reklam
Regionxeberlericom.az » Sosial » Müəllimlərin maaşı təhsil nazirinin dediyi qədər yüksəkdir?

reklam

Müəllimlərin maaşı təhsil nazirinin dediyi qədər yüksəkdir?

"Hazırda ibtidai sinif müəlliminin maaşı hər hansı tədqiqat institutunun direktorununkundan çoxdur”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Doktorantların və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransında” bildirib. Nazir qeyd edib ki, bu, elə-belə nəticə deyil:

“Son illərdə müəllimlərin işə qəbuluna xüsusi diqqət edilir, qəbul müsabiqə əsasında həyata keçirilir. Artıq müəllimlərin sertifikasiya prosesinə də start verildi və nəticələrə uyğun olaraq əməkhaqqıları artırıldı. Prosesdə ilk iştirak edənlər də ibtidai sinif müəllimləri oldu. 2015-ci ildən etibarən bu istiqamətdə müəyyən addımlar atılır və prosesə davam ediləcək. Beləliklə, biz arzuolunan nəticələr əldə edə bilirik”.

Qeyd edək ki, nazirin ibtidai sinif müəllimlərinin əmək haqqı ilə bağlı bildiriyi ifadə barədə müxtəlif fikirlər səslənir. Müəllimlərin bir qismi sosial şəbəkələrdə əmək haqqının o qədər də yüksək olmadığını qeyd edirlər.

Doğrudanmı bu gün müəllimlərin əmək haqqı kifayət qədər yüksəkdir və əgər belədirsə, təhsil səviyyəsi niyə aşağıdır? Niyə uşaqlar 1-ci sinifdən əlavə hazırlığa gedirlər?

Təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirdi ki, əmək haqqı ilə bağlı elm və təhsil nazirinin səsləndirdiyi ifadə hüquqi baxımdan doğru deyil:

“Çünki institut direktoru 19-cu dərəcə əmək haqqı alır ki, bu da 979 manatdır. İbtidai sinif müəllimi isə 12-13-cü dərəcə əmək haqqı alır ki, bu da bir stavkaya görə 495 manatdır. Doğrudur, ibtidai sinif müəllimlərinin maaşı 1000 manatı keçə bilər, ancaq bir şərtlə ki, ən azı 18 saat işləsin. Bu gün Azərbaycanda 4432 orta ümumtəhsil məktəbində 151 min müəllim çalışır və onların yalnız 5 min nəfərinin maaşı 1000 manatdan çoxdur. Bu da o deməkdir ki, hər məktəbdə 1 nəfər 1000 manatdan yuxarı maaş alır. Ölkədə müəllimlərin əmək haqqı heç də kifayət qədər yuxarı deyil. Mən hələ indiyədək öz müəlliminə qarşı düşmən mövqedə olan ikinci bir nazir görməmişəm. “Müəllim səhv yazır, müəllim çox əmək haqqı alır” kimi fikirlər səslənir. Müəllimin maaşı hardan çoxdur?

Bu gün sosial baxımdan ən az təminatlı insan müəllimlər hesab olunur. Müəllimin orta aylıq əmək haqqı 400 manat civarındadır. Nazirin müşavirləri nə iş görürlər. Aparat rəhbəri fəaliyyəti dövründə bir məqalə yazıbmı? Şöbə müdirləri nə əmək haqqı alırlar? Yəni müəllimin əmək haqqını nə iləsə müqayisə etmək Azərbaycan müəlliminə, təhsilinə dost mövqe deyil”.

Ekspertin sözlərinə görə, bu gün təbii ki, tədris yükü çoxdur, uşaqlar ona görə repetitor yanına gedirlər:

“İbtidai sinifdə təhsilin keyfiyyətindən narazı ola bilmərik. Ona görə keyfiyyət yüksək deyil ki, bir sinifdə 35-50 nəfər uşaq var. Bu il ölkənin 1-ci siniflərinə 165 min uşaq gedib. Təkcə Bakının 320 məktəbində 48 min uşaq 1-ci sinifə gedib. Onları da siniflərə bölsək, hər sinifə 48-54 uşaq deməkdir. Hansı müəllim burada keyfiyyətə nail ola bilər. Dərsliklərimiz onsuz da faciəvi vəziyyətdədir. Bu gün biz müəllimlərin sosial vəziyyətini daha da yaxşılaşdırmalıyıq. Onları kommunal, nəqliyyat xərclərindən azad etməliyik, onlara dövlət qulluqçusu statusu verməliyik. Ondan sonra biz deyə bilərik ki, nədəsə biz müəllimlərin fəaliyyətindən narazıyıq. Biz heç nə vermirik, əvəzində ondan nəsə alırıq. Bu gün müəllimlər öz sağlamlıqlarını, həyatlarını uşaqlara həsr edirlər. Evdə valideynlər iki uşağı ilə yola gedə bilmir, ancaq 45 dəqiqə ərzində müəllim müxtəlif xarakterə malik olan 50 uşaqla məşğul olur. Budurmu bizim onlara təşəkkürümüz? Ulu öndər deyirdi ki, mən müəllim adından yüksək ad tanımıram. Bu gün repetitorluğun olmasının səbəbi müəllimlərin tədrisi zəif aparması deyil, qəbul imtahanlarının, dərsliklərin çətin olmasıdır.

Bu gün 11-ci sinifdə imtahan verərkən 5 il əvvəlki öyrəndiyiniz soruşulur və təbii ki, unudulacaq. Bunu təkrarlamaqdan ötrü əlavə müəllim yanına getməyə məcbursunuz. İbtidai sinifdə o qədər müəllim var, valideyn istəyir övladı daha yaxşı oxusun, repetitor yanına göndərir və bu, tədrislə bağlı deyil. Ancaq əmək haqqı ilə bağlı ifadələr bir dövlət məmuruna yaraşan ifadə deyil”.





Paylaş:


Müəllif : Tarix:
25-11-2022, 15:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər