şəxslər qəbul etdi, dinlədilər. Onlara bildirildi ki, son illərdə Bakıda 132 mənzilli yaşayış binası tikilib gözdən əlilliyi olan şəxslərin istifadəsinə verilib. Gözdən əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 2021-ci ildən Nazirliyə həvalə olunub. Son bir ildə 311 mənzil gözdən əlilliyi olan şəxslərə verilib. 2025-ci ilədək növbəlilik prinsipi əsasında mənzillə təminat həyata keçiriləcək.

Lakin gözdən əlilliyi olan şəxslərin qaldırdığı məsələlər, həqiqətən də problem olaraq var. Nazirlikdə bu problemlərin həlli istiqamətində işlər həyata keçirilir. Məsələ belədir: müraciət edən gözdən əlilliyi olan şəxslərin bir çoxuna bir otaqlı mənzil düşür. Bu, Mənzil Məcəlləsinə uyğun olaraq ailə tərkibinə görə müəyyən edilir. Hazırda Nazirliyin balansında bir otaqlı mənzil olmadığına görə, biz o təminatı həyata keçirə bilmirik. Bu baxımdan Nazirliyin təşəbbüsü ilə və hökumətin qərarı ilə qanunvericiliyə uyğun olaraq istifadəsiz qalan çoxotaqlı mənzillərin Nazirlik tərəfindən satışı həyata keçiriləcək və satışdan əldə olunan gəlir məhz birotaqlı mənzil hüququ yaranmış gözdən əlilliyi olan şəxslərin mənzil təminatına yönəldiləcək. Bu istiqamətdə Nazirik fəaliyyətini davam etdirir”.




Paylaş:


Müəllif : Tarix:
10-06-2022, 13:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər