reklam
Regionxeberlericom.az » Sosial » BU NƏDİ BELƏ: “Azərsun” şəkər tozunu anbarlarda gizlədir... - Açıq DÜŞMƏNÇİLİK...

reklam

BU NƏDİ BELƏ: “Azərsun” şəkər tozunu anbarlarda gizlədir... - Açıq DÜŞMƏNÇİLİK...


Son günlər marketlərdə şəkər tozuna az rast gəlinir.

Satışda olanların da yerli deyil, xaricdən idxal olunduğu bildirilir. Eyni zamanda, yerli istehsal olan şəkər tozunun qiymətində də artım var. Belə fikirlər səslənir ki, marketləri şəkər tozu ilə təmin edən “Azərsun Holdinq” şirkəti artıq satışa adıçəkilən məhsulu vermir və səbəbi də gözlənilən bahalaşma ilə bağlıdır. Yəni şəkər tozunun daha baha qiymətə təqdim etməyi nəzərdə tutur.

Qeyd edək ki, bir neçə gün öncə yayılan məlumata görə, Bakıda şəkər tozunun 50 kiloqramlıq bir kisəsi 75 manata təklif olunur. İndiyədək həmin məhsul 67 manata satılırdı. Bölgələrdə isə 50 kiloqramlıq şəkər tozunun bir kisəsinin qiyməti 50-75 manat arasında dəyişir.

Yeri gəlmişkən, yay mövsümü ilə əlaqədar şəkər tozuna tələbat daha da artmasına baxmayaraq marketlərin piştaxtaları boşdur. Onu da vurğulayaq ki, yaranmış problemlə bağlı millət vəkili Razi Nurullayev də öz etirazını bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycanda şəkər və şəkər tozu istehsal olunur və bu, tam yerli məhsuldur:

“Bu məhsulun qiymətinin artırılması ilə bağlı məsələ də məntiqə uyğun olmalıdır. Əsaslandırılmalıdır ki, qiymət nə üçün artacaq? Doğrudan da şəkər tozu qiymət artırılacaq deyə mağazalardan yığışdırılırsa, bu, qanunsuz hərəkətdir. Birincisi, hələ qiymət artmayıb. Artmadığına görə məhsulu bəribaşdan saxlayıb qıtlıq yaratmaq, sonra onu baha qiymətə satmaq birbaşa insanların cibinə girməkdir, onların sosial vəziyyətlərini daha da ağırlaşdırmaqdır. Ümid edirəm, “Azərsun” bu məsələyə aydınlıq gətirər, məlumat yayar. Şəkər tozu qıtlığının yaranma səbəbini bilərik. Əgər bahalaşmaya görə belə hal yaranıbsa, bu qəbuledilməzdir”.

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu isə məsələ ilə bağlı paylaşım edib:

"Böyük supermarketlərdə artıq 4 gündür ki, şəkər tozu tapılmır. Böyük market sahibləri Azərbaycan bazarında qida təminatçısı olan “Azərsun”un şəkər tozu ilə marketləri təmin etmədiyini, bunun əsas səbəbi kimi də nəzərdə tutulan qiymət artımının olduğunu bildirirlər. Heç şübhəsiz ki, şəkər tozunu qiymət artırılacaq deyə mağazalardan yığışdırmaq qanunsuz hərəkət olmaqla yanaşı, həm də Azərbaycanda qida təminatının monopolyada olmasının açıq göstəricisidir. Anlamaq çətindir ki, nə səbəbdən digər iş adamlarına ölkəyə şəkər tozu gətirmək nə səbəbdən mümkünsüzə çevrilib. Heç kimə sirr deyil ki, yay aylarında Azərbaycan xanımları müxtəlif bağlamalar edir, qış üçün hazırlıqlar görür. Belə bir lazımı vaxtda şəkər tozunu mağazalara paylamamaq, qiymətinin artımını nəzərdə tutmaq dövlətə qarşı sabotaj deyil, nədir?! Niyə, nə səbəbdən qida sənayesində inhisara qarşı mübarizə aparılmır? Yay olmasına baxmayaraq, ölkədə qiymət artımı tüğyan edirsə, bizi qışda nə gözləyir? Hər kəs bilsin ki, belə həssas bir məqamda süni qiymət artımı təşkil etmək dövlətə xəyanətdir! Hesab edirəm ki, dünyada qida böhranının başlaması gözlənildiyi bir zamanda, qida böhranı başlamamış süni "böhran” yaratmaq istəyən şəxslər barəsində ən ciddi tədbirlər görülməlidir. "Böhran öncəsi böhran” yaradaraq bundan faydalanmaq istəyən işbazların əməlinə hüquqi qiymət verilməsi artıq zərurətə çevrilib!"

“Azərsun Holdinq”in şəkər tozunun qiymətini artırmaq məqsədilə marketlərə məhsulun verilməsini məhdudlaşdırması nə dərəcədə doğrudur?

Yaranmış problemlə bağlı Cebhe.info “Azərsun Holdinq”ə artıq bir neçə gündür sorğu göndərsə də, qurumdan heç bir cavab ala bilmədik. Hər dəfəsində sualın cavablandırılacağı deyilsə də, cavab təqdim olunmadı. Görünür, qurum susmaqla, yayılan məlumatların doğru olduğunu təsdiqləyir.

Cebhe.info




Paylaş:


Müəllif : Tarix:
7-07-2022, 16:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər