reklam
Regionxeberlericom.az » Sosial » AAYDA sədrinin köməkçisi Əvəz Zeynallının məhkəməsində İFADƏ VERDİ

reklam

AAYDA sədrinin köməkçisi Əvəz Zeynallının məhkəməsində İFADƏ VERDİ


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan jurnalist Əvəz Zeynallının məhkəmə iclası keçirilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilməsi davam etdirilib.

Prosesdə şahid qismində çıxış edən Çingiz Əmirov ifadəsində göstərib ki, 2008-ci ildən bəri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində işləyir:

“2008-ci ildən agentlikdəyəm. Hazırda isə AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədovun köməkçisi vəzifəsindəyəm. İstintaqdakı ifadəmdə də göstərmişəm ki, 2021-ci ildə mühafizə zəng edib Əvəz Zeynallının idarəyə gəldiyini xəbər verdi. Əlavə etdi ki, məhkəmə ilə bağlı məsələdi. Bizim agentlikdə belə məsələlərə hüquq şöbəsindən Şahbaz Qasımov nəzarət edir. Mən də Saleh Məmmədov işdə olmadığı üçün ona yönləndirdim. Təxminən 1 saat sonra Şahbaz Qasımovla əlaqə saxladım. Mənə dedi ki, Əvəz Zeynallı ilə danışdım, hər şey həll olundu. Bundan başqa heç bir şey soruşmadım”.

Çingiz Əmirovun sözlərinə görə, Əvəz Zeynallını heç vaxt görməyib:

“Əvəz Zeynallını yalnız jurnalist kimi tanımışam. “Xural tv”də AAYDA-nın fəaliyyəti ilə bağlı narazılıqların olduğu verilişi izləmişəm. Heç vaxt şəxsi ünsiyyətim olmayıb. Əvəz Zeynallıya pul verilməsi barədə xəbəri də istintaqda öyrənmişəm.

Çingiz Əmirov daha sonra Əvəz Zeynallının suallarını cavablandırıb.

Əvəz Zeynallını vəkili Çingiz Əmirovun ifadəsinin Şahbaz Qasımovunku ilə eynilik təşkil etdiyini bildirib.

Çingiz Əmirov:

“Nəyə desəniz and içərəm ki, Şahbaz Qasımovun ifadəsindən heç bir xəbərim yoxdur. Heç bura gələndə belə maraqlanmamışam. Sadəcə işdə eşidirdim ki, Əvəz Zeynallı “Xural TV”də 2 veriliş hazırlayıb. Həmin süjetlərdə agentliyin və Saleh Məmmədovun nüfuzuna xələl gətirən fikirlər səsləndirib”.

Əvəz Zeynallı şahidin ifadəsinə narazılıq bildirib:

“Nağı İsmayılov qorxusundan bura gəlmir. Onu aldadıblar. 1 milyonluq iş üçün ona 3 yüz min manat verirlər. Bunlar yalandan 2 verilişə baxıb, hekayə qurub gəliblər. Mən heç kəsdən pul almamışam, agentliyə də getməmişəm”.

Əvəz Zeynallı istintaqın heç bir materialına inanmadığını açıqlayıb:

“Mən istintaqın heç bir materialına inanmıram. O giriş-çıxış tarixlərinin heç biri mənim üçün mötəbər deyil. Bunların hamısına azadlığa çıxanda qiymət verəcəm”.

Təqsirləndirilən şəxs Elnur Şükürov söz verilmədiyi halda prokurora qarşı fikir səsləndirib.

Prokuror hakimdən Elnur Şükürova sakit durmasını və ona xəbərdarlıq edilməsini tələb edib.

Elnur Şükürov isə:

“Mənim səsimi heç kim kəsə bilməz. Mən özüm üçün danışıram”.

Əvəz Zeynallının vəkili vəsatət qaldıraraq AAYDA-nın kamera görüntülərinin açılmasını istəyib.

Hakim müşavirə keçirərək vəkilin vəsatətini qəbul edib.

Məhkəmə iclası avqustun 18-ə təxirə salınıb.

Qeyd edək ki, Baş Prokurorluğun rəsmi məlumatında bildirilir ki, Ə.Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habələ Elnur Şükürovla vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.




Paylaş:


Müəllif : Tarix:
11-08-2023, 16:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər