reklam
Regionxeberlericom.az » Sosial » “Nazir belə danışmamalıdır, ayıbdır!” - ETİRAZ

reklam

“Nazir belə danışmamalıdır, ayıbdır!” - ETİRAZ


“Müəllimlərə 1000 - 2000 manat əməkhaqqı vermək hələ minimum sayılır. Bunu fəxrlə demək ki, uzun illərdən sonra bəzi müəllimlərin maaşı ayda 1.000 manatı keçəcək və s. bu, qəribədir. Çünki bu məsələyə qiymət-maaş balansı ilə baxanda görürük ki, 1.000 manat minimum maaşdır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil eksperti Elçin Bayramlı deyib. O, müəllimlərin maaşının artırılması ilə yanaşı təhsildə olan çatışmazlıqlardan söz açıb.

“İkincisi, müəllimlərin sertifikasiyadan keçirilməsi bir tərəfdən yaxşıdır. Çünki orada yüksək bal toplayanları seçib onlara metodist funksiyası verərək, müəllimləri əlavə işlə yükləyəcəklər. Yəni müəllim, ən azı, 2-3 nəfərin işi gördüyü təqdirdə o maaşı ala biləcək ki, bu da fiziki cəhətdən onlar üçün ağırdır və o maaşa dəyməz. İndiki dövrdə müəllimlər gündə 2-3 saat fərdi hazırlığa vaxt sərf etməklə ondan çox pul qazanırlar”, - o bildirib.

Ekspertin fikrincə, bu hesabla yaxşı müəllimləri dövlət məktəblərində saxlamaq mümkün olmayacaq:

“Onlar ya özəl məktəblərə üz tutacaqlar, ya da ki, kurslara və ya sərbəst repetitor fəaliyyətinə üstünlük verəcəklər. Nazirin dediyi 1000 - 2000 manat isə müəllimlərin 1/3-nə, yəni 30%-nə aid olacaq. Digərləri isə yenə aşağı maaş alacaq. Bu isə işin keyfiyyətinə təsir edəcək. Çünki heç bir insan bu qədər yüklənərək, az maaşa effektiv və təsirli iş görə bilməz”.

E. Bayramlı düşünür ki, təhsildə aparılan islahatlar heç bir nəticə və fayda vermir:

“Müxtəlif eksperimentlər edirlər, sanki bura “Həsən soxdu" dəyirmanıdır, kimin kefi nə istəyir, onu da edir. Bu, belə olmur. Birincisi, sən diplom verdiyin müəllimlərə inanmayıb tez-tez bunları sınaqlardan keçirirsən, camaatı da bezdirirsən. Bunu bir dəfə et, amma əslinə qalsa, heç etməməlisən. Diplom vermisənsə, arxasında durmalısan. Deməli, sənin universitetlərinə inamın yoxdur, onların nə olduğunu, rüşvətlə məktəblərə düzələnlərin çox olduğunu bilirsən. Nəticədə də bunu imtahanla düzəltmək istəyirsən. Üstəlik, etdiyin tənzimləmə elə də effektiv deyil”.

Mütəxəssisə görə, nəticələrə baxanda müəllimlərin 30%-i 30-dan aşağı bal toplayıb, 50 balı keçənlər isə 1/3-dir:

“Bunlar aşağı göstəricilərdir və bu o deməkdir ki, universitetlərin yetişdirdiyi kadrların yarıdan çoxu orta səviyyəni keçə bilmir. İkinci tərəfdən də bunları seçmək üçün hər il imtahan keçirməyə ehtiyac yoxdur. Bu şəxslər işə qəbul olunanda baxılmalı, seçilməli və onun savadı yoxlanılmalıdır”.

Təhsil eksperti aydınlaşdırıb ki, müəllimləri kurikulum sistemi ilə yükləyiblər:

“Onların vaxtı jurnalları doldurmağa, nələrisə qeydiyyata salmağa gedir. Dərsin yarısı da buna gedir. Müəllimlər artıq psixoloji olaraq yorulub, çünki maaşları azdır. Bu vəziyyətdə isə nazirin müəllimlər 1000 - 2000 alacaq deyərək, öyünməsi ayıbdır. Nazir belə danışmamalıdır. Çünki dünya ölkələrində bu minimal maaşdan da azdır. Avropada müəllimin maaşı ən azı 2-3 min avrodan başlayır”.

“Ölkədə təhsil sistemi darmadağın olunub, kurikulum, Bolonya sistemi və s. bu qədər eksperiment olar?! Universitetlər 150-200 balla tələbə qəbul edir. Belə olan halda hansı təhsildən söhbət gedir? Nazirin bu şeylərdən danışmağa haqqı yoxdur. Hər nə qədər də o yeni təyin olsa da, bu adam Elm və Təhsil Nazirliyini təmsil edirsə, bu qurumun artıq nədənsə danışmağa mənəvi əsası yoxdur. Çünki uzun illər apardıqları səhv siyasətlə təhsili məhv ediblər, ümid qalıb ancaq repetitorlara. Əhalinin yüksək təbəqəsi uşaqlarını özəl məktəblərdə oxudur”, - deyə etiraz edib.

Həmsöhbətimiz vurğulayıb ki, bu, elə əhalinin təhsilə verdiyi qiymətdir:

“Eləcə də orta məktəb məzunlarının imtahan nəticələri göstərir ki, orta təhsil deyə bir şey yoxdur, yalnız formal olaraq kağız üzərində var. Ona görə də bunu düzəltmək üçün fon yaratmaq mənasızdır. Çünki 20 ildir bu proses gedir və hər dəfə yeni bir sistem tətbiq edib “yaxşı olacaq” deyə-deyə vəziyyəti daha da pisləşdirirlər. Artıq heç kimdə inam yoxdur ki, nə isə düzələr. Getdikcə daha pisini görürük və hərə öz başına çarə qılır”.

“Kim ki uşağının ali təhsil almağını istəyirsə, onu 4-5 repetitor yanına qoyur. Bu da o deməkdir ki, orta məktəb havayı bir yerdir. Təhsil Azərbaycanda belədir: valideynlərin pulu gücünə repetitor və kurslarda uşaqları hazırlayaraq, uşaqları universitetə qəbul etdirməkdir. Ona görə də təhsildə nəyisə dəyişib pisə aparmaqdansa, qoy, ən yaxşısı, heç nə etməsinlər”, – ekspert yekunlaşdırıb.




Paylaş:


Müəllif : Tarix:
8-07-2023, 13:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər