reklam
Regionxeberlericom.az » Sosial » Milyarderin şəhid Babək Səmidlinin səsini yazması ilə bağlı yeni detallar - İLGİNC

reklam

Milyarderin şəhid Babək Səmidlinin səsini yazması ilə bağlı yeni detallar - İLGİNC


Məşhur iş adamı Fərhad Əhmədovla bağlı bir neçə gündür mətbuatda ilginc informasiyalar yayılır. Öncə onun evində, obyektlərində axtarış aparılması, daha sonra saxlanılması, 10 saat dindirilməsi barədə məlumatlar yayıldı. Onun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanıldığı, ölkəni tərk etməmək iltizamı tapşırığı aldığı bildirilirdi.

Daha sonra belə iddialar yayıldı ki, Fərhad Əhmədov şəhid polkovnik Babək Səmidlinin ordu haqda məlum səs yazısı ilə bağlı istintaqa çağırılıb. Belə ki, həmin söhbətdə səsi qalınlaşdırılmış şəxsin məhz Fərhad Əhmədov olduğu iddia edildi.

O səs yazısının nə məqsədlə yazılması, necə yayılması əlbəttə ki, maraqlıdır və araşdırılmalıdır.

Məsələ ilə bağlı rəsmi qurumların istintaq sirri və araşdırmaların davam etməsi ilə bağlı rəsmi açıqlama verməyə tələsməməsi başadüşüləndir.

Fərhad Əhmədovun özü isə bu iddialarla bağlı konkret fikir bildirmir, məsələnin mahiyyəti üzrə deyil, “diplomat” kimi davranır. Məsələn, Fərhad Əhmədovun köməkçisi Ruhəngiz Seyidova yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Amma ardınca etiraf edib ki, bəli, Fərhad müəllim şahid qismində DTX-ya dəvət olunub: “Yəni Fərhad müəllimi qandanlayıb aparmayıblar. Nüfuzlu adam kimi dəvət ediblər. Onunla söhbət Babək Səmidlinin yayılan səs yazısı məsələsi ilə bağlı olub. Ancaq onun saxlanılması, ev dustaqlığına buraxılması haqda xəbərlər yalandır. Fərhad müəllimin hazırda səhhəti də yaxşıdır, Göyçayda işlərinə nəzarət edir. Bir daha deyirəm, onun saxlanılması qəti yalandır. Biz belə xəbərlərə baxıb gülürük”.

Əgər ən etibarlı adamı Fərhad Əhmədovun Babək Səmidlinin səs yazısı ilə bağlı çağırılıb dindirildiyini etiraf edirsə, daha təkzib etdikləri nədir?

Bu, olduqca ciddi məsələdir. Niyə bu haqda konkret danışmaq əvəzinə “qandallanıb aparılmayıb”, “gülürük” kimi açıqlamalar verirlər? Səs yazısında səslənən fikirlər gülməli məsələdir?

Media dəhlizlərində belə bir iddia dolaşır ki, polkovnik Babək Səmidlinin səs yazısını Rusiya vətəndaşı olan milyarder Fərhad Əhmədov özü şəxsən, onun özünün xəbəri olmadan yazıb. Milyarderlə dost olan Babək Səmidli, sadəcə, səmimi söhbət etdiklərini düşünüb. Fərhad Əhmədov isə ona demədən, icazə almadan aralarındakı danışıqları yazıb.

Səmidli skandalının arxasından Rusiya xüsusi xidmət orqanlarının çıxması iddiası da ciddi şəkildə dəstəklənir və burada Fərhad Əhmədovun adı hallanır.

Hərbi ekspert Telman Əbilov “Yeni Müsavat”a deyib ki, məsələ araşdırılmalı, səs yazısının nə üçün, hansı məqsədlə yazıldığı və yayıldığı aydınlaşıdırılmalıdır: “Mətbuatda yazılır ki, guya Fərhad Əhmədov rus agentidir və bu səs yazısı da o məqsədlə yazılaraq yayılıb. Bu, əslində belədirmi? Əlbəttə ki, suala müvafiq orqanlar hərtərəfli araşdırma aparıb cavab tapmalıdırlar”.

Hərbi ekspert deyir ki, bu gün Azərbaycan Ordusunun rəhbərliyində Rusiyaya bağlı xeyli rəhbər kadrlar var: “Belə olduğu təqdirdə Fərhad Əhmədovun məlum səs yazısını yazması və iddia edildiyi kimi, Rusiya tərəfinə ötürməsi inandırıcı deyil. Korpusda 2-ci, 3-cü şəxs olan Babək Səmidlinin dediklərini Rusiya tərəfi Azərbaycan Ordusunun rəhbərliyində olan kadrlarından öyrənə bilmir? Babək Səmidli konkret olaraq səs yazısında Azərbaycan Ordusunda müharibə günlərində baş verənləri, çatışmazlıqları dilə gətirir. Ola bilər ki, hansısa şişirtmələr var, amma onun dediklərində həqiqət də var. Əslində araşdırılmalı məsələ budur. Fərhad Əhmədovun Rusiyaya casusluq etməsinə ehtiyac yoxdur, çünki ordu rəhbərliyində Rusiyaya işləyən xeyli kadr var. Burada sual ortaya çıxır: bəs bu səs yazısı niyə yazılıb? Məqsəd nə olub? Azərbaycan torpaqlarımızın işğaldan azad edilməsi üçün Vətən müharibəsinə başladıqdan sonra Rusiyada və digər xarici ölkələrdə yaşayan həmyerlilərimiz ordumuza dəstək nümayiş etdirdilər, əllərindən gələn köməyi əsirgəmədilər. Bir balaca imkanı olandan tutmuş milyonçulara, milyarderlərə qədər hər kəs orduya dəstək üçün imkanlarını səfərbər etdilər. Hər bir azərbaycanlı maraqlı idi ki, Vətən müharibəsindən qalib çıxaq. Belə də oldu. Fərhad Əhmədov da həmin günlərdə ordumuza dəstək verən iş adamlarından olub. Səs yazısına gəlincə, məncə, burada məqsəd ordumuzdakı nöqsanları ölkə rəhbərliyinə, cəmiyyətə çatdırmaq olub. Çünki orduda baş verənlərin real olaraq ölkə rəhbərliyinə çatdırılması indiki halda o qədər də asan məsələ deyil. Rusiyanın kadrları neqativlərin ölkə rəhbərliyinə çatdırılmasını əngəlləmək gücündədirlər. Vətən müharibəsinin ilk günlərində ikinci ordu korpusunda böyük bir təxribat baş verdi. Nəcməddin Sadıkov müharibəni ikinci ordu korpusunun cavabdehliyində olan ərazidən başlatmaqla korpusu mühasirəyə salmaq və məhv etmək planına baş vurmuşdu. Bunu 2016-cı ilin aprelində Talış istiqamətində etmişdilər. Ordumuzun elit qüvvəsini Nəcməddingil orada mühasirəyə saldırıb qırdırdılar. Bu məsələləri Babək Səmidli bilməmiş deyildi və o, bunları özü ölkə rəhbərliyinə çatdıra bilməzdi. Bu baxımdan ölkə rəhbərliyi ilə yaxşı münasibətləri olan, güvəndiyi, kifayət qədər tanınan həmyerlisi üzərindən ötürmək, çatdırmaq yoluna baş vura bilərdi. İnanmıram ki, Babək Səmidlinin səsi gizlin yazılıb. Mümkündür ki, o özü bu məsələləri danışıb və zamanında ölkə rəhbərliyinə çatdırılmasını, ictimailəşməsini istəyib. Bu, ordudakı həmin neqativləri aradan qaldırmaq naminə yazılmış bir səs yazısı da ola bilər. Təsəvvür edin ki, Babək Səmidli raportla bu cinayətə bərabər neqativləri ölkə rəhbərliyinə çatdırmaq istəsəydi, bununla özünə problem yaratmış olardı. Biz Azərbaycanda belə halları çox görmüşük. Babək Səmidli də bunu bilməmiş deyildi. O, ordudakı neqativləri, xaincəsinə idarəetməni aradan qaldırmaq naminə həmin səs yazısını yazdıra bilərdi. İnanmıram ki, bu səs yazısı Babək Səmidlinin razılığı olmadan yazılıb. Fərhad Əhmədova verib ki, zamanı gələndə yaysın”.

Hərbi ekspert deyir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Fərhad Əhmədovu çağırıb sorğulaması, səs yazısının daha ətraflı versiyasını axtarması normaldır: “Azərbaycan Ordusunun polkovnikinin, həm də şəhid olmuş polkovnikinin səs yazısı yayılıb. Həmin səs yazısında isə müharibənin içində olan Azərbaycan Ordusunun döyüş qabiliyyətinin aşağı salınması üçün atılan addımlardan söhbət gedir. Babək Səmidli Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavini olub. Yəni orduda, onun rəhbərliyində olduğu korpusda nə baş verdiyini o, çox detallı şəkildə bilməmiş deyildi. Bu baxımdan Babək Səmidlinin səs yazısında dilə gətirdiyi fikirlər çox ciddi şəkildə araşdırılmalı və hüquqi qiymət verilməlidir. Müharibə vaxtı Azərbaycan Ordusunun döyüş qabiliyyətinin aşağı salınması üçün çalışan hər bir kəs ən ağır cəzaya çatdırılmalıdır. Kimliyindən asılı olmayaraq”.

Yazı çapa hazırlanarkən Fərhad Əhmədovun köməkçisi Ruhəngiz Seyidova daha bir açıqlama verib. O, Manset.az-a şəhid polkovnik Babək Səmidlinin məlum səs yazısının Fərhad Əhmədov tərəfindən yazıldığını təsdiq edib: “Babək Səmidli özü xahiş edib ki, Fərhad müəllim onun səsini yazsın. O başa düşürdü ki, müharibədir, hər an hər şey ola bilər. İstəyirdi ki, səsi yazılsın və sonra onun ailəsinə verilsin. Müharibə ilə bağlı bir sıra düzgün məlumatlar yazılsın və lazım olarsa, cənab Prezidentə çatdırılsın”.

Ruhəngiz Seyidova Fərhad Əhmədovun Rusiyaya casusluqda günahlandırılması iddialarını təkzib edib: “Fərhad müəllimi Rusiya casusu adlandıran adam şəxsən özü casusdur, bunu deyə bilərəm. Göyçaydan aralanmayan bir adam casus ola bilərmi?! 44 günlük müharibə zamanı mən onun köməkçisi kimi orduya yardım göndərilməsi barədə ondan o qədər tapşırıqlar alırdım. Babək Səmidlinin Fərhad müəllimi Suqovuşana dəvət etməsinin səbəbi təşəkkürlə bağlı olub ki, buyurun, gəlin baxın nələr baş verir, erməniləri necə əzirik”.

Ruhəngiz Seyidova Fərhad Əhmədovun Dövlət Təhlükəsizliyi Xidmətində nəyə görə dindirilməsi məsələsinə də aydınlıq gətirib: “Hazırda evdədir. Səhhəti də çox gözəldir. Onun saxlanılması barədə xəbərlər səhv məlumatdır. O saxlanılmayıb, şahid kimi Dövlət Təhlükəsizlik Xidmətinə dəvət olunub. Babək Səmidlinin yayılmış səs yazısı ilə bağlı, sadəcə, şahid qismində söhbət edilib. Onu tutub, əllərini qandallayıb aparmayıblar. Ev dustaqlığının verildiyini deyirlər... Ev dustağı necə rayona gedə bilər, Bakıya qayıda bilər? Azərbaycan ərazisinin tərk edilməməsi ilə bağlı tapşırıq? Bu da cəfəngiyyatdır. O, ölkədən kənara çıxmayacağına dair sənəd filan imzalamayıb”.

Xatırladaq ki, Babək Səmidli müharibə bitəndən sonra, 23 noyabr 2020-ci ildə minaya düşərək şəhid olub. //“Yeni Müsavat”//




Paylaş:


Müəllif : Tarix:
24-11-2022, 09:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər