Rusiyadakı soydaşlarımızı çətin günlər gözləyir - Pul axını dayanacaq... - Millət vəkili
Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə dünya ölkələrinin çoxunda Rusiyaya qarşı ciddi aqressiya yaradıb.
Qərb və Avropa ölkələri Rusiyaya qarşı güclü iqtisadi sanksiyalar tətbiq etməyə başlayıblar. Mütəxəssislər bildirirlər ki, Rusiya sanksiyaların təsirini bu ilin sonuna kimi hiss edəcək.
Bu fonda Rusiyada yaşayan və işləyən azərbaycanlıları nə gözləyir?
Məsələ ilə bağlı millət vəkili Elman Məmmədov deyib ki, Rusiyada yaşayan soydaşlarımızın iqtisadi vəziyyətinin çətinləşməsi ölkəmizə də təsir edəcək:
“Vətəndaşlığı olan, yaxud olmayan bir neçə milyondan çox soydaşlarımız Rusiyada yaşayır. Onlar Rusiya iqtisadiyyatının inkişafı ilə yanaşı özlərinin dolanışığı üçün çox dəyərli işlərlə məşğuldurlar. Rusiyada işləyib ölkəmizdə ailəsinə pul göndərən soydaşlarımız da kifayət qədər çoxdur. Rusiyanın Ukraynaya qarşı apardığı müharibə dünyada elə bir vəziyyət yaradıb ki, bir sıra böyük dövlətlər, bütövlükdə isə Avropa və ABŞ Rusiyanın əleyhinə tədbirlər görürlər. Xüsusilə də iqtisadi sahədə Rusiyaya qarşı kəskin sanksiyalar tətbiq olunur. Bu da Rusiya iqtisadiyyatını çökdürmək üçün edilir”.
Millət vəkili sanksiyaların Rusiyada yaşayan soydaşlarımızdan da təsirsiz ötüşməyəcəyini və gərginlik yaradacağını bildirib:
“Dinindən, irqindən, millətindən asılı olmayaraq Rusiyada yaşayan insanlar, o cümlədən soydaşlarımız da çox təəssüf ki, bu çətinliklərlə üzləşəcək, onların biznesində, fəaliyyətində gərginlik yaranacaq. Rusiyanın bu gün apardığı siyasətlə bağlı olan vəziyyət, eyni zamanda Rusiya ilə iqtisadi və siyasi əməkdaşlığı olan dövlətlər, o cümlədən Azərbaycan üçün də çətinliklər yaradır”.
E. Məmmədov Azərbaycanda olan bahalığın səbəblərini də bu müharibə ilə əlaqələndirib:
“Bu gün hamımızın giley etdiyimiz bahalığından 50-60%-i Rusiya-Ukrayna müharibəsinin nəticəsində Rusiyaya tətbiq olunan sanksiyalar səbəb olur. Azərbaycan özünün taxıl və başqa ərzaq məhsullarına olan tələbatının bir hissəsini Rusiyadan –Ukrayndan alır. Bu gün müharibə nəticəsində isə çox ciddi çətinliklər yaranır. Rusiyaya tətbiq olunan sanksiyaların təsiri ilin sonuna kimi daha qabarıq şəkildə özünü büruzə verəcək. Əvvəllər ölkəmizə Rusiyadan çox ciddi pul axını daxil olurdu. Yəni, Rusiyada yaşayan soydaşlarımız ailələrinə və yaxınlarına müəyyən maliyyə vəsaitilə kömək edirdilər ki, onların maddi vəziyyətilərinin çətinləşməsi ölkəmizə də öz təsirini göstərəcək. Azərbaycana pul axının azalacaq, eyni zamanda ölkəmizdə yaşayan insanların dolanışığına mənfi təsir edəcək”.
Paylaş: