reklam
Regionxeberlericom.az » Sosial » Məleykə Abbaszadənin QÜRUBU... - NƏ QƏDƏR REALDIR?

reklam

Məleykə Abbaszadənin QÜRUBU... - NƏ QƏDƏR REALDIR?


“Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmələrdə qəbul sistemi ilə bağlı problemlər də ciddi müzakirə mövzu olub. Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, qəbulla bağlı əsası problemlərdən biri də ixtisas seçimidir: “Abituriyent bir neçə ixtisası yazır, birinə düşmürsə, o birinə düşür. Nəticədə abituriyent biologiya, kimya ixtisaslarını istəyirsə, axırda gedib başqa bir ixtisasa düşür. 95 faiz halda abituriyent belə davranır. Mahiyyət etibarilə həkim olmaq istəməyən insanlar həkim olur”. İctimai dinləmədə parlamentin Elm və Təhsil komitəsinin deputatları, elm və təhsil naziri Emin Əmrullayev və onun müavinləri iştirak etsə də, Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə gözə dəyməyib.

5 və 12 mart tarixli imtahanlarda sualların tərtibində səhvlər və çətinliyi də DİM-i tənqid hədəfi edib. Ekspertlər qeyd edir ki, DİM-də ictimai nəzarət çox zəifdir. Yəni Məleykə Abbaszadənin rəhbərlik etdiyi qurum kifayət qədər qapalı xarakter daşıyır, digər qurumlarda ictimai nəzarət şuraları fəaliyyət göstərsə də, DİM-də bu, çox zəifdir. İddialara görə, DİM-in Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyəti müzakirə edilir. Qeyd edək ki, ötən ay DİM sədri Məleykə Abbaszadənin 70 yaşı tamam olub. O, 29 ildir bu vəzifədə çalışır. İddialara görə, qəbul imtahanları da daxil, DİM ətrafında son günlər artan müzakirələr M.Abbaszadənin vəzifəsi ilə vidalaşacağını göstərir.

Bəs ekspertlər nə düşünür? DİM-in nazirliyin nəzdində fəaliyyəti göstərməsi nəyi dəyişə bilər?

Təhsil eksperti Elşən Qafarov qeyd edib ki, son vaxtlar Elm və Təhsil Nazirliyi və DİM arasında “soyuq müharibə” yenidən başlayıb: “Məleykə Abbaszadənin nə üçün son dinləmələrdə iştirak etməməsi haqqında bir fikrim yoxdur. O ki qaldı DİM-in ləğv edilməsi və yaxud hansısa quruma birləşdirilməsinə, illərdir təklif edirik ki, DİM-in işində ciddi dəyişikliklər etmək lazımdır. Bu dəyişikliklər o demək deyil ki, DİM ləğv olunmalıdır. Xeyr, bu, beynəlxalq təcrübədə də mövcud olan qurumdur. Sadəcə, DİM imtahan keçirən texniki bir qurum olmalıdır.

Bildiyim qədər Məleykə Abbaszadə bu vaxta qədər 5 nazirlə işləyib. DİM və bundan əvvəlki Tələbə Qəbulu Komissiyası ölkədə təhsil siyasətinin həyata keçirilməsində iki hakimiyyətlilik mövqeyi yaradıblar. Doğrudur, Təhsil Nazirliyi dövlətin təhsil siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır, bu birmənalıdır və müzakirə olunmur, amma təhsil sahəsində olan bütün məsələlərə DİM birbaşa təsir edə bilir. Məsələn, sualları çətin qoyur və cəmiyyətdə də elə bir fikir yaranır ki, ölkədə təhsil yoxdur, cəmiyyət Təhsil Nazirliyini tənqid etməyə başlayır. Bu, çox ciddi bir mexanizmdir. Əgər bu məsələ Misir Mərdanovun vaxtında bir qədər yumşalmışsa da, son illərdə sanki yenidən baş qaldırıb. Yəni elm və təhsil nazirinə bir inamsızlıq, etimadsızlıq yaranmasına yönəlib".

Təhsil eksperti DİM-in özünə məxsus proqram, vəsait və digər jurnallar yaratmasını da tənqid edib: “İkinci bir tərəfdən, DİM təhsilin bütün pillələri üzrə özünün proqramlarını hazırlayır, imtahanlar həyata keçirir, yəni özünə məxsus standartları var. Təsəvvür edin, hər il məktəb dərslikləri üçün yüz milyonlarla pul xərclənir, amma DİM özünə məxsus dərsliklər yaradır və ona 10 milyonlarla xərcləyir. Nəticədə imtahan verənlər və onların valideynləri məcbur olur ki, məhz DİM-in qoyduğu qaydalara uyğun olaraq, onun vəsaitlərinə istifadə etməklə imtahanlara hazırlaşsınlar. Bu da bir daha qeyd edirəm ki, nazirliyə qarşı etibarsızlıq, inamsızlıq yaradır”.

Elşən Qafarov məsələ ilə bağlı təkliflərini bu cür qeyd etdi: “Təklifimiz ondan ibarətdir ki, DİM-in fəaliyyətini bu sahədə olan beynəlxalq fəaliyyətə uyğunlaşdırmaq lazımdır. DİM imtahan keçirən texniki qurum kimi qalır, test hazırlamaq, o cümlədən vəsait, digər jurnalları çap etmək səlahiyyətləri əlindən alınır, Prezident ya da Nazilər Kabineti yanında Elm və Təhsil Nazirliyinə tabe olmamaq şərti ilə testologiya mərkəzi və yaxud testologiya institutu yaransın, testlər də real bilik və bacarıqlara uyğun hazırlansın. Yoxsa ki, DİM-in imtahan suallarının səviyyəsi 20-ci mərtəbədə, imtahan verənin bilik və bacarıq səviyyəsi isə birinci mərtəbədə olur. Yəni imtahan verənlərin bilik və bacarıqları öyrənilib, müəyyən edilməli, daha sonra həmin bilik və bacarıqlara uyğun imtahanlar hazırlanmalıdır”.

Təhsil eksperti Kamran Əsədov isə qeyd etdi ki, ictimaiyyətdə test imtahanlarının şəffaf keçirildiyinə böyük inam var. Bunun əsas səbəbi məhz Məleykə Abbaszadənin şəxsi prinsipial mövqeyidir: “30 ildir ki, DİM, xüsusi ilə Məleykə Abbaszadə imtahan prosesinə, kənardan kimlərinsə qeyri-qanuni işlər görmələrinin qarşısını alıb. Bu gün qeyri-qanuni iş görmək istəyənlər DİM-ə, Məleykə xanıma qarşı fəaliyyətə başlayıblar. DİM bütün qəbul prosesinin prosedurlarını tam açıq şəkildə keçirir. Gizli, ictimaiyyətə açıqlanmayan heç bir fakt yoxdur. Məleykə Abbaszadə Azərbaycanda ali təhsilin əlçatanlığının, şəffaflığının qarantıdır. 31 il əvvəl DİM-in yaradılmasında əsas məqsəd ali məktəblərə qəbul imtahanları zamanı subyektivliyin aradan qaldırılması, obyektivliyin tam təmin edilməsi olmuşdur ki, Məleykə xanımın rəhbərliyi altında DİM buna həm nail olub, həm də bu prinsipiallığı qoruya bilib. Postsovet məkanında ilk dəfə ali məktəblərə mərkəzləşmiş qaydada test üsulu ilə qəbul imtahanı keçirən Azərbaycanda ötən dövrdə zəngin təcrübə əldə edilmişdir ki, bu təcrübə dünyaya nümunədir. DİM-in keçirdiyi imtahanlar yüksək səviyyəli etibarlı beynəlxalq imtahan nəticəsi hesab olunur”.

Kamran Əsədov qeyd edib ki, test üsulu ilə imtahanı ləğv etmək doğru məsələ deyil: “Testin özəlliyi odur ki, kim nə bilirsə, onu aşkara çıxarır. Test insanın biliyinin qiymətini obyektiv müəyyən edir. Amma qəbul liberallaşmalıdır. Liberallaşsa, ali məktəblər rahat, öz imkanlarına uyğun, istədikləri qədər tələbə götürə biləcəklər. Bununla ali məktəblərə qəbul olanların sayını artırmaq olar. Test üsulu ilə imtahanı ləğv etmək doğru məsələ deyil. Testin heç bir günahı yoxdur. Günah məktəb, müəllim, şagird və valideyndədir. Düzdür, apardığımız müşahidələr göstərir ki, test imtahanı ilə aparılan qəbul imtahanları istənilən nəticəni vermir. Bu, şagirdlərdə digər bacarıqların - nitq qabiliyyətinin, problemli situasiyalarda çıxış etmək bacarığının formalaşmasına mane olur. Ənənəvi test tapşırıqlarının yığışdırılmasına doğrudan da ehtiyac var.

Hər kəs etiraf edər ki, test üsulu Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında inqilabi dəyişiklik yaratdı. Düşünmək lazımdır ki, test sisteminin bir çox üstünlüklərini əvəz edə bilməmək var: seçimdə demokratizm, obyektivlik, ən savadlı abituriyentin təhsildən kənarda qalmaması, vaxt itkisinin qarşısının alınması, vətəndaşın daha az əziyyət çəkməsi və sair...

Gördüyümüz kimi, test üsulunun nə qədər çatışmaz cəhətləri olsa da, sadalanan səbəblərə görə bu üsul əvəzedilməzdir: test üsulu ilə imtahanlara müəllimlərin müdaxiləsi qeyri-mümkündür. Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut tərəfindən dərc olunmuş “Corrupt schools, corrupt universities: what can be done” adlı hesabatda Azərbaycanda DİM-in fəaliyyəti müsbət tərəfdən qiymətləndirilmişdir. Bütün bunlar peşəkar komandanın gərgin fəaliyyəti nəticəsində mümkün olub". //musavat.com//




Paylaş:


Müəllif : Tarix:
17-03-2023, 09:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər