reklam
Regionxeberlericom.az » Sosial » Oğul-uşağı gözüyaşlı qoyan Vasif Talıbov... - Bundan sonra NƏ OLACAQ?

reklam

Oğul-uşağı gözüyaşlı qoyan Vasif Talıbov... - Bundan sonra NƏ OLACAQ?


Vasif Talıbovun ətrafında baş verənlər, gözlənildiyi kimi, Naxçıvan Ali Məclisi sədrinin istefası ilə nəticələndi. Adətən belə stajlı və “özəl” məmurlar vəzifədən gedəndə onları, məsələn, baş nazirin müavini göndərirlər. Talıbovla bağlı isə vəziyyət fərqlidir və suallar yaradır. Naxçıvan Ali Məclisinin mətbuat xidməti Vasif Talıbovun istefasının səbəbinin səhhətində yaranmış problem olduğunu açıqlayb.

Regionxeberlericom.az bildirir ki, “Yeni Sabah”ın Talıbovlara yaxın şəxsə istinadən yaydığı xəbərə görə, əslində Vasif Talıbovun səhhətində hər hansı ciddi problem yoxdur. Sabiq Ali Məclis sədrinin sağlıq durumu hələ uzun müddət bu vəzifəni icra etməyə imkan verirdi. Mənbə deyib ki, Talıbov şəkərli diabetdən əziyyət çəkir. Amma onda şəkərin miqdarı yüksək deyil. O, qida rejiminə əməl etməklə uzun illər ərzində eyni çəkidə qalmağı bacarıb. Mənbə Vasif Talıbovun sağlam olduğuna dair başqa arqumentlər də gətirib. Bildirib ki, 62 yaşı olmasına rəğmən o, sonuncu dəfə 17 il əvvəl diş çəkdirib. Müsahibimiz yaxın ətrafında olan bir neçə nəfərin koronavirusa yoluxmasına baxmayaraq, Vasif Talıbovun bu xəstəliyə tutulmamasını onun sağlam və güclü orqanizmə sahib olması ilə əlaqələndirib.

Bəs “səhhəti ilə bağlı” istefaya gedən V.Talıbov Naxçıvanda qalıb “istirahət edəcək”, yoxsa ölkədən gedəcək? Onu hələ cinayət təqibinə almasalar da, məsuliyyətə cəlb edilə də bilər. Məsələn, sabiq spiker kimi ölkədən çıxdıqdan sonra barəsində cinayət işi açıla bilər və sairə... Hər halda, uzun onilliklər Naxçıvanda mütləq hakimiyyət olan Talıbov faktoru ortadan qalxmayıb. Bu da yeni islahatlara əngəl törədə də bilər. Bu kontekstdə naxçıvanlı deputatların açıqlamaları diqqət çəkir. Məsələn, Siyavuş Novruzovun dediklərinə diqqət edək: “Deyirdilər, ay camaatı qaldıracaqlar ayağa, ay ordu qalxacaq... Gördünüz, məsələ sakit yolla öz həllini tapdı. Azərbaycanda belə proses yoxdur ki, kimsə kiməsə güc göstərsin, əzələ nümayiş etdirsin”.

BAXCP sədri Qüdrət Həsənquliyevin Vasif Talıbovun istefasına münasibəti daha ilgincdir. “Bundan sonra Naxçıvan rahat nəfəs alacaq, inkişaf edəcək. Naxçıvanlılar tədricən ata yurdlarına dönəcək. Naxçıvanda qanunçuluğun bərpa olunması hər bir vətəndaşın arzusu idi. Əhali inhisarçılıqdan, bir nəfərin ağlasığmaz, düşüncəsiz qərarlarından xilas olub, dövlətçiliyimiz üçün böyük təhlükələrin qarşısı alınıb”, - partiya sədri əlavə edib. “Dövlətçiliyimiz üçün böyük təhlükənin qarşısı alınıb”. Bunu Talıbovun ünvanına indiyədək səslənmiş ən sərt ittiham da hesab etmək olar. Demək, proses Talıbovun istefası ilə yekunlaşmayacaq. Artıq Vasif Talıbovun Bakıda olan daşınmaz əmlaklarının siyahısı tutulduğu və bu istiqamətdə ciddi araşdırmaların getdiyi barədə xəbərlər yayılıb. Xəbərlərə görə, Bakı şəhəri Bakıxanov qəsəbəsində ASAN Xidmətin binasının ona məxsus olduğu, binanı 70 min manata icarəyə verdiyi, Bilgəh qəsəbəsi Bilgəh-Nardaran yolunun sağ tərəfində dəniz sahilində 3 hektar torpağın üzərində hər birinin qiyməti 18.000.000 AZN olan üç ədəd malikanə, Xəzər rayon Mərdəkan qəsəbəsi H.Z.Tağıyev küçəsindən 670 metr solda 1 hektar ərazidə 12 milyon manat olan bir villa, həmçinin digər çoxsaylı əmlaklarının olduğu təsbit edilib. Həmin əmlakların da alınacağı haqda məlumatlar yayılıb. Eyni zamanda Vasif Talıbovun istefasından sonra Naxçıvanda yeni yoxlamalara start verildiyi bildirilir, hazırda Naxçıvan MR Maliyyə Nazirliyində təftiş getdiyi deyilir.

Bəs Vasif Talıbovun sonrakı taleyi necə ola bilər? Naxçıvanda, ya Bakıda yaşayacaq? Yoxsa ölkəni tərk edəcəyi gözləniləndirmi? Naxçıvanda qalarsa, bunun mümkün fəsadları ola bilərmi?

Məlumata görə, təhlükəsizlik eksperti İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, Vasif Talıbov 30 ilə yaxın hakimiyyət dövründə Naxçıvanı özü bildiyi kimi idarə edirdi, faktiki olaraq onun Bakı ilə hesablaşması sıfıra yaxın idi: "Ona "xan" titulu elə-belə verilməmişdi. Naxçıvanı kefi necə istəyirdi, necə bilirdi, elə idarə edirdi. Öz bildiyi isə primtiv, hətta ibtidai icma quruluşu səviyyəsində idi. Naxçıvan bir ada kimi idi və bizim bir çox şeylərdən xəbərimiz olmurdu. Naxçıvandan olan deputatlar, siyasətçilər hətta dövlətimizin çox ciddi bir təhlükədən xilas olduğundan danışırsa, görünür, Vasif Talıbovun təkcə iqtisadi, inzibati gücü deyil, həm də hərbi gücü olub, başqa qaranlıq güclərə malik olub. İstisna deyil ki, Naxçıvanda fəaliyyət göstərən ordu, qoşunlar belə onun təsiri altında olub, əmrlərini yerinə yetirib. Belə bir təhlükə görünür ki, olub və get-gedə böyüyüb. Elə həddə çatıb ki, artıq Bakı üçün ciddi problem yaratmağa başlayıb. Ona görə məsələ bu şəkildə həll olundu. Gərək çoxdan həll ediləydi. Zərərin yarısından qayıtmaqda da fayda var. Vasif Talıbovun ambisiyaları təhlükə səviyyəsində olub və Bakı üçün təhlükə yaradıb. O, sıradan bir korrupsioner məmurlardan deyildi, onun əlində çox ciddi resurslar var idi. Və bu resurslar görünür, artıq dövlət üçün təhlükə yaradırmış. Odur ki, belə bir şəxs məncə, bundan sonra Bakıda qalacaq, Bakıda qalması məqsədəuyğun sayılacaq. Bundan sonra onun Azərbaycan üçün təhlükəsi qalmayacaq. Artıq onun qanunları Naxçıvanda keçməyəcək".

Siyasi şərhçi Oqtay Qasımov bildirdi ki, Vasif Talıbovun istefası ilə Naxçıvanda 30 ilə yaxın davam edən bir eraya son qoyuldu: “Vasif Talıbov 1995-ci ilin dekabrından Naxçıvan Ali Məclisinin sədri seçilsə də, faktiki olaraq Naxçıvana 1993-cü ilin iyun ayından rəhbərliyi o həyata keçirib. O, təxminən 30 illik hakimiyyəti dövründə Naxçıvanda repressiv rejim qurmağı bacarıb, iqtisadiyyat tamamilə monopoliyaya alınıb. Vasif Talıbovun istefası ilə faktiki olaraq köhnə qvardiyanın son "mogikan"ının gedişidir. Bundan sonra Vasif Talıbovun taleyinin necə olacağına gəlincə, bu, daha çox onun davranışlarından, özünü necə aparmasından asılı olacaq. Onun Naxçıvanda, yoxsa Bakıda yaşayacağı, yoxsa ölkəni tərk etməsi təkcə onun özünün seçimi yox, həm də hakimiyyətin müəyyən edəcəyi seçim olacaq. Uzun müddət yüksək vəzifədə işləyən, dövlət sirlərinə bələd olan, çox böyük kapitala malik adamların istefa verəndən və ya işdən çıxarılandan sonra ölkəni tərk etməsi, gedib hansısa xarici ölkədə yaşaması məqbul variant hesab oluna bilməz. Yəqin ki, ölkədə qalacaq və üzərində nəzarət olacaq. Vasif Talıbova bundan sonra davranışlarına uyğun münasibət sərgilənəcək. O, Azərbaycan vətəndaşıdır və ölkənin istənilən yerində yaşamaq onun hüququdur. Naxçıvanda yaşayarsa, bunun hansısa fəsadları, ortaya hansısa problemləri çıxarıb-çıxarmayacağına gəlincə, hesab etmirəm ki, hansısa ciddi fəsadları ola bilər. Düşünmürəm ki, Vasif Talıbov bundan sonra Naxçıvanda aparılacaq islahatlara hansısa əngəl törədə bilər. Ona heç bu imkanı verməzlər də".

YAP deputatı Elman Nəsirov isə bildirib ki, Vasif Talıbovun rəhbərlik etdiyi muxtar respublikada, faktiki olaraq, çoxsaylı cinayət faktları üzə çıxarılıb, həbslər həyata keçirilib, əksər nazirliklərdə isə istintaq prosesi gedir: “İlkin rəqəmlər yarım milyard manatdan artıq yeyinti hallarının olduğunu üzə çıxarıb. Hesab edirəm ki, bu hələ ilkin rəqəmlərdir. Belə olan vəziyyətdə suallar yaranır ki, Vasif Talıbovun doğrudanmı bunlardan xəbəri olmayıb? Əgər xəbəri yox idisə, o, necə rəhbərlik edirdi? Yox, əgər var idisə, bu, artıq ikiqat məsuliyyət yaradır. Bütün bu reallıqlar fonunda Vasif Talıbovun istefası labüd idi və bu da baş verdi. Mətbuatın yaydığı məlumata görə, o, səhhəti ilə bağlı istefa verdiyini bildirib. O ki qaldı Vasif Talıbovun istefasından sonra onun personası ilə bağlı məsələlərə, hesab edirəm ki, yalnız və yalnız o halda həmin məsələlərə baxıla bilər ki, əgər onun da fəaliyyətində cinayət faktları üzə çıxarılsa və rəsmən onun cinayət əməli sübuta yetirilərsə, onda Vasif Talıbovla bağlı atılacaq addımlar bir məna kəsb edəcək. Yox, bu, olmayacağı təqdirdə isə başqa məna. Ona görə də biz bir qədər gözləyək. Əgər o, hüquqi müstəvidə məsuliyyətə cəlb olunarsa, - hansı ki, bu, yalnız istintaq nəticəsində baş verə bilər - belə olan halda hakim partiyanın onun üzvlükdən xaric edilməsi məsələsinə baxması istisna deyil. Yox, artıq sübutunu tapmazsa, bu, artıq tamam başqa mənzərəni yaradacaq. Qısası, zamanı gözləmək lazımdır”.ə

ADP sədri Sərdar Cəlaloğlu isə deyib ki, Vasif Talıbov öz xoşu ilə istefa verməyib. Vasif Talıbovun Naxçıvanda törətdiyi cinayətlərlə bağlı o qədər aydın və dəqiq faktlar toplanılıb ki, o, Bakıya çağırılaraq, həmin faktlar qarşısına qoyulub və onu çox ağır bir aqibətin gözlədiyi ilə bağlı xəbərdar edilib: “Vasif Talıbov üçün bir çıxış yolu da qoyuldu ki, istefa verməklə bu vəziyyətdən çıxsın. Əslinə qalsa, Vasif Talıbov 30 il ərzində Naxçıvanda apardığı siyasətə görə həbs olunmalı idi. Orada hər cür cinayətlər - dövlət və şəxsiyyət əleyhinə olan cinayətlər baş verib. Bütünlükdə demək olar ki, Naxçıvan 30 il ərzində Azərbaycandan qoparılıb. Mənə elə gəlir ki, Vasif Talıbov Bakıya çağırılandan sonra ona tapşırıblar ki, vəzifəsindən getsin. Yəni o, öz xoşu ilə yox, yuxarıların təkidi ilə istefa verib. Görünür, onun həbs edilməsi, yaxud haqqında cinayət işinin qaldırılması bu saat bir o qədər də məqbul hesab edilmir”.

ADP sədrinin qənaətinə görə, Vasif Talıbov istefa verəndən sonra Naxçıvanda çox ciddi araşdırmalar aparılır: “Bütün dövlət qurumları yoxlanmalıdır, Naxçıvanda 30 il ərzində kimlərin hüquqları necə pozulub, kimlər necə öldürülüb, kimlər necə didərgin salınıb, kimlərin əmlakı necə əldə edilib, kimlər Ermənistana, İrana, Rusiyaya xidmət edib, kimlər PKK və İŞİD-lə əlaqələr saxlayıb - bütün bunların hamısı çox ciddi şəkildə araşdırılmalı və Naxçıvan siyasi cəhətdən təmizlənməlidir”.

Cəlaloğlu onu da əlavə edib ki, Naxçıvanda siyasi partiyaların fəaliyyətinə geniş yer verilməlidir: “Naxçıvan Azərbaycanın yeganə bir ərazisidir ki, heç bir partiyanın yerli təşkilatı demək olar ki, orada normal fəaliyyət göstərə bilmir. Fikrimcə, son vaxtlar Azərbaycan elə addımlar atır ki, bu addımlar ümid verir ki, ölkədə bu günə qədər mövcud olan daxili siyasət dəyişdiriləcək və tədricən Azərbaycanda hüquqi və sosial dövlət quruculuğu istiqamətində müəyyən addımlar atılacaq”.




Paylaş:


Müəllif : Tarix:
23-12-2022, 09:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər