reklam
Regionxeberlericom.az » Sosial » "Bəlkə kimsə ərizə dolduranda hərf səhvi edib" - ETİRAZ

reklam

"Bəlkə kimsə ərizə dolduranda hərf səhvi edib" - ETİRAZ


“Ədliyyə Nazirliyinin partiya üzvlərinin zənglə dəqiqləşdirməsi məntiqsiz və hüquqsuzdur”.

Bunu Respublikaçı Alternativ Partiyasının (REAL) Siyasi Komitəsinin üzvü Natiq Cəfərli özünün sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Nazirlik bu məsələ ilə bağlı adi sullara belə cavab verə bilməz:

“1) Konstitusiyaya görə hər bir şəxs partiya üzvü ola bilər, amma elə bir qanun yoxdur ki, hamının telefonu olmasını məcburi etsin – bəlkə kimsə telefon işlətmir, nazirliyin “məntiqinə” görə həmin şəxs partiya üzvü ola bilməz. Bu birbaşa hüquq pozuntusudur;

2) İstənilən şəxs hardan bilsin ki, zəng edən Ədliyyə Nazirliyindəndir, nədən zəng edənə doğru cavab verməlidir ki?! Bəlkə telefonla ondan başqaları şəxsi məlumatlar almaq istəyir;

3) Təqdim etdiyimiz say qədər bizdə imza və ərizələr var, yaxşı, indi nə önəmlidir, şəxsin imzası, ərizəsi, ya nazirliyin geyri-legitim zəngi;

4) 2500-ə yaxın şəxsin məlumatlarının bazada tapılmadığını deyiblər, yaxşı, bunlar kimlərdir, nədir uyğunsuzluq?! Bəlkə kimsə ərizə dolduranda hərf səhvi edib, bu onun siyasi partiyaya üzv olmasını niyə əngəlləməlidir ki?!

5) Onlarla, bir daha deyirəm, onlarla üzvlərimiz var ki, onlara heç bir zəng olmayıb, hətta REAL Gənclər Birliyinin idarə heyətinin üzvünə belə zəng olunmayıb – yaxşı, Nazirlik zəng etmədiklərini hansı kateqoriyaya aid edib?! İlqar Məmmədova, Erkin Qədirliyə də zəng olmayıb, onları, görəsən, nazirlik üzv sayıb, ya yox?! Əgər üzvlük üçün əsas kriteriyanı nazirlik, zəng etməyi sayırsa, o zaman sədr və parlament təmsilçimiz də üzv kimi o siyahıya düşməyib;

6) Nazirlik deyir ki, 986 nəfər onlara zəng edərkən üzv olmadığını deyib - şəxsən mənə bir neçə nəfər yazıb, zəng edib deyib ki, zəng gələndə fikir verməyiblər, təlaşa düşüblər, "yox" deyiblər, amma sonra fikirləşiblər ki, səhv ediblər - yaxşı, onlar öz səhvini necə düzəldə bilərlər, bunun mexanizmi yoxdur”.

N. Cəfərli bildirib ki, REAL Partiyası 6 ay intensiv üzvlük kampaniyası aparıb və mövcud 5118 nəfərdən 16-sı bu müddət ərzində dünyasını dəyişmiş ola bilər.

“Qanunu tez və “çiy” qəbul edəndə, ictimai müzakirələrdə səslənən fikirlərə önəm verməyəndə belə olur, qəbul etdikləri qanun hüquqi boşluqlarla, məntiqsizliklərlə doludur. İstənilən yerli məhkəmə işə hüquqi çərçivədə baxsa, bu qanunun boşluqlarını görəcək, onlar etməsə, Avropa İnsan Hüquqları Məhkəməsi bu qanuna görə hüquqları məhdudlaşdırılan istənilən partiyanın iddiasını təmin edəcək və hökuməti qeydiyyat məsələsini həll etməyə, hətta təşkilata kompensasiya ödəməyə belə məcbur edəcək”.

Qeyd edək ki, ötən gün – iyulun 17-də Partiyanın sədri İlqar Məmmədov məlumat yayaraq, təqdim olunan 5118 nəfərdən cəmi 463-ün Nazirlik tərəfindən üzv kimi nəzərə alındığını bildirmişdi.

“Ədliyyə Nazirliyindən REAL partiyası olaraq rəsmi cavab aldıq. Deyir, reyestrdə adlarını göstərdiyiniz üzvlərlə əlaqə saxladıq. 986 nəfər partiyaya üzv olmadığını bildirdi. Daha 1058 nəfərin telefon nömrəsi kimi ofisinizin nömrəsini göstərmisiniz, bunu isə məqbul saymırıq. 2527 nəfər barədə məlumatlar (adı, soyadı, doğum tarixi) Əhalinin Dövlət Reyestrində tapılmadı (yəqin hərf səhvi kimi səbəblərə görə). Nəhayət, 68 nəfərin adı təkrar gedib, 16 nəfər isə ölüb. Beləliklə, Partiyamızın siyahısında cəmi 463 nəfərin adı “keçərli” oldu”.

İ. Məmmədov bildirib ki, növbəti 30 gün ərzində ya 4500+ nəfərin məlumatlarını “düzəltməli”, ya eyni sayda yeni üzv toplamalı, ya da partiyanı buraxmalıdırlar.





Paylaş:


Müəllif : Tarix:
18-07-2023, 17:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər