reklam
Regionxeberlericom.az » Sosial » Uşaq evlərindəki bitməyən problemlər - köklü həlli mümkünsüzmü...

reklam

Uşaq evlərindəki bitməyən problemlər - köklü həlli mümkünsüzmü...


Mütəmadi olaraq uşaq evlərində zorakılıq, ərzaqların oğurlanması və digər bu kimi neqativ faktlar aşkarlanır. Son günlər 17 yaşlı Məhəmməd Hacıyev 3 saylı uşaq evində baş verən qanunsuzluqları danışdığı üçün ona “dəli” adı verib, ruhi-əsəb dispanserinə yollayıblar. Orada yoxlama zamanı isə uşağın heç bir ruhi-əsəb problemi olmadığı aşkarlanıb. Faktiki olaraq uşağı orada baş verən ərzaq oğurluqlarını dediyi üçün belə gözümçıxdıya salıblar.

Qeyd edək ki, psixiatriya xəstəxanasına salınan həmin uşağın sağlam olduğunu deyən baş həkim də ötən gün işdən qovulub. Yeri gəlmişkən, 3 saylı uşaq evi ilə bağlı bundan əvvəl də şikayətlər olub. Belə ki, ötən il 3 saylı uşaq evində tərbiyəçi köməkçisi işləyən Gülcan Nağıyeva “uşaqların müəllimləri tərəfindən incidildiyini, döyüldüyünü, onlara etinasız və qeyri-rəftari münasibət sərgiləndiyini, həmçinin müəssisəyə dövlət tərəfindən təmin olunan ərzaqların uşaqlara verilmədiyini, hətta Qurban bayramında imkanlı şəxslər tərəfindən gətirilən qurbanlıqların Məhbubə Hüseynovanın sürücüsü tərəfindən evinə daşındığını ictimailəşdirmişdi. Gülcan Nağıyeva daha sonra Məhbubə Hüseynovanı ittiham edərək demişdi: ”Məhbubə Hüseynova dəfələrlə tənbeh olunub, hətta bir dəfə 1500 manat məbləğində cərimələnib. Amma özünə gəlmir. 72 yaşı var, hələ də öz maraqlarına xidmət edir".

3 saylı Uşaq Evi ilə bağlı daha bir qalmaqal isə 2021-ci ildə baş verib. Həmin ilin oktyabrında Respublika Gigiyena və Epidemiologiya Mərkəzi sözügedən müəssisədə araşdırma aparıb. Uşaq evində bəzi nöqsanlar aşkar olunduğuna görə müəssisə rəhbəri Məhbubə Hüseynovaya intizam tənbeh tədbiri olaraq töhmət verilib və müəssisənin fəaliyyəti ciddi nəzarətə götürülüb.

Ümumiyyətlə, uşaq evlərindəki uşaqların həyatı, sonrakı taleyi məsələsi ciddi problemdir. Eyni zamanda hər il yüzlərlə kimsəsiz uşaq 18 yaşını tamamladıqdan sonra oradan çıxarılır və bir çoxları səfil həyatı yaşayır.

Uşaq evlərində böyüyən uşaqlarla bağlı müxtəlif ölkələrdə mükəmməl proqramlar var. Məsələn, Rusiyada uşaq evlərində böyüyən uşaqların uyğun gələnlərini hərbiyə cəlb edirlər, digərlərini müxtəlif peşələrə yiyələndirirlər ki, 18 yaşını tamamladıqdan sonra işsiz qalmasınlar, habelə dövlətə yük, problem olmasınlar, kriminala yönəlməsinlər. Oxşar sistem bir çox Avropa ölkələrində də var. Bəs biz bu işi necə təşkil edək? Müşahidələr onu deməyə əsas verir ki, son 10 illikdə atılan, uşaq evlərinə verilən uşaqların sayı xeyli artıb və buna dair ciddi proqramlar işlənməlidir.

Ağ Partiya Xanımlar Təşkilatının sədri Malvina Amirova “Yeni Müsavat”a dedi ki, son olay göstərdi ki, ölkədə bu sahədə vəziyyət acınacaqlıdır: “Bir uşaq qarnını doyuracaq yemək istədiyi üçün onu dəli elan edib psixoloji xəstəxanaya salırlar. Bu dəhşətdir, insanlığa tutulan divan deməkdir. Bu, nəfsin qəddarlığının atılmış, sahibsiz, kimsəsiz uşaqlara işgəncə çəkdirməsidir, onların qürurunu əzməsi, göz dikdiyi tikəsini əlindən alıb kor olmuş gözünə soxmasıdır. Bu, mərhəmət, şəfqət duyğusunu ayaqlar altına alıb əzmək, insanlığa həqarət edib haramla vicdanın üzünə tüpürmək deməkdir. Daha bu rəzalətə də susacaqsınzsa, o zaman niyə varsınız, niyə hələ də özünüzü insan sayırsınız? 21-ci əsrdə bir uşaq yemək istədiyi üçün dəli elan edilərək cəzalandırılırsa, bu bizim cəmiyyət olaraq təkcə faciəmiz deyil, həm də öz mənliyimiz, gələcəyimiz qarşısında günahkarlıq duyğumuzdur. Bu həm də bugünkü dünya qarşısında, insanlıq qarşısında bizim dövlət olaraq utancımız, xalq kimi ayıbımızdır. O uşaq da psixi xəstəxanadan çıxarılmalı və bu rəzalətdə rol alan hər kəs cəzalandırılmalıdır. Buna dözmək, laqeyd qalmaq artıq vicdan qüsuru, mənəviyyat çatışmazlığı deməkdir. Aidiyyətı qurumlar məsələ ilə bağlı dərhal araşdırmalara başlamalı, acgöz, görməmiş, yetim uşaqların tikəsinə göz dikən rəzil varlıqlar hüquqi məsuliyyətə cəlb edilməlidirlər”.

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova da qeyd edib ki, gündəmdə olan uşağın olayı ilə bağlı narahatlıq keçirir: “Bu məsələdə çıxış yolu kimi, dövlət qurumlarının məsələyə aydınlıq gətirməsində görürəm. Bu qədər insan paylaşım edib, narahatlıq ifadə edirsə, deməli, kimsə bu məsələ ilə bağlı vəziyyətin monitorinqini aparıb münasibət bildirməlidir. Münasibət isə əsaslandırılmış olmalıdır. Amma mən reabilitasiya prosesi ilə məşğul olan adam kimi deyə bilərəm ki, psixiatrik dispanser ən son addım ola bilərdi. Əgər uşaqda davranış problemi varsa, uşaqla bağlı fərdi proqram hazırlamaq olardı. Bu cür hadisələr digər uşaqlara da mənfi təsir edə bilər. Görünən isə odur ki, Azərbaycanda çətin tərbiyə alan, davranış pozuntusu olan uşaqlar üçün xüsusi metodologiyaya söykənən müəssisəyə ehtiyac var. Belə müəssisə həmin uşaqların reabilitasiyası üçün ixtisaslaşmalıdır. Bir neçə il müddət əvvəl Makarenkonun əsərlərinə baxdım. Həmin metodologiyada uşağın əmək, məşğulluqla reabilitasiyasına və ciddi rejim (hər saat dəqiqliklə icra edilməklə) həyata keçirilir. Müasir tələblərə (insan haqlarına) indi nisbətən zidd metodologiya hesab edilsə də, o zaman çox effektli təsirə malik olub. Bəzən QHT-lər sığınacaq açmaq istəyir. Dəfələrlə təklif etmişəm ki, oğlan uşaqları üçün bu gün əsas tələbatlardan biridir və onu açsınlar. Əgər kimsə buna cürət etsə, mən öz bildiklərimi bölüşərdim. Amma ən yaxşısı, beynəlxalq təcrübəni öyrənib açsalar effektiv olar”.

“Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli isə mediaya açıqlamasında deyib ki, imtina edilmiş uşaqlar internat məktəblərinə yerləşdirildikdən sonra onların cəmiyyətə inteqrasiyası, təlim-tərbiyəsi ilə bağlı düzgün, effektiv işlər aparılmır, onlara can yandırılmır. Həmin şəxslər internat məktəblərində, uşaq evlərində bir ailədə ala biləcəyi istiliyi, qayğını görə bilmir: “İnternat məktəbində oxuyan uşaqlara yaxşı təhsil verilməlidir ki, ali təhsil alıb cəmiyyətdə özünə mövqe tutsun. Əgər onlar ali təhsil ala bilməyəcəklərsə, iş tapmayacaqlarsa, təbii ki, küçədə qalacaq, cinayət törədəcək, narkomanlara qoşulacaqlar. 18 yaşları tamam olandan sonra internatdan buraxılırlar. Maraqlısı odur ki, həmin şəxslər işə düzələ bilirmi? Yaxud haradansa qazancı varmı? Təbii ki, internat məktəbindən 18 yaşında buraxılan şəxs ali təhsili olmadığı halda ya cinayətkar, ya da narkoman olacaq. Onların ali təhsillə, işə və müəyyən ipotekalara cəlb olunaraq evlə təmin olunması vacibdir. Çünki onun ata-anası yoxdur, kim ona ev alacaq? İnsanlar övladlarına əvvəlcədən ev almağa kömək edirlər. Pis vəziyyətdə ana-atadan kömək istəyirlər. Lakin bu şəxslərin nə ata, nə də anası var. Bu səbəbdən də həmin uşaqlarla bağlı xüsusi proqram hazırlanmalıdır”.

“Yeni Müsavat”




Paylaş:


Müəllif : Tarix:
6-04-2023, 09:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər