reklam
Regionxeberlericom.az » Sosial » 23 May qərarına EHTİYAC YOX İDİ... - İLGİNC

reklam

23 May qərarına EHTİYAC YOX İDİ... - İLGİNC


Konstitusiya Məhkəməsinin qərarı ilə bundan sonra vəfat edən şəxsin ipoteka kreditini vərəsələri ödəyəcək.

Mayın 23-də Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında bununla bağlı qərar qəbul edilib. Qərar Bakı Apelyasiya Məhkəməsinin müraciəti əsasında verilib.

Bildirilir ki, Mülki Məcəlləyə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Mülki Məcəllənin 269, 317.1, 319.1 və “İpoteka haqqında” qanuna uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.

Qərar dərc edildiyi gündən qüvvəyə minib, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Bu qərar dərc olunan gündən ictimaiyyət arasında xeyli müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə vətəndaşlar haqlı olaraq bildirirlər ki, əgər öldükdən sonra krediti vərəsələr ödəməli olacaqsa, niyə bəs onda ipoteka alan şəxs məcburi həyat sığortası olunur? Və ya bi çox insanlar sual edir ki, əgər ölən şəxsin kredit borcunu vərəsələri ödəyəcəksə, bəs pensiya yaşına çatmamış vəfat edən şəxsin pensiyası niyə vərəsələrə ödənmir?

Konstitusiya Məhkəməsinin vətəndaşlar arasında çaşqınlıq, narazılıq yaradan qərarı ilə bağlı ASTNA bank-maliyyə məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənovla söhbətləşib.

* * *

Sual: Əkrəm bəy, vəfat edən şəxsin ipoteka kreditini vərəsələrinin ödəməsi haqqında Konstitusiya Məhkəməsinin qərarını doğru hesab edirsinizmi? Zərurət vardımı bu qərara?

Cavab: Zərurət yox idi. Çünki bu məsələ qanunda kifayət qədər aydın təsbit edilib. Şərhə ehtiyac yox idi. Sadəcə qərarlarını ictimaiyyətə düzgün izah edə bilmirlər. Ümumən qərar doğrudur. Vərəsə ölənin mirasını qəbul edən şəxsdir. Buna görə də qəbul etdiyi mirasın dəyəri həddindən ölənin öhdəliklərinə görə cavabdehdir. Bütün dünyada bu belədir.

Sual: Bu məsələ ictimaiyyət arasında müzakirə olunur və xeyli narazılıq doğurub. Xüsusən də ipoteka krediti almış şəxslər haqlı olaraq sual edirlər ki, əgər biz öldükdən sonra krediti vərəsələr ödəməli olacaqsa niyə bəs onda biz sığorta olunuruq? Sığortaya pul ödəyirik? Həyat sığortası onda nə üçündür?

Cavab: Kredit üzrə həyat sığortası varsa, təbii, borcu sığortaçı ödəməlidir. Qərarda buna toxunulmayıb. Gərək heç olmasa Konstitusiya Məhkəməsinin mətbuat xidməti buna izah edərdi. Sadəcə hər kredit üzrə həyat sığortası yoxdur. O cümlədən ipoteka kreditləri üzrə. Qərar həyat sığortasının olmadığı hallara aiddir.

Sual: Bu qərar sığorta şirkətlərini çətin duruma salmayacaqmı? Çünki belə olduğu təqdirdə sığorta şirkətlərinə inam azalacaq, heç kim həyatını sığortalamayacaq. Yəni həqiqətən sığorta işə yaramayacaqsa, onda niyə xərc çəkib insan həyatını sığortalasın ki?

Cavab: Sığorta şirkətlərinə onsuz da inam azdır. O cümlədən həyat sığortası üzrə. Sığorta hadisəsi baş verəndə min cür bəhanə ilə ödənişdən yayınırlar. Daha əvvəl qeyd etdiyim kimi, bu qərar həyat sığortası olan hallara aid deyil.

Sual: Müzakirələrdə haqlı olaraq bir məsələ də ortaya çıxıb. Bəzi insanlar sual edir ki, əgər ölən şəxsin kredit borcunu vərəsələri ödəyəcəksə, bəs pensiya yaşına çatmamış vəfat edən şəxsin pensiyası niyə vərəsələrə ödənmir?

Cavab: Bəli, bu haqlı iraddır. Xüsusən kişilərə dair. İşləyənlərin və yüksək pensiya kapitalı toplayanların çoxu kişilərdir. Onlar da əsasən az yaşayır. Və pensiya kapitalları tam və ya qismən batır. Kapitalın heç olmasa bir hissəsi vərəsələrə çatmalıdır. Lakin Dövlət Sosial Müdafiə Fondunun öz vəsaiti onsuz da pensiyalar üçün kifayət etmir. Hər il dövlət büdcəsindən dotasiya alır. Ölən şəxslərin pensiya kapitalını qismən belə vərəsələrinə vermək üçün vəsait sadəcə yoxdur. Ona görə də bu gələcəyin məsələsidir.

Sual: Və yaxud bunu belə etmək olmazmı ki, ölən şəxsin kredit borcu şəxsin sosial fondda yığılmış pensiya kapitalı ilə ödənsin?

Cavab: Bu, ağlabatan təklifdir. Amma yalnız krediti olanlara şamil edilə bilməz. Əks halda, belə çıxacaq ki, yalnız krediti olanın pensiya kapitalı batmır. Buna görə də məsələ kompleks şəkildə həll olunmalıdır. Fondun vəsaiti olandan sonra.

Sual: Sizcə, ümumiyyətlə bu məsələ necə tənzimlənməlidir?

Cavab: Kredit məsələsi düzgün tənzimlənir. Pensiya məsələsi isə xeyr. Buna görə də gələcəkdə pensiya kapitalının heç olmasa yarısının vərəsələrə çatmasını qanunda nəzərdə tutmaq lazımdır. Bunun üçün vəsait isə zənginlərin vergiləri hesabına artırılmalıdır. Xüsusən bahalı mülklərdən vergilərin. Həmin vergilərin də bir hissəsi dövlət büdcəsinə deyil, birbaşa Dövlət Sosial Müdafiəi Fonduna ödənilməlidir.





Paylaş:


Müəllif : Tarix:
29-05-2023, 09:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər