reklam
Regionxeberlericom.az » Sosial » İmişli DSMF-də özbaşınalıq baş alıb gedir

reklam

İmişli DSMF-də özbaşınalıq baş alıb gedir



















İmişli rayonunda fəaliyyət göstərən dövlət idarələrindən və rayonu bölüşdürən sahibkarlardan bəhs edən son yazımızda, Azərbaycan

Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında "Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinin Mil Muğan regional Filialında yaşananlar barəsində yazacağımızın anonsunu vermişdik.

Odur ki, mövzunu çox uzatmamaq üçün birbaşa keçid edirik əsas məsələyə.

Belə ki, "DogruXeber.az" redaksiyasına etibarlı mənbədən daxil olan məlumata görə 2021-ci ilin noyabr ayından etibarən "Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinin Mil Muğan regional Filialında kütləvi işçi ixtisarları başlayıb və bu proses 2022-ci ilin mart ayına qədər davam edib.

İşdən çıxarılan işçilərdən birinin redaksiyamıza bildirdiyinə görə texniki heyyət qarışıq 62 nəfərə yaxın işçi işdən çıxarılıb və yəqin ki, bu barədə sözügedən filial rəhbərliyi "Öz ərizələri ilə çıxıblar" cavabını verəcək ki, bu cavabı da təxmin etmək heç də çətin deyil. Çünki, filialın keçmiş direktoru, hazırda isə Gəncə regional filialına təyinat alan Rafael Məmmədov tərəfindən, hamıya bir nəfər kimi ərizəsini yazmaq "əmri verilib" - "Nazirliyin əmridir, özün ərizəni yaz, çıx". Özü də həmin işdən çıxarılanların bir neçəsinin iddiasına görə "Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinin Mil Muğan regional Filialında son illər işçi ilə əmək müqavilələri 3 aylıq bağlanır. 3 ay bitdikdə kiminin müqaviləsi özündən xəbərsiz təzələnir, kimininkinə müəyyən maraqlar xatirinə xəbərdarlıq edilir. Çünki, müqavilənin yenidən bağlanıb-baglanmayacağına "qərar vermək" üçün, bu "xəbərdarlıq" böyük önəm daşıyır. Kiminin də müqaviləsi ümumiyyətlə yenilənmir.

DogruXeber.az: - Halbuki, Əmək qanunvericiliyinə əsasən, İşçi ilə işəgötürən arasında əmək müqaviləsi müəyyən müddətə (müddətli) və ya müddət göstərilmədən (müddətsiz) bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Belə ki, müddətli əmək müqaviləsi bağlanan halda, işçi və işəgötürən onun müddətini (2 il, 4 il və s.) özləri sərbəst şəkildə müəyyənləşdirirlər.

Əgər əmək müqaviləsində onun hansı müddətə bağlanması nəzərdə tutulmayıbsa, həmin əmək müqaviləsi müddətsiz bağlanmış hesab olunur. Tərəflər müddətsiz əmək müqaviləsi bağlamışlarsa, onda həmin əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əgər əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəllidirsə, onda əmək müqaviləsi müddətsiz bağlanmalıdır.

Müddətli əmək müqaviləsinin bağlanması üçün əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə, müddətinə görə işlərin (xidmətlərin) daimi xarakterə malik olmaması tələb olunur.

Əmək Məcəlləsinin 47-ci maddəsində konkret hallar göstərilmişdir ki, həmin hallarda müddətli əmək müqaviləsi bağlanılır. Həmin hallar aşağıdakılardır:

• işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda;

• təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı;

• işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbilədən olan digər işlərin görüldüyü hallarda;

• müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda;

• işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda;

• müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən;

• Əmək Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar (Azərbaycan Respublikasının Milli Məclisinin deputatları və bələdiyyələrə seçilmiş şəxslər ) istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən;

• tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;

• Bu Məcəllədə nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda;

• qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

Yuxarıda göstərilən hallarda müddətli əmək müqaviləsinin bağlanması məcburi deyil, tərəflərin iradəsindən asılı olur. Onu da qeyd edək ki, işçinin müddətli əmək müqaviləsinin müddəti bitdiyi halda, həmin əmək müqaviləsinə müddətin bitməsi ilə xitam verilir. Həmin əsasla işçi ilə əmək müqaviləsinə xitam verildikdə “İşsizlikdən sığorta haqqında” Qanuna edilmiş yeni dəyişikliyə əsasən həmin şəxsin işsizlikdən sığorta ödənişi almaq hüququ yarana bilər.

DogruXeber.az: - Bundan əlavə bəzi işçilərə yaxınlarının pensiya alması əsas gətirilib və işdən çıxarılıb.

Hansı ki, bu da tamamilə absurd bəhanədən başqa bir şey deyil. Əgər qanunda belə bir maddə varsa, o zaman hazırda sözügedən filialda, həmçinin respublika üzrə demək olar ki, ƏƏSMN-nin bütün sahələrində və şöbələrində yaxınlarının, ailə üzvlərinin, hətta özünün belə hazırda pensiya aldığı şəxslər var.

Bundan əlavə, bəzilərinə yaşını əsas gətirərək (halbuki, hələ 62 yaşı var) ərizəsi yazdırılıb və sair bu kimi kobud desək, dəxlisiz "səbəblər" gətirilərək işdən çıxarılıblar.

Yeri gəlmişkən, işdən çıxarılan şəxslərin bir neçəsi ilə telefon əlaqəsi saxladıq, hamısı bildirdi ki, işlərinə xitam verilməsi barəsindəki əmrin surəti idarə tərəfindən hələ də onlara təqdim edilməyib. Dəfələrlə tələb etsələr də, bütün tələbləri nəticəsiz qalıb.

Məlumata görə ƏƏSMN-nin daxili qaydalarına əsasən işçilər arasında "daxili imtahan"lar keçilir. Şərtlərə görə imtahanda zəif iştirak edən şəxslər işindən azad edilir.

Yeri gəlmişkən, müqavilə müddətinin bitdiyi deyilən və özünə işdən çıxması haqqında könüllü ərizə yazması əmri verilən şəxslərdən biri - 43 yaşlı Ramil Bağırov deyir, "Mən artıq, iki il idi ki, Əmək pensiyası üzrə Asan xidmətə göndərilmişdim, orada çalışırdım. Asan xidmətin rejimi ağır olduğu üçün çox adam tab gətirmirdi. Lakin mən, "işimdir" deyib, sakitcə iki ildir, bütün çətinliklərinə rəğmən, işimi işləyirdim. İşlədiyim müddətdə iki dəfə daxili imtahan keçirilib, özü də mənim iki ildir əmək pensiyası məsələlərinə baxdığım halda, mənə Mühasibat uçotu üzrə imtahan salınıb. Mən iki ildən çoxdur bu sahədən uzaq olduğum və imtahana hazırlıqsız olduğum halda, məndən xəbərsiz mühasibat uçotu imtahanına adım verilib. Mən də arxayın idim ki, çalışdığım sahə üzrə olacaq və yüksək nəticə göstərəcəyimdən əmin idim. Amma, imtahanda "sürpriz"lə rastlaşdım. Özü də imtahan nəticəmi mənə vermədilər ki, öz balımı hesabladım. Mən heç mənə şifahi deyilən az nəticə ilə razı deyiləm. Bəlkə çox toplamışam."

Yeri gəlmişkən, etibarlı mənbənin redaksiyamıza bildirdiyinə görə, imtahan elə də böyük "əhəmiyyət kəsb etmir". Onsuz da rəhbərlik kimi istəməsə nəticə yüksək də olsa, zəif olduğu deyilir özünə, kimi də istəsə topladığı nəticə nə qədər olursa-olsun həmin şəxs işinə davam edir. Beyləqanda keçmiş "pensiya şöbəsi"nin - hazırda müavinət şöbəsinin müdiri Bəhruz Quliyev kimi.

Mənbənin sözlərinə görə "Bəhruz Quliyev keçirilən imtahanlarda ən zəif nəticə göstərən şəxslərdəndir. Lakin, kimsə ona "gözün üstə qaşın var " demir. Daha doğrusu deyə bilmir.

Yeri gəlmişkən rayon sakinlərinin "oliqarx həyatı" yaşadığını, hektarlarla torpaq sahəsinin, mal-qara fərmasının, Bakıda evlərinin olduğunu, tez-tez bahalı avtomobillər dəyişdiriyini dedikləri Bəhruz Quliyevin Himalay Məmişovun və keçmiş direktor Rafael Məmmədovun "ən qiymətli" adamlarından biri olduğu deyilir.

Hazırda da Beyləqanda müavinət şöbəsinin müdiri olsa da, Mil-Muğan filialında Rafael Məmmədovun yerinə "ağsaqqallıq edir". Baxmayaraq ki, Rafael Məmmədovdan sonra direktoru müvəqqəti olaraq, tamamilə başqa bir şəxs əvəz edir.

Bundan əlavə, 2019-cu ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiya baş İdarəsi İmişli DSMF-da yoxlama aparıb və orada mühüm vəzifələrdən birində çalışan Nofəl Atakişiyevin işində çox ciddi faktlar aşkar edilib. Nofəl Atakişiyev Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndi ilə işdən çıxarılıb. Lakin, çox keçmədən, İmişli Rayon Məşğulluq İdarəsində mühüm vəzifəyə təyin olunur.

Maraqlıdır, o yoxlamalar, o maddə ilə işdən çıxarılma nə üçün idi, əgər yenidən bu cür mühüm vəzifə veriləcəkdirsə?!...

Adətən 70-ci maddənin "Ç" bəndi ilə işdən çıxarılan şəxslər, iş tapmaqda çətinlik çəkirlər. Lakin, görünür Sahil Babayevin könlü "sevimli işçisi"nin o çətinlikləri yaşamasına razı gəlməyib. Odur ki, elə öz idarəçiliyi altında başqa bir mühüm vəzifə ilə təmin edib.

Yeri gəlmişkən, Nofəl Atakişiyevi "sevimli" göstərən yaxınlarının kimliyi və harada, hansı vəzifələrdə çalışdıqları barəsində hələlik heç nə yazmırıq.

"DOST" İş Mərkəzinə gəldikdə isə, həmişə əlillərin, sosial durumunun çox zəif olduğu şəxslərin boğazından kəsib, güya "dövlət büdcəsini artıran" ƏƏSM naziri Sahil Babayevi İmişli rayonunun bu idarəsində ciddi yoxlamalar aparmağa dəvət edirik.

Çünki, etibarlı mənbənin bizə bildirdiyinə görə, işə çoxlu sayda xadimələr götürən "DOST İŞ mərkəzi"ndə, heç də o qədər təmizlikçi xanımlar çalışmır. Amma, adları o işlərdə qeydiyyatda olub, dövlət büdcəsindən maaş ayrılan adlar var ki, ad sahiblərinin çoxu o maaşlardan bixəbərdirlər.

Yeri gəlmişkən onu da qeyd edək ki, redaksiyamıza daxil olan daha bir məlumata görə Beyləqan DSMF-nun keçmiş müdiri Ülfət Vəliyev işdən haqsız və qeyri-qanuni şəkildə çıxarıldığına görə DSMF-na qarşı məhkəmə iddiası qaldırıb və qanunvericilikdə 3 aylıq əmək müqaviləsinin olmadığını, daha doğrusu hansı hallarda mümkün olduğunu sübuta yetirib. Odur ki, Ülfət Vəliyev məhkəmənin qərarı ilə işinə bərpa olunub və məhkəmə qərarında, hətta buvaxta qədər - yəni işdən azad edildiyi gündən, buvaxta qədər olan müddət üçün də əmək haqqının ödənilməsi nəzərdə tutulur. Amma, çox təəssüflər olsun ki, məhkəmə iddiası qaldırmaq üçün maddi imkanlarının olmadığını deyən digər işdən çıxarılan işçilər hələ də işsizdirlər və hətta, işdən çıxarılma əmrinin surətinin belə, dəfələrlə tələb etmələrinə baxmayaraq, özlərinə verilmədiyini bildirirlər.

Qeyd edək ki, həmin 3 aylıq müqavilənin bitdiyi səbəbilə işdən çıxarılanlar arasında Dövlət Qulluğuna keçirilən imtahanlarda yüksək nəticə göstərən şəxslər də var ki, hazırda onlar da işsizdirlər.

P.S: "DogruXeber.az"a daxil olan məlumatlarla bağlı bütün qeyd edilənlərin başlıca səbəbkarı olduğu deyilən Rafael Məmmədov ilə telefon əlaqəsi saxladıq və barəsində redaksiyamıza bəzi məlumatlar daxil olduğunu bildirdik. Rafael Məmmədov isə DSMF-nun mətbuat xidməti ilə əlaqə saxlamağımızı, yaranmış suallarımızı onlara ünvanlamağımızı istədi.

Bildirdik ki, "o uzun vaxt aparacaq".

Rafael Məmmədov isə, "Gec olmaz. Niyə gec olur?! Bir günə cavab verəcəyik." dedi.

Razılaşdıq və ardından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdiliyə zəng etdik. Özümüzü təqdim edib, daxil olan məlumatları diqqətinə çatdırdıq.

Müəyyən qeydlərini apardıqdan sonra Rəşad Mehdili mövzu barəsində araşdırılıb, bizə cavab veriləcəyini bildirmişdi ki, ona zəng gəldi.

Rəşad bəy, "Müəllim, mən indi sizə zəng edəcəm" deyib, telefonu söndürdü. Lakin, təəssüflər olsun, artıq üç gün keçməsinə baxmayaraq, hələ də sözügedən tərəf redaksiyamızla əlaqə saxlamayıb.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az




Paylaş:


Müəllif : Tarix:
7-09-2022, 08:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər