reklam
Regionxeberlericom.az » Sosial » Mingəçevir xəstəxanası ağır yataq xəstəsini niyə saatlarla təcili yardım maşınında saxlayıb? - VİDEO

reklam

Mingəçevir xəstəxanası ağır yataq xəstəsini niyə saatlarla təcili yardım maşınında saxlayıb? - VİDEO


Ötən gün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında xəstələrə laqeyd münasibət göstərildiyinə dair məlumatlar paylaşılıb. 

Sosial şəbəkədə paylaşılan videogörüntülərdə İcbari Tibbi Sığortanın tətbiq olunduğu Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında ağır yataq xəstəsi olan xəstənin ödəniş etmədiyi üçün evinə geri qaytarıldığı iddia edilib. 

İddiaya görə, yataq xəstəsi olan vətəndaş 50 manat ödəniş etmədiyi üçün xəstəxanaya qəbul olunmayıb. 

Məsələ ilə bağlı sözügedən pasiyentin həyat yoldaşı Rəna Qarayeva açıqlamasında bildirdib ki, hadisə aprelin 18-də baş verib:

“Mingəçevir şəhəri, Nizami küçəsi, 10 ünvanında kirayədə qalırıq. Beş ay bundan qabaq, noyabrda yoldaşım - 1960-cı il təvəllüdlü Qarayev Söyun Seyfidar oğlunun beyninə təzyiqdən qan sızmışdı. Noyabr ayında xəstəxanaya daxil olduq. 21 gün müalicə aldıq və sağalmadan evə buraxdılar. Dedilər ki, xəstəni 20 gündən çox saxlaya bilmərik. Evdə müalicə elədik. Həkim göndəriş kağızı verdi ki, əməliyyat üçün Bakıya aparaq. Ayağına mil qoyuldu. Hazırda mil ayağındadır və indi bir qolu və sağlam ayağı da sındı. 

Dünən, yəni ayın 18-də təcili tibbi yardım çağırdım və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına apardıq. Rentgen etdilər. Nəticədə ayağında, qolunda ümumilikdə üç yerində sınıq olduğunu dedilər. Saatlarla təcili yardım maşınında gözlədik, heç bir həkim qəbul etmədi. Dedilər ki, bu xəstəxanada sınıq həkimi yoxdur, üstəlik dərmanlar da yoxdur. Bizi göndərdilər evə. Sabah gələrsiniz göndəriş əsasında sizi regional xəstəxanaya göndərəcəyik. Öz həkimi də bizi qəbul etmədi. Mən də bildirdim ki, ora özəldir, mənim ora ödəniş etməyə pulum yoxdur. Çünki  beş aydır işləyə bilmirəm, yataq xəstəsinə baxıram. Mənə nə evə baxıcı verilir, nə də baxıcıya verməyə pul ayrılır. Heç bir xəstəxana da qəbul eləmir. Onlar da mənə dedilər ki, əgər regional xəstəxana qəbul etməsə, onlardan şikayət edərsiniz. Kimə müraciət edəcəyimizi bilmirik”.

R.Qarayeva deyib ki, ağır vəziyyətdə xəstə evdə qalıb, baxan yoxdur:

“Ağır xəstəni evə qaytarmaq nə deməkdir? Onu tərpətmək belə olmur. Həkimlər, xəstənin ağır vəziyyətdə olduğunu gördülər, amma yenə də heç nə etmədilər. Mənim istəyim odur ki, yoldaşımı xəstəxanaya qəbul edib, müalicəsinə kömək etsinlər. Xəstəxanada da olsa, evdə də olsa, yataq xəstəsinə baxmaq lazımdır. Səhiyyə Nazirliyinə də məktub yazmışam, amma hələ də bizim problem həll olunmur”.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşın irəli sürdüyü iddialar araşdırılır:

“Araşdırmanın yekun nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.






Paylaş:


Müəllif : Tarix:
20-04-2023, 18:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər