reklam
Regionxeberlericom.az » Sosial » 50 bal toplayan kənd müəllimindən təhsil nazirinə: - “Bu, Azərbaycan müəlliminə qarşı haqsızlıqdır...”

reklam

50 bal toplayan kənd müəllimindən təhsil nazirinə: - “Bu, Azərbaycan müəlliminə qarşı haqsızlıqdır...”


Ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 211 ibtidai sinif müəllimi iştirak edib və bu prosesdə 97 faiz davamiyyət qeydə alınıb.

Prosesi uğurla tamamlayaraq 51-60 bal toplamış 3 163 müəllimin vəzifə maaşına 35 faiz, 30-50 bal toplamış 5 624 müəllimin vəzifə maaşına isə 10 faiz əlavə edilib. Cari ilin 29 avqust tarixində ötən il keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 1 939 müəllim iştirak edib. Onlardan 1 334 nəfəri keçid balını toplayaraq növbəti mərhələdə iştirak imkanı qazanıb. Təkrar imtahanda iştirak edən müəllimlərdən 605-i müvafiq keçid balını toplaya bilməyib.

Eyni zamanda, imtahanda iştirak etməyən 137 müəllim də sertifikatlaşdırmadan keçməmiş hesab olunub. Bu il sertifikatlaşdırma qaydalarına edilmiş dəyişikliyə əsasən, 60 və daha yuxarı yaşda olan müəllimlərin prosesdə iştirakı könüllü olub. 2023-cü ilin əvvəlindən ötən il sertifikatlaşdırma prosesində uğur qazanmamış müəllimlərə Təhsil İnstitutu tərəfindən təlimlər keçirilib. Təlimlərdə iştirak edən müəllimlərin 80 faizi təkrar sertifikatlaşdırmada uğur qazanıb. Qeyd edək ki, ötın il sertikatlaşdırma prosesi başlayanda bəzi müəllimlər tərəfindən etirazla qarşılansa da, imtahanlardan bir çox müəllim uğurla çıxıb. Prosesin nəticələrinin əmək haqqına təsirinə gəldikdə isə burada da bəzi məqamlar var ki, müəllimlər bu sahədə yeniliyin tərəfdarıdır.

Cebhe.info-nun müsahibi Yardımlı rayon Vərgədüz kənd orta məktəbinin ibtidai sinif müəllimi, 23 ildir əmək fəaliyyəti ilə məşğul olan, sertifikasiya imtahanında 50 bal toplayan Xanverdi Dadaşovdur. DİA.AZ onunla söhbəti təqdim edir:

- Xanverdi müəllim, ümumiyyətlə, sertifikasiyanın keçirilməsinə münasibətiniz necədir?

- Ölkəmizdə tətbiq olunan sertifikasiya modeli Ukrayna modelidir. Amma xeyli dəyişiklik edilib. Gərək dəyişiklik olunmazdı. Differensial yanaşma yoxdur. 30 bal toplayan müəllimlə 50 bal toplayan müəllimlər eyni səviyyədə qiymətləndirilir. Azərbaycanda müəllimlər üçün tətbiq edilən sertifikasiya imtahan qaydalarında çoxlu neqativliklər var. Deməli, Ukrayna modelini götürüb özlərinə sərf edən formada düzüb-qoşaraq bizdə tətbiq edirlər. Ad olsun ki, bizdə də sertifikasiya imtahanı keçirilir. Ukrayna modeli olduğu kimi qalsaydı, bu qədər də narazılıq yaranmazdı. Elə götürək Qazaxıstan modelini. Onlarda imtahan nəticələrinə görə maaş artımı üç - A, B, C kateqoriyalarına bölünür. A kateqoriyası 100%, B 50%, C isə cüzi artırılır, ya da heç artırılmır. B, C-lərə ildə bir dəfə şans verilir ki, yenidən imtahan verib A kateqoriyasına sahib ola bilsinlər.

Nəticədə müəllim də öz üzərində işləməyə sövq edilir. Bu da təhsilin inkişafına müsbət təsir göstərir. Bizdə isə tətbiq edilən sertifikasiya qaydalarındakı bu və ya digər amillər, boşluqlar, heç bir məntiqə sığmayan nüanslar təhsilimizin bir az da uçuruma gedəcəyindən xəbər verir. Ən azından qaydalara yenidən baxılmalı, maaş artımına differensial formada yanaşılmalı, müəllimləri ruhdan salmaq yox, onlara stimul verilməlidir. Qaydaları tətbiq edərkən bütün təhsil sisteminin yükünü çiyinlərində gəzdirən müəllimlərin də fikirlərinə, həyat şəraitinə, qabiliyyət və bazasına diqqət yetirmək lazımdır. Təhsil bir və ya bir neçə nəfərin məntiqi ilə idarə oluna bilməz...

-Bəzi müəllimlər etiraz edərək sertifikasiyaya ehtiyac olmadığını bildirir və qeyd edirdilər ki, universitetdə yetərincə təhsil alıblar, yenidən imtahanın keçirilməsi doğru deyil. Bu baxımdan müəllimlərin yenidən sertifikasiyaya cəlb edilməsi lazımdırmı?

- Bəli, mütləq lazımdır. Zaman keçdikcə müəllim də öz üzərində işləməlidir. Müəllimdə geriləmə müşahidə edilə bilər. Sertifikasiya imtahanında müəllimin peşəkarlıq bacarığı üzə çıxır və onu təkmilləşdirməyə ehtiyacı olub- olmaması məlum olur. Müəllim bilir ki, müəyyən müddətdə sertifikasiya imtahanında iştirak edəcək. Ona görə öz üzərində işləməyə məcbur qalır.

- Siz necə, iştirakçı olaraq mtahanın gedişindən, suallardan razısınızmı?

- İmtahan normal təşkil olunmuşdu. Biraz stullar yaxın idi. Köçürmələr ola bilərdi. İxtisas sualları normal idi. Tədris etdiyimiz fəndən 50 , metodkadan 10 sual vardı. Yəni deyildiyi kimi, məntiqlə bağlı sual yox idi. Əksər suallar ibtidai, bir neçə sual yuxarı sinif səviyyəsində idi. Amma öhdəsindən gəlmək olardı. Metodika sualları isə oxşar variantlar olduğundan müəllimlər çətinlik çəkirdi.

-Bəzən MİQ, sertifikasiya kimi imtahanların yalnız gənclərə şamil edilməsi təklifi səslənir. Sizcə, burada yaş fərqi olmalıdırmı?

- Xeyr, heç bir yaş səviyyəsi olmamalıdır. Müəllim hər zaman müəllim olmalıdır. Mənim 23 il iş təcrübəm var. İndi özümü 10-15 il bundan əvvəlkindən daha savadlı hiss edirəm. Sadəcə müəllim 65 yaşda yox, 50-55 yaşda artıq yorula bilər və onu yüksək məbləğlə təqaüdə göndərmək lazımdır.

- Bu gün müəllimlərin təhsil səviyyəsi sizi qane edirmi? Çünki bir çox müəllimlərin məhz sertifikasiya ərəfəsində hazırlıq kurslarına getdiyi deyilir, eyni zamanda tədris etdiyi fəndən kifayət qədər bal toplaya bilməyənlər var...

-Müəllimdən müəllimə fərq var. Əksəriyyəti, xeyr, qane etmir. Müəllim necə öz ixtisası üzrə kursa gedir? Bu, necə olur? Belə çıxır ki, ixtisasın bilmir, imtahandan keçmək xatirinə kursa gedir. Bəs o dərs dediyi şagird necə olacaq? Belə çıxır ki, o, uşaqları neçə vaxtdır aldadırmış, “yola verirmiş”. Amma bir çox müəllim var ki, öz üzərində daim, yüksək motivasiya ilə işləyir. Onun hazırlaşmağa, kurslara getməyinə ehtiyacı olmur. O müəllimi hər gün də imtahan etsələr, hər zaman yüksək nəticəyə imza atacaq.

Adi bir nüans deyim. Keçən il sertifikasiya imtahanında iştirak edən 2800-ə yaxın müəllim kəsilmişdi. Bu il onlara ikinci şans verildi, imtahanda iştirak etdilər. Keçən il 15 bal toplayan müəllim bu il 53 bal toplayıb. İndi ortaya sual çıxır. O 15 bal toplayan müəllimlə eyni vaxta 50 bal toplayan müəllim arasında fərq yoxdur? İndi belə çıxır ki o 15 bal toplayan indi cəm 3 balla 50 bal toplayandan savadlı oldu? O yüksək nəticəli müəllim oldu, 50 bal toplayan qənaətbəxş nəticəli müəllim... Baxın, görürsünüz sertifikasiya qaydalarında belə boşluqlar da var.

-Bu istiqamətdə hansı təklifləriniz var?

- Təhsil naziri də öz çıxışında qeyd edib ki, 50 bal yüksək nəticədir ,35% artım da onlara şamil olunur, sonradan aid etmədilər. Necə olur 30 bal keçid balı olur, yüksək nəticə isə 50 yox, 51 bal olur?! Bəs cənab nazirdən soruşmaq istəyirəm ki, 50 bal hara gedir? Belə etməyin. Milləti incitmək olmaz, təhsilverənlər təbəqəsini isə heç incitmək olmaz. Müəllimi motivasiyadan, həvəsdən salmaqla təhsilin səviyyəsi daha da uçuruma gedir. Əgər 35% artımın onlara da şamil olunacağı deyilirsə, 50 bal toplayan müəllimlər də buna sevinir, buna köklənir. Sonradan isə məlum olur ki, 50 bal toplayan müəllimlərin nəticəsi qənaətbəxş hesab edilib və maaşlarına 35 yox 10% artım əlavə olunub. İndi bu müəllim dərs keçə bilərmi? Heç vaxt... Siz o müəlimi mənən öldürdünüz... Bu, Azərbaycan müəlliminə qarşı haqsızlıqdır, onu ələ salmaqdır... Bütün aidiyyəti orqanlardan, bütün səlahiyyətli şəxslərdən bu barədə ciddi tədbir görmələrini gözləyirik.

Ümid edirik ki, müəllimə qarşı bu kimi neqativ hadisə tez bir zamanda öz həllini tapacaq. Bunu xüsusilə qeyd etmək lazımdır. Nazir öz çıxışında deyir ki, biz müəllimləri ballara görə kateqoriyalara bölə bilmərik. Necə bölmür ki, 30 bala qədər toplayan müəllimləri yenidən ixtisasartırmaya cəlb edir? Həm də imtahandan kəsilmiş sayır. 30 baldan 50 bala qədəri qənaətbəxş (kafi), 51 bal və yuxarını yüksək hesab edir. Bu kateqoriyaya bölmək deyilmi? İstərdim ki, bu istiqamətə ciddi tədbir görülsün.





Paylaş:


Müəllif : Tarix:
4-09-2023, 18:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər