reklam
Regionxeberlericom.az » Sosial » Şuşanın ayağındakı aksiya: NƏ ZAMANA QƏDƏR?.. - İNCƏLƏMƏ...

reklam

Şuşanın ayağındakı aksiya: NƏ ZAMANA QƏDƏR?.. - İNCƏLƏMƏ...


Bölgəmizdəki bu çətin vəziyyət fonunda yaşanan prosesləri politoloq Qabil Hüseynli ilə müzakirə etdik:

– Qarabağda, hələ ki Azərbaycanın nəzarətində olmayan, sülhməramlıların missiyasına daxil olan ərazilərimizdə vəziyyət nədir?

– Vəziyyət elə də ürəkaçan deyil. Azərbaycanın suveren hüquqları hələ ki, bu ərazilərə yayılmayıb. Üstəlik, həmin ərazidə erməni silahlı qüvvələrinin tör-töküntüləri, sayları 5-10 min arasında olduğu bildirilən qeyri-qanuni hərbi qüvvələr var. Qarabağın hazırda ermənilərin yaşadığı ərazilərində isə Rusiyanın layihəsi kimi ortaya atılmış Ruben Vardanyan kimi təhlükəli bir dələduz var və o, Azərbaycana qarşı müharibə ritorikasını daim işə salır və bir növ vəziyyəti gərginləşdirir. Üstəlik, dünya ictimai rəyi Laçın – Xankəndi yolunun bir hissəsində Azərbaycan ictimai fəallarının həyata keçirdiyi dinc aksiyanı o əraziləri blokadaya almaq cəhdi kimi qiymətləndirir. Laçın yolundan humanitar xarakterli, hətta bəzən insanların ehtiyaclarını qarşılamaq üçün yüklərin daşınmasına icazə verilsə də, elə təsəvvür yaradırlar ki, guya yol tamam bağlanıb. Məlum məsələdir ki, Azərbaycanın şərtləri yerinə yetirilərsə, Laçın yolunda ictimai fəalların aksiyası dayana bilər.

– Qərbin, Avropanın aksiyanın dayandırılması, guya öz ərazilərimizi “blokadaya almağımızla” bağlı sərsəm iddialarla Azərbaycana qarşı təsir elementlərini görürük. Bu cür yanaşmalarla nəyə nail olmağa çalışırlar?

- Avropa Birliyi müəyyən mənada Ermənistan-Azərbaycan arasında sülh bağlanması üçün kifayət qədər səy göstərdi və Brüssel şəhərində 4 dəfə hər iki ölkənin yüksəksəviyyəli nümayəndələrinin görüşü keçirildi. Sülh müqaviləsi yönündə demək olar ki, müəyyən məsafə qət edilmişdi. Məsələ budur ki, Fransanın bu işlərə müdaxiləsi, xüsusilə Prezident Makronun Azərbaycan əleyhinə sərsəm fikirlər söyləməsi ilə bu proses 4-cü görüşdən sonra dayandı. Fransa Ermənistanın yaratdığı şəraitdən istifadə edərək, Praqada olan görüşə birtəhər özünü “pərçimləyə” bilmişdi. Daha sonra Ermənistan Brüssel prosesində və yaxud Avropa Birliyinin vasitəçiliyi ilə aparılan bütün danışıqlar prosesində Makronun iştirakının zəruri olduğunu söylədi və olmayacağı təqdirdə sülh danışıqlarının baş tutmayacağını iddia elədi. Təbii ki, razılaşmalarda Fransanın bir vasitəçi kimi iştirak etməsinə və orada açıq surətdə ermənipərəst mövqe nümayiş etdirməsi kimi gedişlər nəzərdə turulmamışdı.

İndi isə Ermənistan Rusiya ilə əlaqələrini minimuma endirib və bu ölkənin olduğu müxtəlif adda qurumlardan çıxmağa hazırlaşır. Ermənistan öz istiqamətini birmənalı olaraq Qərbə yönəldir. Qərbin iqtisadi-siyasi strukturlarına, NATO-dan başlayaraq, iqtisadi birliklərə qədər inteqrasiya etmək xəttini tutub və bunu çəkinmədədn bəyan edir və bildirirlər ki, Ermənistan artıq Avropa dövləti olacaq. Beləliklə, Ermənistan müəyyən məsələləri həll etmək istəsə də, əsas məsələni -sülh yaratmaq, sülhün möhkəmləndirilmək istiqamətindəki istəklərini bir kənara qoyub, sülhyaratma prosesinə dəstək vermir, bəzi hallarda isə onu bloklayır və nəticə etibarilə bölgədə qarşıdurmanı tətikləyən bir ab-hava yaranıb. Bu çox qorxulu və təhlükəlidir. Burada məsuliyyət birmənalı olaraq Ermənistan siyasi rəhbərliyinijn üzərinə düşür.

– “Qorxulu və təhlükəli vəziyyət” deyərkən, Ermənistan tərəfinin yeni müharibəyə hazırlıqlar istiqamətində gördüyü işlərə işarə edirsiz?

– Baxmayaraq ki, Azərbaycanın qədim, tarixi torpaqları olan İrəvan xanlığının ərazisində ermənilərə özlərinə dövlət qurup, orada yaşayan azərbayacanlıların hamısı deport edilib, öz yurdlarından çıxmağa məcbur qalıb, Azərbaycan reallıqları qəbul edir. Bizim Ermənistan torpaqlarına iddialarımız yoxdur. İndiki Ermənistan əraziləri Azərbaycanın tarixi torpaqları olsa da, həmin dövlətin ərazi bütövlüyünü qəbul edirik. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etsə də, görünən odur ki, başqa hərəkətlər edir. Bizim ərazi bütövlüyümüzlə bağlı ən mühüm məsələ Qarabağın dağlıq hissəsindəki separatçı ermənilərin tərk-silah edilib, Azərbaycan qanunlarına tabe etdirilməsidir. Ermənistan bu məsələdə yaxasını kənara çəkmək istəsə də, əslində, qızışdırıcı rol oynayır. Laçın yolu ilə bağlı qaldırılan müxtəlif iddiaların da arxasında Ermənistan gizlənir. Belə demək mümkünsə, xristian dünyası da əl-ələ verərək, Qarabağın dağlıq hissəsindəki ermənilərə qarşı gah “genosid”, gah “humanitar fəlakət” iddiaları ilə nəğmələr oxuyur və real faktlar əvəzinə, yalançı iddialarla Azərbaycanın imicinə zərər gətirən müxtəlif təbliğat kampaniyaları aparırlar. Avropa Parlamentinin qəbul etdiyi son anti-Azərbaycan qətnaməsi də özünün subyektivliyi, tarixi obyektivlikdən, ədalətdən kənar olması, üstəlik, qızışdırıcı mövqeyi ilə seçilir.

Bütün bunların fonunda deyə bilərik ki, müharibə təhlükəsi qalır. Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın şəxsi heyyət daxil olmaqla, silah və texnikası qalır. Bu silahlı qüvvələrin çıxarılması 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli müqavilənin 4-cü maddəsində öz əksini tapıb. Bu maddəyə əsasən Azərbaycan ərazisində bir erməni əsgəri qalmamalıdır.

Azərbaycanın əsas məqsədi birirnci növbədə, həmin silahlı qüvvələrin ərazilərdən çıxarılması, yaxud onların yox edilməsini təmin etməkdir. Azərbaycan bununla bağlı lokalxarakterli antiterror əməliyyatları keçirməyə hazırdır. Sadəcə olaraq bunun həyata keçirilməsi müəyyən müddətə qədər gözləmə mövqeyini saxlayır.

– Belə bir şəraitdə, Azərbaycan vətəndaşları Laçın-Xankəndi yolunda keçirilən dinc aksiyalarda aktiv iştirak edir. Aksiyanın bundansonrakı xarakterində siyasilərin iştirakı ilə hansı dəyişikliklər edilə bilərmi?

– Dinc aksiyalara yanaşmada dünyanın tərəfkeş addımlarını görürük. Biz tutaq ki, aksiya iştirakçılarının tərkibində siyasilərin, yaxud digər şəxsləri qatsaq da, hələ ki, vəziyyətin istənilən səviyyəyə gələcəyi haqqında tam fikir söyləmək çətindir. Ermənistan bütün dünyaya yayıb ki, guya Laçın yolunda olan erməni əhalisi acından qırılır, hətta “Leninqrad blokadası”na bənzər blokadanın mənzərəsini yaratmağa çalışırlar. Əslində, humanitar dəhliz özünün fəaliyyətini göstərir, Xankəndinə humanitar yüklər daşınır, “Qırmızı Xac Cəmiyyətinin, Rusiya sülhməramlılarının maşınları, eləcə də ermənilərin özlərinin o yoldan Ermənistana sərbəst keçmələri üçün də hər hansı maneə yoxdur. Nədənsə dünya bu məsələyə daha tərs, qızışdırıcı mövqe tutur, Azərbaycana təzyiqlər göstərir. Yolun açılmasını və oradan bütün maneələrin götürülməsini tələb edirlər. Əgər bu məsələdə Rusiya müəyyən mənada neytral idisə, artıq o da yolun açılması ilə bağlı danışıq aparmağa başlayıb. Biz yolun açılmasına o zaman razı ola bilərik ki, bundan sonra həmin yolda rengen-skayner tipli yoxlama aparatlarının yerləşdirilməsinə icazə verilsin. Həmin aparatların işləmə vəziyyəti, yoldan ötən insanların gömrük nəzarətindən keçməsində də Azərbaycan tərəfi cavabdeh olsun. Bu məsələdə ermənilər ayaqlarını dirəyib müsbət cavab vermək istəmirlər. Onları müdafiə edən, qızışdıran dairələrin konstruktiv hərəkətlər etməmələri barədə qulaqlarına “pıçıldayırlar”.

– Avropa İttifaqının müşahidə missiyasının Ermənistana səfəri özündə nəyi ifadə edir?

- Təəccübünü gizlədə bilmirsən. Balaca bir ölkəyə, cəmi 2 milyon əhalisi olan bu qədər hərtərəfli qayğının mənasını başa düşmək çətindir. Azərbaycanın qazı ilə isinən, nefti ilə problemlərini həll edən Avropa ölkələri hadisənin mahiyyətinə varmaq istəmirlər. Azərbaycanın ərazi bütövlüyünü tanımısınız. Azərbaycan istəyir ki, öz ərazilərində sülhü bərqərar etsin, suverenliyi təmin olunsun. Niyə Avropa, Qərb Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, onun suverenliyinin bərpasına qaşı çıxmalıdır? Nəyə görə Azərbaycan öz daxilində sərhədlərinin təhlükəsizliyini təmin etməməlidir?! Avropanın hansı ölkəsi öz sərhədini işğalçı dövlətə açıq saxlayıb. Düşünsünlər...

Görünən odur ki, Avropanın xristian təəssübkeşliyi, ikili standartlara əsaslanan yanaşma tərzi, hadisələri düzgün araşdırmağa, Azərbaycanın bu bölgədəki istəklərinin nədən qaynaqlandığını öyrənməyə imkan vermir. Azərbaycan geniş siyasi iş aparıb, onların nəzərinə bir daha çatırmalıdır ki, biz suverenliyimiz uğrunda mübarizə aparırıq. Biz işğalçını ərazilərdən qovub-çıxarmışıq, amma tör-töküntüləri ərazilərimizin bir hissəsində qalır. Üstəlik, həmin ərazilərdə müxtəlif ölkələrin layihələrinin həyata keçirilməsinə cəhdlər edilir. Avropa, Qərb vəziyyətin bu aspektlərinə diqqət vermək əvəzinə, olmayan “humanitar fəlakət”, olmayan “blokada” və sair çərənləmələri önə çəkirlər. Görünən odur ki, Azərbaycan reallığı həmin qüvvələrin öz dillərində anlatmalıdır.

- Azərbaycan-Ermənistan danışıqları hansı müstəvidə və kimin vasitəçiliyi ilə keçirilə bilər?

– Rusiya çalışır ki, danışıqlar onun vasitəçiliyi ilə keçirilsin. O, özünü Cənubi Qafqazda mütləq qüvvə hesab edir və Qərb dünyasının bu areala müdaxilə etməsini istəmir, üstəlik, sülhyaratma prosesində fəallıq göstərmir. Avropa Birliyi bu məsələdə Rusiyanı üstələyir və daha təşəbbüskar çıxış edir. Ona görə də ABŞ daxil olmaqla, Avropada son zamanlar bir sıra təşəbbüsləri həyata keçiriblər. Məsələn, ABŞ-ın xarici işlər naziri Blinker Azərbaycanın, Ermənistanın xarici işlər nazirləri ilə əlaqələr qurub. Eləcə də Azərbaycanın Prezidenti ilə telefon əlaqəsi yaratdığı qeyd olundu. Belə bir təsəvvür yaranır ki, Qərb bununla həm Rusiya təsirinin güclənməsinin qarşısını almağa çalışır, həm də bölgədə möhkəm və dayanıqlı sülhün yaranmasına cəhdlər edir. Bu nöqteyi-nəzərdən Qərbin təklif etdiyi sülh variantında pozitiv məqamların olduğunu söyləmək mümkündür.

– Necə hesab edirsiniz, Rusiya-Ukrayna müharibəsinin Qarabağ məsələsinin həllinə təsir imkanları nədir?

- Aydın məsələdir ki, bölgədə bizim başımıza açılan bütün müsibətlərin baiskarı Rusiyadır. Azərbaycana qarşı erməni işğalı da Rusiyanın yaxından iştirakı ilə həyata keçirilmişdi. Xocalı soyqırımı törədilən zaman Rusiya silahından, alayından istifadə edilmişdi. İndi də ermənilər deyirlər ki, “Bizim Xocalı soyqırımında günahımız yoxdur, bunu rus əsgərləri ediblər”.

Rusiya indi də istəyir ki, bölgədə mövcud olan problem “tüstülənən ocaq” kimi qalsın, tərəflər bir-biri ilə daim çəkişsinlər və lazım olanda “kömək” üçün Rusiyaya müraciət etsinlər. Beləliklə, Rusiya bu bölgədə öz təsirini qoruyub-saxlasın. Ona görə də Rusiyanın bölgədəki fəaliyyəti çox destruktivdir və bu ərazilərdən çıxarılması işin xeyrinə olardı. Bölgədə sülhyaratma prosesi Qərbin əlinə keçməkdədir.

Ukraynada müharibəyə gəlincə, bu savaş bütün dünyaya təsir göstərəcək və yeni dünya düzəninin yaranmasına səbəb olacaq. Ukrayna müharibəsində Rusiya məğlub olarsa, tamamilə fərqli çalarlara, fərqli göstəricilərə malik olan dünyanın doğuşunun şahidi olacağıq. Daha çox humanist və insani xarakter daşıyan, sivilizasiyanın inkişaf meyilləri ilə şərtlənən yeni dünyanın yaranması Ukraynanın bu müharibədə qalib gəlməsi və ərazilərindən rus qoşunlarının çıxarılması ilə proseslər başlaya bilər. Şübhəsiz, bunun Qarabağla bağlı müsbət təsirləri də olacaq

- Bu gün Avropadan və Qərbdən Azərbaycana yönəlik bəzi “narahatlıqlar” Türkiyə-Azərbaycan münasibətlərinin daha da istiləşməsi, Türkiyənin regiondakı varlığı və Zəngəzur yolundan türk dünyasına açılan yolla əlaqələndirilir. Sizcə, bəzi güclərin Azərbaycanda toqquşan maraqları nə ilə bitə bilər?

- Nə baş verməsindən asılı olmayaraq, Türkiyə-Azərbaycan münasibətləri dəyişməzdir və yüksələn xətt üzrə inkişaf edir. Kimlər bu əlaqələrdən qıcıqlanıb onu pozmağa çalışırsa, heç nəyə nail ola bilməyəcəklər. Türkiyə faktoru bu bölgədə münasibətlərin sağlamlaşmasına yönələn faktordur. Üstəlik, türk dünyasını səfərbər edən bir amildir və bunun əhəmiyyəti hər gün artır. Türk dünyasını birləşdirmək istiqamətində yeni cəhdlər özünü göstərir.

Ermənistana təsirlərə gəldikdə, Türkiyə bu istiqamətdə ciddi addımlar atır və erməniləri sülhyaratma prosesində səmimi iştirak etməyə, başqa dövlətlərin diqtəsi ilə çalışmamağa dəvət edir. Hər halda ermənilərin bir arzusu da Türkiyə ilə sərhədlərin açılması və Türkiyə ərazisindən istifadə edərək, dünyaya açılmaqdır. Ona görə də Türkiyənin bölgədəki roluna maneə olacaq heç nə ola bilməz. Türkiyə-Azərbaycan birliyi qardaşlıq, strateji birlikdir. Bu əməkdaşlığı daha da inkişafı “Bir millət, iki dövlət” ideyasının bütün sahələrdə reallaşmasına perspektivlər açacaq. //hafta.az//




Paylaş:


Müəllif : Tarix:
27-01-2023, 09:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər