reklam
Regionxeberlericom.az » Sosial » Maaş, pensiya və sosial müavinətlərin artırılması nəyin hesabınadır?

reklam

Maaş, pensiya və sosial müavinətlərin artırılması nəyin hesabınadır?


Pərviz Heydərov yazır...

2023-cü ilin ilk günlərində ölkə başçısı İlham Əliyev tərəfindən son 5 ildə sayca dördüncü sosial paketin icrasına dair sərəncam imzalandı. Sənədə əsasən minimum əməkhaqqı ilə pensiya məbləği və demək olar bütün növ sosial müavinətlər, təqaüdlər artırıldı. 1,9 milyon vətəndaşı əhatə edən sözügedən bu yeni sosial paketin icrası üçün il ərzində 750 milyon manat vəsait xərclənəcək.

Sual oluna bilər ki, bu, neftin hesabınadır, yoxsa qeyri-neft sektorundan dövlət büdcəsinə daxil olan gəlirlərin?

Bəli, keçən il və ümumiyyətlə, son illər ərzində neftin dünya bazar qiymətləri bizim üçün əlverişli olub. Hətta proqnoz ediləndən ikiqat artıq gəlir əldə edilib. İl ərzində büdcənin icrasının yekununda profisitin əldə olunması məhz bunun nəticəsidir. Bu, üzümüzü güldürən hadisədir.

Bundan əlavə, 2019-cu ildən etibarən dövlət büdcəsinə daxil olan gəlirlərin təminində neftdənkənar sahələrdən mədaxilin də müsbət tendensiya üzərində köklənməsi və bu amilin özünü getdikcə, daha çox büruzə verməsi böyük əhəmiyyət kəsb edir. Vergi və gömrük kanalları üzrə daxilolmalar nəzərdə tutulandan çox artım nümayiş etdirir. Özü də ardıcıl olaraq, beşinci ildir.

Büdcəyə nəzərdən tutulduğundan, yəni proqnozdan artıq vergi və rüsum daxil olması ən yaxşı şəkildə ilk dəfə 2019-cu ildə qeydə alınıb. Həmin ildə həyata keçirilən islahatlar nəticəsində vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 1 milyard manatdan artıq vəsait daxil olmuşdu ki, bu, 2020-ci ilin əvvəlində də davam etdi. Lakin pandemiya buna imkan vermədi. 2021-ci ildə isə vergi daxilolmaları 15,5% artaraq 8,5 milyard manat təşkil etməklə proqnozu 17,7% üstələdi.

Ötən ilə gəldikdə isə, 2022-ci ildə Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə 82,2% artıb. Yəni, 15 milyard 541,5 milyon manata bərabər olub. Bu dövr ərzində qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 27,9% artaraq 8 milyard 134,9 milyon manat təşkil edib.

Ümumiyyətlə, Maliyyə Nazirliyinin operativ məlumatına əsasən ötən ilin yanvar-dekabr ayları ərzində dövlət büdcəsinə gəlirlər 30 milyard 660 milyon 600 min manat, xərclər isə 32 milyard 008 milyon 300 min manat təşkil etməklə 1 milyard 347 milyon 700 min manat (ÜDM-in 1% qədər) kəsir yaranıb. Bu, əvvəlki ilə nisbətən 35,6% çox olsa da, gəlir və xərclər 2021-ci illə müqayisədə müvafiq olaraq 16,2 % və 16,7 % yüksəkdir.

Sözüm ondadır ki, dövlət büdcəsinin profisitə yaxın icrasında bəlli səbəblər var. Birincisi, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində büdcə-vergi (fiskal) siyasəti təkmilləşib, üstəgəl İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Dövlət Gömrük Komitəsinin də iş üslublarında və yığım mexanizmlərində böyük keyfiyyət dəyişiklikləri baş verib.

İkincisi, qeyri-neft-qaz sektoru inkişaf edir. Hansı ki, bu, daha çox önəmli faktordur. İqtisadiyyatda şəffaflığın artması, kölgə iqtisadiyyatına qarşı mübarizənin güclənməsi nəticəsində açıq rəqabət mühitinin yaranması dövlət büdcəsinə proqnozlaşdırılan gəlirlərin qeyri-neft-qaz sektorundan vergilərin hesabına artması üçün geniş yol açır.

Digər faktor isə ondan ibarətdir ki, 2014-2015-ci illərdə dünyada neftin qiymətinin kəskin şəkildə enməsi səbəbindən 2015-ci ildə manatın məzənnəsinin iki dəfə devalvasiyaya uğramasından sonra ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün bütün zəruri vasitələr və siyasət həyata keçirilir.

Məhz bu siyasətin nəticəsidir ki, son 5 ildə çox böyük irəliləyişlər əldə edilib və edilir. Bu özünü ÜDM istehsalı həcmində qeyri-neft-qaz sektorunun payının yüksəlməsində, həmin sahədən ixracın və büdcəyə gəlirlərin artmasında göstərir.

Xatırladaq ki, keçən ilin ortasında dövlət büdcəsinə dəyişiklər də sırf neftin qiymətinə əsasən deyil, məhz qeyri-neft-qaz sektorundan əldə olunan gəlirlərin buna şərait yaratması hesabına baş verdi. Və Neft Fondundan transfert məbləğinin artırılmaması, əksinə, azaldılması buna ən bariz nümunə sayıldı.

Üçüncü səbəbə gəlincə, Dövlət Vergi Xidmətinin xəttilə büdcəyə daxilolmaların artmasında inflyasiyanın da rolu oldu. Belə ki, 2022-ci il ən böyük bahalaşma ili olaraq yadda qaldı ki, qiymətlərin artması büdcəyə mədaxili genişləndirdi. 

Lakin dövlət büdcəsinə gəlirlərdə qeyri-neft-qazdan daxilolmaların artmasında inflyasiya amilinin rolu və təsiri sırf keçən ilə aiddir, yuxarıda isə son 5 ilin ərzindəki tendensiyanı qeyd etdim.

Son olaraq qısa yazım ki, son 5 ilin ərzində dördüncü sosial paketin icrası məhz ölkə iqtisadiyyatında artımın nəticəsidir və bilavasitə təkcə neftin deyil, dövlət büdcəsinə neftdənkənar sahələrdən gəlir və vəsait daxilolmalarının hesabınadır. Ölkə başçısı İlham Əliyev isə dəfələrlə qeyd edib ki, büdcəyə nəzərdə tutulandan nə qədər çox vəsait daxil olarsa birbaşa olaraq əhalinin sosial ehtiyacları üçün xərclənəcək.




Paylaş:


Müəllif : Tarix:
23-01-2023, 10:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər