reklam
Regionxeberlericom.az » Sosial » Naxçıvan polisi vətəndaşın başına NECƏ OYUN AÇIB... - "Rəis əvəzi mayor Elvin Səfərlinin göstərişidir..."

reklam

Naxçıvan polisi vətəndaşın başına NECƏ OYUN AÇIB... - "Rəis əvəzi mayor Elvin Səfərlinin göstərişidir..."

 

Naxçıvan şəhər sakini Hacıyev İlqar Vaqif oğlu polis idarəsində ona qeyri-qanuni rəftardan və qanunsuz yerə işindən azad olunmasından şikayətçidir.

O, bu barədə Yeniavaz.com-a müraciətində bildirib.

Vətəndaşın sözlərinə görə, ötən il dekabrın 1-də polis idarəsinə aparılıb:

“Mən Naxçıvan Beynəlxalq Hava Limanının Yanğın Təhlükəsizliyi Qəza Xilasetmə (YTQX) komandasının dispetçeri vəzifəsində işləyirdim. 01.12.2022-ci il, saat 18:00 radələrində Naxçıvan Şəhər Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi Şahin Novruzov tərəfindən Naxçıvan ŞPİ-yə aparılmışam. Mənə məxsus telefonum əlimdən alındığı üçün iş yerimə məlumat verə bilmədim. Naxçıvan ŞPİ-nin rəisi Elvin adlı şəxsin (mayor) dediyinə görə, iş yerimə (Hava Limanına) mənim polisdə olmağımla bağlı məlumat verilib. Haqqımda olan şikayət araşdırıldıqdan sonra və şikayət edən tərəf şikayəti geri götürdükdən sonra məni qanunsuz şəkildə 2 gün müddətində 08:00-dan 22:00-dək polis idarəsində saxladılar. Sonda şikayət geri götürüldüyü və günahsız olduğum üçün haqqımda inzibati tədbir görülmədi və cinayət işi açılmadı”.

İ.Hacıyev bildirib ki, daha sonra ona işindən azad olunduğu deyilib:

“02.12.2022-ci il tarixində Naxçıvan Beynəlxalq Hava Limanın direktoru Mənşur Gülməmmədlinin tapşırığı ilə kadr üzrə mütəxəssis Ayşən Əsədova məni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməmə) işimə xitam verərək məni işdən azad edib. Bir daha bildirmək istəyirəm ki, işə - 12 saatlıq növbəmə getməmə və zəng vurub məlumat verə bilməmə səbəbim polis idarəsində üzrlü səbəbdən olmağımdır. Naxçıvan ŞPİ məni 01.12.2022-ci il tarixindən 03.12.2022-ci ilədək polisdə saxladıqları halda polisdə olmağımı təsdiqləyən rəsmi sənəd verə bilmir”.

O, həmçinin polis əməkdaşları haqqında da bəzi iddialar səsləndirib:

“Polis şöbəsində mənə növbətçi hissənin adını bilmədiyim çavuşu yaxınlaşaraq dedi: “Rəis əvəzi mayor Elvin Səfərlinin göstərişidir, get ŞPİ ərazisindəki yarpaqları süpür”. Mən imtina etdiyim halda isə növbətçi hissənin rəisi (mayor) Teymurov Sərxan ŞPİ-nin binasının daxili təhlükəsizlik kamerasının qarşısında qolumu burub pilləkənlərdən aşağı itələdi və saxlanma yerində məni döyərək başıma zərbələr endirdi. Axırda orda olan çavuşlar və oranın çayxanasını işlədən şəxslər araya girib mübahisəni sonlandırdılar. Oradakı polis işçilərinin dediklərinə görə, Sərxan Naxçıvan MR Ali Məclisinin keçmiş sədri V.Talıbovun qohumudur, ona heç kim heç bir söz demir, qoçuluq edir. Şikayət geri götürüldüyü halda, ŞPİ-nin rəis əvəzi E.Səfərli məni iki gün polis idarəsində saxladı, buna görə işə gedə bilmədim və qanunsuz yerə işdən azad olundum. Məhkəmə qərarı olmadan və protokol tərtib olunmadan polis əməkdaşları Abbas və Şirxan telefonuma baxış keçirib”.

İddialarla bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev Yeniavaz.com-a bildirib ki, vətəndaşın işdən çıxarılması polisin səlahiyyətlərinə aid deyil:

“Vətəndaş polis orqanına daxil olmuş müraciət əsasında dəvət olunub. Araşdırma aparılıb. Onun hər hansı formada hüquqazidd əmələ məruz qalması ilə bağlı iddialar əsassızdır. Onun işdən çıxarılması və digər xüsusatlar polisin səlahiyyətlərinə aid olan məsələ deyil”.

Vətəndaşın işdən çıxarılması iddiaları ilə bağlı Naxçıvan Beynəlxalq Hava Limanı ilə əlaqə saxlamağa çalışdıq. Lakin qurumun rəsmi saytında qeyd olunan telefon nömrələrinə edilən zəglərə cavab verilmədi.









Paylaş:


Müəllif : Tarix:
3-02-2023, 13:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər