reklam
Regionxeberlericom.az » Sosial » "Media haqqında" Qanuna və reyestrə etirazlar... - jurnalistlər nəyi tələb edir?

reklam

"Media haqqında" Qanuna və reyestrə etirazlar... - jurnalistlər nəyi tələb edir?


Azərbaycanın müstəqil media nümayəndələri media reyestri ilə bağlı qanuna dəyişiklik edilməsi ilə bağlı "icazəli media istəmirik” kampaniyasına başlayıb.

Reyestrin mahiyyətcə lisenziya, icazə rolunu oynayacağını düşünən jurnalistlər bildirirlər ki, bu, Azərbaycan Konstitusiyasına ziddir.

Kampaniyadan öncə Azərbaycanın müstəqil jurnalistləri və media mütəxəssisləri "Media haqqında” Qanunun tətbiqi nəticəsində ortaya çıxan problemlərlərlə bağlı mövqe sənədi də imzalamışdı.

Nə baş verib?

2021-ci ilin sonunda Azərbaycanda "Media haqqında Qanun” parlamentdə müzakirəyə çıxarılıb və qəbul edilib.

2022-ci ilin fevralında ölkə başçısının qanunu təsdiqləməsilə qüvvəyə minib. Yeni qanun media və jurnalistlərin vahid reyestrinin yaradılmasını nəzərdə tutur.

Reyestrin aparılması qaydaları ölkə başçısının 26 sentyabr 2022-ci ilə tarixli Fərmanı ilə təsdiq edilib.

Ölkənin müstəqil jurnalistləri və media sahəsinin mütəxəssisləri düşünür ki, "Media haqqında” Qanunun qəbulu, Media Reyestrinin yaradılması ilə bağlı müddəaların tətbiqi ifadə, media azadlığına ziddir.

Qanunun qəbulu, təsdiqi ərəfəsində də müstəqil jurnalistlər buna etirazlarını bildirib, hətta iki dəfə Milli Məclisin önündə etiraz aksiyası keçiriblər.

Media qurumların məhkəməyə veriləcəyi ilə bağlı açıqlama

Məsələnin yenidən gündəmə gəlməsinin səbəbi isə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ötən ay verdiyi açıqlamadır.

Həmin açıqlamada bildirir ki, son iki ayda Media Reyestrində qeydiyyatdan keçmək üçün müraciət edən media strukturlarının sayı 200-dən çoxdur. Onlardan 160-a yaxınına müsbət cavab verilib, digərlərinin müraciətlərinə baxılır: "Həmçinin 180-ə qədər jurnalistin müraciəti təsdiq edilib”.

Media reyestrindən keçməyənlərə gəlincə, Əhməd İsmayılov həmin mediaların məhkəməyə veriləcəyini söyləyib: "Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Fəaliyyətlərinin davam etdirilib-etdirilməməsi barədə qərarı isə məhkəmə verəcək”.

Hökumət mediası müstəqil jurnalistlərin kampaniyasını "qarayaxma” adlandırıb. Bir neçə media qurumda sifarişli olduğu sezilən materiallarda İrandakı hadisələrdən sonra belə bir kampaniyanın başlanmasının səbəbi sorğulanır.

"Bəs niyə ələbaxan jurnalistlər hökumətdən ev, qrant, qayğı istəyəndə vaxt sorğulanmır?”

Buna cavab olaraq "Toplum TV”-nin baş redaktoru Xədicə İsmayılova bildirir ki, dedikləri, sadəcə, gülüncdür: "Niyə indi? Çünki sayələrində bölgəmizin bir rahat günü yoxdur ki, biz də dərdimiz barəsində danışaq. Əgər vaxtı deyildisə, dünən gənclər gününü də qeyd etməzdilər. Yaxud səhər durub yemək yeməsinlər, həyatlarını yaşamasınlar. Yaxud vaxtı deyilsə, hökumətdən subsidiya, ev tələb etməsinlər. Axı vaxtı deyil, ölkə müharibə şəraitindədir. Amma ələbaxan jurnalistlərin hökumətdən ev, qrant, qayğı istəməsi üçün vaxt sorğulanmır. Onlar yaxşı yaşamaq üçün nələrsə tələb edəndə, heç gör vaxtıdır, deyən olmur”.

"Söz azadlığı ilə bağlı real problemlərin dilə gətirilməsinin vaxtı deyil?”

Xədicə İsmayılova deyir ki, ilin 12 ayı ələ baxan jurnalistlər öz problemlərindən danışır, hökumətin başını xarab edirlər: "Amma ölkədə söz azadlığı ilə bağlı real problemləri dilə gətirmək üçün vaxt deyil, hə? Dərhal İran məsələsi çıxar ortalığa, müharibə yada düşər və s. Yəni bizə problemlərdən danışmaq üçün vaxt və yeri deyil. Amma icarzə ver, vaxtı, yeri olmasa da ələ baxam jurnalistlər yaltaqlıqlarını davam etdirsinlər. Hökumətdən pul dilənsinlər, yalan danışsınlar. Bunun üçün həmişə vaxt var, amma problemi dilə gətirməyin həmişə vaxtı və yeri olmur”.

"Etirazlar indi başlamayıb”

"Arqument.az” saytının redaktoru Şəmşad Ağa da deyir ki, qanuna və qanunda nəzərdə tutulan reyestrə hələ qanun parlamentdə müzakirə olunanda da etiraz edilib. Bir neçə aksiya, ictimai dinləmə, müzakirə təşkil olunub, yəni etirazlar indi başlamayıb: "Təəssüf ki, qanun müzakirələrdən keçdi və prezident də təsdiqlədi. Hətta həmin ərəfədə bir qrup media təmsilçisi qanunu təsdiqləməsin deyə ölkə başçısına da müraciət etmişdi. Yəni bu kampaniyanı indi başlamamışıq ki, kimlərsə bundan öz düşüncələrinə uyğun nəticələr çıxarırlar. Artıq 40-a yaxın media orqanının reystrdən keçmə məsələsində problem yaranıb, 10 sayta imtina verilib, məhkəməyə müraciət edən jurnalistər, media təmsilçiləri var”.

"Məsələni gündəmə Medianın İnkişafı Agentliyi gətirib”

Şəmşad Ağa bildirir ki, deməli, məsələni yenidən gündəmə də Medianın İnkişafı Agentliyi özü gətirib. İndi diqqəti yayındırmaq üçün bu etirazlarda başqa çalar axtarırlar: "Çünki reyestrdə qoyulan şərtlər ağırdır, baxmayaraq ki, MİA rəsmiləri deyirdilər ki, "reyestr könüllüdür”. Yəni qanunda əks olunan bir tələb necə könüllü ola bilər, bu artıq başqa mövzudur. Bildiyiniz kimi, bu qanun Venesiya Komissiyasından mənfi rəy alıb, keçməyib, Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanı qanunu tam şəkildə Avropa Şurasının standartlarına uyğunlaşdırmaq üçün tədbirlər görməyə dəvət edib. Azərbaycanın media və internet azadlığı indekslərindəki yeri də hər kəsə bəllidir”.

"Kənar məqsəd axtarmaq yalan və böhtan tirajlayanların köhnə peşəsidir”

Baş redaktor hesab edir ki, bu qanun dəyişdirilməli, reyestr ləğv edilməlidir: "Burada hansısa kənar məqsəd axtarmaq yalan və böhtan tirajlayanların köhnə peşəsidir”.

"Əhməd İsmayılov "qeydiyyatınız yoxdursa, yoxsunuz” deyir”

"Abzas.net” saytının redaktoru Sevinc Vaqifqızı da son başlanan kampaniya barəsində məlumat verib.

O bildirib ki, məsələnin yenidən gündəmə gəlməsi Əhməd İsmayılovun açıqlaması ilə bağlıdır: "Reyestr təsdiq olunandan sonrakı 6 ay ərzində media orqanları bu reyestrdə qeydiyyatdan keçmək üçün müraciət etməlidirlər. Hansı media müraciət etməyəcəksə, Medianın İnkişafı Agentliyi onunla bağlı məhkəməyə müraciət edəcək. Əhməd İsmayılov açıqlamasında deyir ki, müraciət etməyən media orqanlarının fəaliyyətinin dayandırılması ilə bağlı məhkəməyə şikayət verəcəklər. Bu yaxınlarda da Əhməd İsmayılov bir jurnalistin sualına cavabda dedi ki, "sizin qeydiyyatınız yoxdursa, siz yoxsunuz. Akreditasiyadan keçməmiş bir mətbu orqanın əməkdaşı deyilsinizsə, yenə siz yoxsunuz”. Bu o deməkdir ki, mart ayını gözləyirlər ki, saytlarla bağlı kütləvi şəkildə məhkəməyə müraciət etməyə başlasınlar”.

"Müstəqil media orqanlarının bağlanmasına nail olmaq istəyirlər”

Sevinc Vaqifqızı əlavə edir ki, bununla da müstəqil media orqanlarının bağlanmasına nail olmaq istəyirlər. Odur ki, martı gözləmədən bəzi tədbirlər keçirməyə, ictimai müzakirələr təşkil etməyə və kampaniyalar keçirməyə başlayıblar: "Biz kampaniya barədə ortaq qərara gələndə, ümumiyyətlə, İrandakı hadisə baş verməmişdi. Absurddur ki, İrandan tezis gəlib, bunun sayəsində jurnalistlər fəallaşıblar. Öz dedikləri teorilər bir-birinə uyğun gəlmir. Əvvəllər deyirdilər ki, Qərbdən maliyyələşirlər, indi də deyirlər ki, İrana işləyirlər. Qərbdən maliyyələşən adam eyni şəkildə İrana necə işləyə bilər, gülməlidir”.

"Görünür, yeni tezislərlə müstəqil medianın İranın agenti çıxarmağa çalışırlar”

Baş redaktor qeyd edir ki, hökumət mediasına tezislər gedir. Görünür, bu dəfə də müstəqil jurnalistlərin kampaniyasını "baltalamaq” tapşırılıb: "Amma bunu etməyi də normal bir insana tapşırsınlar ki, dedikləri, iddiaları arasında bir bağlantı olsun. Üstəlik, tezislər onlara gəlir, bizə yox, ağılları özlərinə getməsin. Özləri bunu etiraf ediblər. Məsələn, deputat Eldar Quliyev bizə danışanda demişdi ki, onlara Prezident Administrasiyasından və Milli Məclisdən tezislər gəlir. Biz mediaları çağırırıq, həmin tezislər əsasında materiallar veririk, onlar da çap edirlər. Bunu hələ guya bitərəf deputat demişdi. Görünür ki, yenə də tezislər gəlib, onlar da bunun əsasında müstəqil medianın İranın agenti çıxarmağa çalışırlar”.

"Reyestr media azadlığını buxovlamaq üçün var”

Sevinc Vaqifqızı bildirir ki, etdiklərinin heç bir əsası yoxdur, absurd ittihamdır. Müstəqil medianın, müstəqil media nümayəndələrinin yeganə istəyi Azərbaycanda müstəqil medianın işləməsi üçün imkanlarının olmasıdır: "Reyestr bunu buxovlamaq üçün var. Biz də mövcud olmaq üçün əlimizdən gələni edirik ki, müstəqil mətbuat qapadılmasın”.

Mənbə: Meydan TV




Paylaş:


Müəllif : Tarix:
4-02-2023, 09:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər