reklam
Regionxeberlericom.az » Sosial » Naxçıvan “Gestaposu”nun “fironluğu” artıq paytaxtda işləmir - Bakı öz “agent”inə sahib çıxdı

reklam

Naxçıvan “Gestaposu”nun “fironluğu” artıq paytaxtda işləmir - Bakı öz “agent”inə sahib çıxdı


Bir müddət əvvəl xalq artisti Həsən Ağasoyun 1.5 illik mübarizəsi nəticəsində qanunsuz olaraq çıxarıldığı işinə bərpa olunması xəbərindən sonra ikinci sevndirici məlumat Bakıdan gəldi.


Regionxeberlericom.az bildirir ki, Ovqat.com-un etibarlı mənbələrdən əldə etdiyi məlumata əsasən, Polis Akademiyasından məzunu olmuş və Naxçıvan DİN-dəki qanunsuzluqlara, nazir Rəşad İsmayılovun heç bir məntiqə sığmayan idarəetməsinə dözməyərək xidmətdən xaric olunan Şirzad Baxşəli Azərbaycan Respublikası DİN-də işlə təmin edilib.


Bildirilir ki, Şirzad Baxşəli Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə əməliyyat müvəkkili vəzifəsinə təyin olunub.


Xatırladaq ki, polis baş leytenantı Şirzad Baxşəli bir neçə ay bundan əvvəl Naxçıvan MR-in Daxili İşlər naziri Rəşad İsmayılov tərəfindən haqsız yerə "ləkələnərək" işdən azad olunmuşdu.


Şirzad Baxşəlinin Naxçıvan hakimiyyəti nəzdində ən böyük günahı Azərbaycan DİN-nin Polis Akademiyasından məzun olması idi. “Xan” rejiminin fikrincə, Polis Akademiyasından bu diyara göndərilən bütün yeni kadrlar “Bakının agentləri”dir və onlar ən müxtəlif yollarla nəinki Naxçıvandan, hətta polis orqanlarından çıxarılmalıdırlar.


Haqqında danışdığımız baş leytenant da Akademiya məzunu idi, 2019-cu ildə bu təhsil ocağını bitirərək Naxçıvana göndərilmişdi. Ordubad RPŞ-yə polis sahə inspektoru vəzifəsində əmək fəaliyyətinə başlayan Şirzad Baxşəli daha sonra Nazirliyin Cinayət Axtarışı İdarəsinə əməliyyat müvəkkili vəzifəsinə gətirilmişdi. Bu ilin 24 iyun tarixində isə o, Culfa RPŞ-yə polis sahə inspektoru vəzifəsinə təyin olunmuşdu ki, bu da polis zabiti ilə Naxçıvan MR DİN arasındakı ziddiyyətlərin böyüməsinə yol açmışdı.


Məsələ burasındadır ki, polis baş leytenantı Naxçıvanda işlədiyi 3 il müddətində oxuduqları ilə real həyat arasında böyük uçurumları aydın şəkildə sezir və rəislərindən, nazirdən aldığı qanunsuz əmrləri sorğulayırdı. Bu da Muxtar Respublikada onun barəsində şübhələr yaradır və bu gənc hüquqşünasın “xan” rejiminin təməllərini qazmağa çalışması kimi qiymətləndirilirdi. Beləcə, Şirzad Baxşəli də Akademiyanın digər məzunları kimi qısnamalara məruz qalmışdı. Şirzad Baxşəli də bu sıxıcı və dözülməz mühitdən can qurtarmaq təlaşına düşmüşdü.


Özünün Nazirlikdən Culfa rayonuna sahə inspektoru vəzifəsinə göndərilməsinin də cəzalandırma məqsədi daşıdığına inanan gənc polis zabiti çarəni işdən ayrılmaqda görmüşdü. Di gəl ki, hələ də quldarlıq quruluşu ənənələrindən xilas olmayan Naxçıvanda Şirzad Baxşəlinin öz iş hüququndan istifadə etmək xülyasına düşməsi anormallıq kimi başa düşülmüşdü. Naxçıvanın yazılmamış qanunlarına əsasən, Şirzad Baxşəli yalnız bir halda işdən azad oluna bilərdi: quldarların istədiyi təqdirdə, özü də şəxsi işi ləkələnərək.


Maraqlıdır ki, Naxçıvan MR DİN-ə istefa ərizəsini verəndə ona bu diyarda hələ də Çar Rusiyasından qalma “Təhkimçilik hüququ”nun keçərli olduğu xatırladılmış və ərizəsi qəbul edilməmişdi. Bu durumda Şirzad Baxşəliyevin qanunlara söykənməkdən başqa yolu qalmamışdı. O, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə istinad edərək, avqust ayının axırlarında işdən çıxmaq barədə ərizə yazıb rəsmən Naxçıvan MR DİN-nin Kadrlar İdarəsinə göndərmişdi.


Məcəllənin həmin maddəsinə əsasən, işçi öz mükəlləfiyyətlərinə son vermək istədiyi təqdirdə yazılı şəkildə işəgötürənə müraciət edə bilər. İşəgötürənin isə 1 ay ərzində onun ərizəsinə müsbət cavab verməmək hüququ yoxdur. Hətta işəgötürən razılaşmasa belə, işçi 1 aydan sonra avtomatik istefa vermiş sayılır.


Ağlı hüquqi dövlətlərə gedən polis zabitinin bu təşəbbüsü təbii ki, Naxçıvan MR DİN-də aşağılayıcı ironiya ilə qarşılanmış, ona bildirilmişdir ki, istəyirsən raketə min, kosmosa çıx, biz səni xoşluqla işdən azad etməyəcəyik.


Qanunvericilikdə nəzərdə tutulan 1 aylıq məcburi əmək müddəti bitdikdən sonra da işdən çıxarılmadığını görən Şirzad Baxşəli özünü avtomatik olaraq istefaya göndərildiyi məntiqindən hərəkət edərək işə gəlməməyə başlamışdı. 4 günlük “tətil”dən sonra bu gənc adamın köhnə hamama təzə tas gətirdiyini, bununla da quldarlıq qaydalarına üsyan etdiyini düşünən Naxçıvan MR DİN rəsmiləri onu nazirliyə çağırıb nə Naxçıvanın qədim Roma qədər azad, nə də Şirzad Baxşəlinin Spartak olduğunu polis zabitinin diqqətinə çatdırmışdılar. Asi polisin xoşluqla başa düşmədiyini görüncə isə barəsində qərar verilmişdi: şəxsi işinə xidmətə yararsız maddəsi yazılaraq işdən azad olunsun.


Naxçıvanın hələ də generallığa tamarzı naziri Rəşad İsmayılov bu qərarı verərkən, əlbəttə ki, Şirzad Baxşəlinin üzünə polis orqanlarını bağladığına inanırdı. Çünki bu zamanadək belə olmuşdu. Hər il işdən çıxarılan Polis Akademiyasının məzunları Bakıda və digər rayonlarda iş tapa bilmədiklərindən ya “Bolt” taksisi işlətmiş, ya da bazarda qaşıq satmışdılar. 5 il min bir əzab-əziyyətlə Polis Akademiyasını bitirib tikintilərdə fəhlə işləyən “asi polislər” də az deyil. Görünür, Naxçıvan quldarlığında “Spartak”lıq eşqinə düşən Şirzad Baxşəlini də eyni tale gözlədiyinə inanan Rəşad İsmayılov əslində onun mənən qətlinə fərman vermişdi.


Aldığımız məlumat təsdiqlənərsə, aydın olacaq ki, Bakıda artıq Naxçıvan “Gestapo”sunun qərarları keçmir. Xüsusilə də özünü nazir hesab edən (onun nazirliyinə “xan” həzrətləri fərman verib, Prezident İlham Əliyevin isə bunu təsdiqləyib-təsdiqləmədiyi bəlli deyil) Rəşad İsmayılovun imzaladığı sənədlərin boş kağız parçası qədər dəyərinin olmadığı ortaya çıxır.


İnformasıya mənbəmizin fikrincə, Azərbaycan DİN-nin bu qərarı həm də “öz övladlarına” sahib çıxmasıdır. Polis Akademiyasının bütün məzunları da özlərini məhz belə adlandırır və “xan”ın onlara bəslədiyi ögey münasibətin səbəbini Naxçıvanla Bakı arasındakı ziddiyyətdə axtarırlar. Bizim vasitəmizlə Azərbaycan Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazova ünvanladıqları çox saylı müraciətlərində də bunu vurğulayıblar: “Cənab nazir, lütfən, Naxçıvanda hər gün min bir təhqirə məruz qalan övladlarınıza sahib çıxın”.


Azərbaycan DİN-in Naxçıvandakı mənəvi övladı isə təkcə Şirzad Baxşəli deyil. Bu il 30-a yaxın polis zabitinin ləkələnərək işdən atıldığı bildirilir. Onlardan bəzilərinin siyahısı:


1. Cəhri polis bölməsindən bas-leytenant Samir (familiyasını dəqiqləşdirə bilmədik);


2. Sədərək rayon polis söbəsinin cinayət axtariş bölməsinin reisi polis kapitanı Səfa (familiyasını dəqiqləşdirə bilmədik);


3. Naxçıvan şəhər 1 nömrəli polis bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahmar Əliyev;


4. Şərur polis idarəsindən Çərkəz Əkbərov;


5. Yenə eyni bölmənin polis kapitanı Cəlil Agayev;


6. Babək rayon polis idarəsindən polis baş leytenantı Mətin (familiyasını dəqiqləşdirə bilmədik). Məlumata görə, Mətin bəyi yola gətirmək üçün ona yağlı vəzifə - təhqiqatçı işi və yüksək maaş təklif olunub;


7. Babək rayonu Polis İdarəsindən Elvin Ələsgərov;


8. Naxçıvan şəhər 1 nömrəli Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı İbrahim Abdullayev;


9. Kəngərli rayon polis şöbəsinin sahə inspektoru polis baş leytenantı Tuncay Əliyev;


10. Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşı Elvin Cəfərli və s.


Bundan əlavə, Naxçıvanda fəaliyyət göstərən digər polislər də əslində heç bir hüquqa malik deyillər. Bir çoxları amansız istismara məruz qalır, aşağılanırlar. Odur ki, təkcə Naxçıvandan baş götürüb qaçanlar yox, həm də orda qalanlar bu zülmdən qurtarılmalıdır. Bunun yolu isə Naxçıvan MR DİN-in tamamilə ləğv olunmasından, yerində Azərbaycan DİN-in Naxçıvan Baş İdarəsinin yaradılmasından keçir. Bunu isə yalnız Azərbaycan Prezidenti həyata keçirə bilər.


Ovqat.com




Paylaş:


Müəllif : Tarix:
18-11-2022, 09:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər