reklam
Regionxeberlericom.az » Sosial » Fındıqçılıqla məşğul olan fermerlər çətin vəziyyətdə: Məhsuldarlıq az, qiymət aşağı

reklam

Fındıqçılıqla məşğul olan fermerlər çətin vəziyyətdə: Məhsuldarlıq az, qiymət aşağı


“Bu il təbiətin şıltaqlığı, dolunun düşməsi təsərrüfatlara ciddi ziyan vurdu. O cümlədən fındıq təsərrüfatlarında vəziyyət ürəkaçan deyil. Bu sahədə fəaliyyət göstərən fermerlərin satdığı məhsulun qiyməti az da olsa, inflyasiyaya uyğundur və özü-özünü indeksasiya edir. Yəni bu məhsulu satan sahibkar ən azı qazandığı pula digər məhsul ala bilir”.

Bu fikirləri Bizim.media-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov səsləndirib.

Ekspert bildirir ki, son illərdə fındığın ucuzlaşması bu sahənin inkişafına mənfi təsir göstərib.

“Bir neçə il əvvəl kiloqramı dörd-beş manata satılan fındığı bu gün sahibkar iki-üç manata sata bilmirlər. Ötən il də qiymət düşdü. Yəni əksinə, fındığın qiymətində hər hansı artım olmur. Bunun da bir sıra ciddi səbəbləri var. Ümumilikdə isə fındıqçılıqla bağlı vəziyyət digər kənd təsərrüfatı sahələrindən daha ağırdır”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da bildirib ki, fındıq sahələrinin çoxalması, eyni zamanda, daxili tələbatın, alıcılıq qabiliyyətinin aşağı olması qiymətin enməsinin əsas səbəbidir:

“Tələbi artıran amil heç də təklifin artması deyil. Bütün hallarda ölkə əhalisinin alıcılıq qabiliyyətinin artımı ilə tələbat, qiymət arta bilər. Ölkə əhalisinin alıcılıq qabiliyyəti getdikcə düşüb. Yəni gərək fındığın alıcısı olsun ki, qiyməti artsın.

Son illərdə fındıqçılığın inkişafı ilə bağlı sahələr genişləndirilir ki, bununla da məhsuldarlıq enir, istehsalda azalma yaranır. Dünya bazarında son dörd-beş ildə fındığın qiyməti iki dəfədən çox ucuzlaşıb. Əvvəllər də biz deyirdik ki, fındıqçılığı inkişaf etdirmək intensiv yolla olmalıdır. Sahələri genişləndirməklə, ekstensiv yolla deyil”.

Ekspertin sözlərinə görə, hələlik bu məhsulun qiymətinin artması gözlənilmir:

“Rəqabət mühiti olsa, çox sahibkar fındığın daha dərin emalı ilə məşğul olar və o sahədən daha çox qazanc əldə edər. Bu məhsulun ixrac olunması, əslində, qiymətə təsir etməlidir”.

Vahid Məhərrəmov qiymətlərin aşağı olmasının fermerlərə mənfi təsir etdiyini də diqqətə çatdırıb.

Ekspert onu da vurğulayıb ki, bu sahəyə dövlət tərəfindən nəzarət olunmalıdır:

“Kənd Təsərrüfatı Nazirliyi fermerlərin problemi ilə maraqlanmalı, istehsalın neçəyə başa gəlməsini hesablamalıdır”.

Qeyd edək ki, Azərbaycan fındıqçılıq sahəsində ixtisaslaşmış ölkələrdən biri hesab olunur. Dünyada fındıq istehsalına görə ölkəmiz beşinci sırada qərarlaşıb.




Paylaş:


Müəllif : Tarix:
16-08-2023, 13:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər