reklam
Regionxeberlericom.az » Sosial » 513 min 170 manatlıq “Şuşa ili” planı – Müqəddəs şəhərin adını da korrupsiyaya bulaşdırdılar

reklam

513 min 170 manatlıq “Şuşa ili” planı – Müqəddəs şəhərin adını da korrupsiyaya bulaşdırdılar

QHT Şurası, bağışlayın, Agentliyi təəccübləndirməkdə davam edir. Qarabağ dərdi bu təşkilatın axırına çıxmasa, yaxşıdır. Bir neçə il qabaq QHT Şurasının Qarabağla bağlı xaricdə və daxildə həyata keçirdiyi layihələrindən yazmışdım (“Qarabağ həqiqətləri: çatdırılma… pulludur”).

Onda hələ torpaqlar işğaldaydı və QHT Şurası ardıcıl olaraq “Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması” üçün müxtəlif təşkilatlara qrantlar ayırırdı, onlar da layihələrini, əsasən, Türkiyədə gerçəkləşdirirdi. Az da məbləğ deyildi. Düzdür, Qarabağ həqiqətlərinin dünyaya çatıb-çatmamasından hələ də xəbər yoxdur, ancaq situasiya dəyişib, indi Qarabağın bir hissəsi bizdədir. Üstəlik, hökumətimiz 2022-ci ili “Şuşa ili” elan edib. QHT Agentliyi də Qarabağ həqiqətlərini dünyaya çatdırmaqda yenidən israrlıdır, görünür, əvvəlki layihələrdə çatdıra bilməyib…

Əslində, bizdə 2020-ci ilin sonlarından “Şuşa ili”dir. Prezident İlham Əliyev ölkənin problemlərini bir kənara qoyub bütün diqqətini Şuşaya yönəldib. 2020-ci ilin noyabrından üzü bəri İlham Əliyev 11 dəfə Şuşaya gedib. Başçı ora baxırsa, demək, hamı da o istiqamətə düzlənməlidir.

Ədalət Vəliyev siyasi partiya rəhbərlərini avtobusa doldurub ora aparır. Əhməd müəllim redaktorları, Azay müəllim QHT rəhbərlərini – bir sözlə, müxtəlif qurumlardakı məsul şəxslər hərə öz sahəsinin adamlarını vaxtaşırı Şuşaya aparır.

Biri də alimləri Şuşaya aparmaq adıyla aldadıb pullarını almışdı. Prezidentin qibləsi ora olandan sonra başqaları neyləməlidi?!

Yada məşhur şeirdən bu misralar düşür:

Baxıram Leninin kitablarına

Dəstədən geridə qalmamaq üçün.

QHT Şurası da dəstədən geri qalmamaq üçün “2022-ci il “Şuşa ili” xüsusi qrant müsabiqəsi” elan edib. Aprelin 7-dən müsabiqədə iştirak üçün sənəd qəbulu başlayıb. Elanda müsabiqənin 4 mərhələdə keçiriləcəyi bildirilirdi. Sənəd qəbulu 7-27 aprel, layihələrin ekspertizası 28 aprel-20 may, nəticələrin elan olunması 25 may, qalib təşkilatlarla qrant müqaviləsinin imzalanması 10 iyunadək yekunlaşmalı idi.

Göründüyü kimi, müsabiqənin qaydalarına elə bu başdan əməl olunmayıb. Nəticələr vəd edildiyindən 33 gün sonra – 28 iyunda elan olunub. Yayılan xəbərdə bildirilir ki, müsabiqəyə 8 istiqamət üzrə 227 layihə verilib, ancaq onlardan yalnız 22-si qalib olub. Maraqlı müsabiqə olacağı göz önündədir. Məsələn, keçmiş maliyyə naziri Fikrət Yusifov özünü çox uğurlu şəkildə QHT sektorunda sınayır. “Şuşa ili”nə töhfəsi ABŞ-da və Avstriyada silsilə tədbirlərin keçirilməsi olacaq, alınsa… Sizə zarafat gəlməsin, 33 min manatla (20 min dollara yaxın) xaricdə, uzaq Amerikada, okeanın o tayında, həm də Avropada silsilə tədbirlər keçirmək asan deyil. Ancaq keçmiş baş maliyyəçi hər şeyi hesablamış olar…

Parlamentin qocaman üzvü Ziyad Səmədzadə də sinəsini qabağa verən təşkilat rəhbərlərindəndir. O da Şuşada silsilə tədbirlər keçirmək, daha doğrusu, tədqiqatlar aparmaq niyyətindədir. O, “Şuşa rayonunun demoqrafik, sosial-iqtisadi inkişaf vəziyyəti və perspektivləri” adlı layihə ilə tədqiqat aparacaq.

Açığı, 82 yaşlı akademikin həm də deputatın bu casarətli addımını alqışlamaqdan başqa əlimizdən heç nə gəlmir. Sadəcə, bir problem var: Şuşanın kəndlərinin çoxu hələ də işğal altındadır, yəni oralara bizi buraxmırlar, gedə bilmədiyimiz yerlərdə tədqiqat aparmağımız çətin görünür. Üstəlik, heç şuşalıları da ora qoymurlar, icra başçısı Bayram Səfərov belə Şuşaya sarı baxa-baxa qalıb. İnsan yaşamayan yerdə demoqrafik tədqiqat hansı üsulla aparılacaq, sosial-iqtisadi vəziyyət necə öyrəniləcək?

Düşünürəm ki, QHT Şurasında da bunu bilməmiş olmazlar, onlar ağlabatan layihələri maliyyələşdirərlər. 227 layihədən 22 layihənin seçilməsi də bunu deməyə əsas verir. Ancaq akademikin də bu addımı düşünərək atdığına inamımız güclüdür. Bu işə şəxsən öz töhfəsini vermək istəyi ortadadır, çünki neçə illərdir onun təşkilatına (Azərbaycan İqtisadçılar İttifaqı) qızı Aytən Səmədzadə rəhbərlik edirdi. Görünür, “Şuşa ili”nə görə qızına belə güzəştə getməyib…

Ziyad müəllimin təşkilatının saytı isə gümanlarımızın üzərindən çalın-çarpaz xətt çəkir. Hər il QHT Şurasından qrant alan bu təşkilatın saytında sonuncu xəbər 16 iyul 2020-ci ildə qoyulub. Şuşanın işğaldan azad edilməsi xəbəri belə yoxdur bu saytda…

Saytın “Aktual problemlər məqalələrdə” bölməsinə sonuncu yazı 2018-ci ilin iyulunda qoyulub. Saytda “Aİİ-nin əsas fəaliyyəti” bölməsi isə boşdur, bunun iki səbəbi ola bilər: ya fəaliyyət, ümumiyyətlə, yoxdur, ya da o qədər sıxdır ki, çatdırıb sayta yerləşdirə bilmirlər…

Bundan başqa, 20 min manatlıq layihə keçirən Nurka Mübariz qızı Əhmədova Şuşada yay məktəbləri və düşərgələrini necə təşkil edəcək? Rəsul Cəfərov “Şuşa insan hüquqları təşəbbüsü” layihəsini (26 min manat) insan yaşamayan (söhbət yerli əhalidən gedir) şəhərdə kiminlə həyata keçirəcək?

Azərbaycan Vikipediya Könüllüləri (20 min manat) Şuşanın 270 illiyi ilə bağlı yazacağı 270 mövzu üzrə məqalələri “Vikipediya”nın harasına yerləşdirəcək?!

AzTV-lərdən birinin aparıcısı Lalə Azərtaş “Şuşanı tanıyaq, tanıdaq” layihəsi (26 min 500 manat) ilə Şuşanı necə tanıyacaq və kimə tanıdacaq?!

22 layihənin hər biri ilə bağlı çoxlu suallar var. 513 min 170 manatı daha yaxşı, səmərəli, qaçqınların yurd-yuvasına qayıtmasına xidmət edən işlərə sərf etmək olmazdımı?..

Kim bilir, bəlkə, qalib gələ bilməyən 205 layihə içərisində sual doğurmayacaq çoxlu ideyalar olub…

Yazar: Rövşən Hacıbəyli

Mənbə: Meydan TV







Paylaş:


Müəllif : Tarix:
30-06-2022, 13:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər