reklam
Regionxeberlericom.az » Sosial » Kreml oyundan çıxarılarsa:Vasitəçisiz sülh mümkün olacaq? - NƏ ETMƏLİ?

reklam

Kreml oyundan çıxarılarsa:Vasitəçisiz sülh mümkün olacaq? - NƏ ETMƏLİ?


ABŞ Azərbaycanla Ermənistana vasitəçisiz danışıqlar aparmağı təklif edir.

Bu təşəbbüslə ABŞ-ın Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin noyabrın 8-də keçirilən görüşündən öncə çıxış edib.

"ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun tərəfdarıdır və bunu Dağlıq Qarabağ münaqişəsinin həlli, Bakı ilə İrəvan arasında sülhün açarı hesab edir. ABŞ Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir.Birbaşa dialoq davamlı sülhə aparan ən yaxşı yoldur. Biz bunu dəstəkləməkdən çox məmnunuq",-deyə Dövlət katibi qeyd edib. Vaşinqtonda danışıqlar ABŞ-ın vasitəçiliyi ilə təşkil olunsa da, sonra ikitərəfli formatda, yəni Blinkenin iştirakı olmadan davam edib. Noyabrın 9-da isə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, ölkəsinin bu prosesdə iştirakı Ermənistanla Azərbaycan arasında razılaşmanı tətbiq etmək deyil.

“Bizim gördüyümüz iş, iki tərəfin bir araya gəlməsi üçün məkan və ya fürsət yaratmaqdır ki, tərəflər fikir ayrılıqlarını müəyyən etsin və onları aradan qaldırmağa cəhd etsin. Düşünürəm ki, dünən iki tərəfin görüşü bir çox fikir ayrılıqlarının ortaya çıxmasına müsbət təsir göstərib. Fikrimcə, günün sonunda diplomatiyaya davam etmək, birbaşa dialoq barədə razılığa gələ biliblər. Bu, olduqca vacibdir. Ancaq iki ölkə arasında davamlı sülhü təyin etmək bizim işimiz deyil”,- deyə Prays bildirib.

Dövlət Departamentinin sözçüsü bildirib ki, ABŞ tərəflərə imzalanmağa hazır olan sənəd təqdim etmir. Bu ölkə diplomatiya yolu ilə tərəflərə kömək üçün əlindən gələn hər şeyi edir.

Ned Praysın bu açıqlaması E.Blinkenin tərəflərə vasitəçisiz danışıqlar aparmaq təklifinin davamı kimi qəbul olunmalıdır. Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında Vaşinqtondan öncə baş tutan iki müzakirələr vasitəçi tərəflərin iştirakı ilə keçirilib. Oktyabrın 6-da Praqa şəhərində Azərbaycan və Ermənistan liderlərinin görüşünə Avropa İttifaqı Şurasıının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makron da qatılıb.

Oktyabrın 31-də isə Rusiya Prezidenti Vladimir Putin Soçi şəhərində azərbaycanlı həmkarı İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünü təşkil edib. İndi isə ABŞ birbaşa dialoq məsələsini gündəmə gətirməklə Rusiyanın artmaqda olan siyasi fəallığının, sülh prosesinə təsirinin qarşısını almağa çalışır.

Əslində, Entoni Blinkenin təklif etdiyi format Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlarda tətbiq olunub. Azərbaycan və Ermənistan arasında görüşlərin birinci hissəsində Şarl Mişel iştirak etsə də, ikinci hissədə müzakirələr üçüncü tərəfin iştirakı olmadan keçirilib. Praqa görüşünə Fransanın müdaxiləsi və bundan sonra Rusiyanın fəallaşaraq Azərbaycanın maraqlarına uyğun olmayan təkliflər irəli sürməsi Brüssel formatı çərçivəsində əldə olunmuş sülh razılaşmasına pozucu təsir göstərib.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Exan Şahinoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, birbaşa dialoq vacib olsa da, hazırkı mərhələdə mümkün deyil:

"Vasitəçisiz danışıqlar hər iki tərəf üçün faydalı olar. Amma bu gün real deyil. Çünki iki ölkə arasında uzunmüddətli münaqişə baş verib, Ermənistan Azərbaycana qarşı soyqırım və etnik təmizləmə həyata keçirib. Azərbaycanla Ermənistan arasında iki böyük müharibə baş verib. Nəticədə, hər iki tərəfdən on minlərlə itki var. Ona görə də müharibə edən bu iki ölkənin özlərinin danışıb razılığa gələcəyi inandırıcı görünmür. Önəmlisi vasitəçi ölkənin tərəfsiz olmasıdır. Rusiyanın vasitəçiliyi bizim xeyrimizə deyil. Soçi görüşü də bunu sübut etdi. Amma Brüsselin vasitəçiliyi faydalıdır. Gürcüstanın vasitəçiliyi daha münasibdir. Çünki Gürcüstan Cənubi Qafqaz ölkəsi kimi regionda sülhün və sabitliyin bərqərar olmasında maraqlıdır”.

Həmsöhbətimiz bildirib ki, Rusiyanın bölgədə vasitəçilik inhisarının azaldılması baxımından, ABŞ-ın danışıqlarda iştirakı da vacibdir:

“Ancaq bunun yaxın müddətdə reallaşacağına inanmıram. Əgər vasitəçiliklə nəticə əldə olunmursa, ikitərəfli qaydada razılaşmaya nail olmaq daha çətin ola bilər. Vasitəçilər tərəfləri ortaq mövqeyə gətirə bilir. Amma birbaşa dialoq zamanı hər iki tərəf öz mövqeyini deyəcək, bununla da danışıqlar nəticəsiz bitəcək. Hesab edirəm ki, danışıqlarda neytral vasitəçiyə ehtiyac var. Bu baxımdan, Avropa İttifaqı müzakirələrin təşkili və sülh prosesisnin irəliyə aparılmasında daha yaxşı rol oynayır.

İndiyə qədər Avropa İttifaqı Şurası Prezidentinin vasitəçiliyi ilə liderlərin dörd görüşü keçirilib. Beşinci görüşün də təşkilinə hazırlıq gedir. Brüssel formatında Qarabağ məsələsi müzakirə olunmur, danışıqlar müsbət istiqqamətdə gedir, Minsk qrupunun vasitəçiliyi məsələsi yoxdur. Soçi görüşündə isə həm Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisində qalma müddətini uzatmaq istədilər, həm də status məsələsini gündəmə gətirməyə çalışdılar. Avropa İttifaqı bunların heç birini təklif etmir. Hətta Avropa İttifaqı Azərbaycana və Ermənistana maliyyə dəstəyi ayıracaq. ABŞ-ın danışıqlara ev sahibliyi etməsi də faydalıdır. Amma üçüncü tərəfin iştirakı olmadan danışıqlarda nəticə əldə etmək mümkün olmayacaq".

Politoloq hesab edir ki, ABŞ-ın vasitəçisiz danışıq aparmaq təklifi daha çox Rusiyanın prosesdən kənarlaşdırılmasına hesablanıb:

"ABŞ Rusiyaya mesaj verir ki, mane olma, qoy tərəflər özləri razılığıa gəlsin. Sən işə qarışanda "oyunu" pozursan. Çünki Rusiyanın Ermənistana təsir imkanları azaldığından əsas istinad nöqtəsi Qarabağdakı separatçılardır. Rusiya qondarma rejimlə ittifaq yaradıb, onlara silah-sursat daşıyır. Prezident İlham Əliyev də öz çıxışında dedi ki, sülhməramlılar müddəti başa çatdıqdan sonra bölgəni tərk etməlidir. Fikrimcə, biz diqqətimizi daha çox Qarabağa yönəltməliyik. Azərbaycan Laçından çəkilən yeni yolu nəzarətə götürməli, erməni silahlı birləşmələri tərksilah olunmalı, sülhməramlılar bölgəni tərk etməli, Xocalı, Şuşanın kəndləri azad olunmalı, Xankəndidə Azərbaycan qanunları işləməlidir. Yəni görüləcək çox işlər var. Bunların hamısını özümüz etməliyik".




Paylaş:


Müəllif : Tarix:
10-11-2022, 09:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər