reklam
Regionxeberlericom.az » Sosial » Avtomobillərin texniki baxışı prosedurunda dəyişiklik ediləcəyi gözlənilir - İDDİA

reklam

Avtomobillərin texniki baxışı prosedurunda dəyişiklik ediləcəyi gözlənilir - İDDİA

Uzun illərdir formal xarakter daşıyan və korrupsiya mənbəyindən başqa hər hansı özəlliyi olmayan avtomobillərin texniki baxışı prosedurunda dəyişiklik ediləcəyi gözlənilir.

“AzPolitika.info” hüquq-mühafizə sistemindəki mənbələrinə istinadla xəbər verir ki, avtomobillərə texniki baxışın keçirilməsi səlahiyyətinin Baş Dövlət Yol Polisi İdarəsindən alınması və bu işin hər hansı dövlət qurumuna deyil, özəl şirkətlərə həvalə edilməsi məsələsi müzakirə olunur.

Onu da qeyd edək ki, dünya təcrübəsində texniki baxışın məhz özəl şirkətlər tərəfindən həyata keçirilməsi praktikası olduqca geniş yayılıb. Məsələn, Avstraliyada ümumiyyətlə avtomobillərin texniki baxışı həyata keçirilmir. ABŞ-ın 13 ştatında da texniki baxışa lüzum görmürlər. İspaniyada isə bu işi avtomobili istehsal edən şirkətin ölkədəki dilleri yerinə yetirir. Özü də hər şeyi istehsalçı şirkət özü üzərinə götürərək, lazım gəldikdə texniki baxışı hətta gecə saatlarında həyata keçirir və səhər saat 07.00-a qədər bütün sənədləşməni apardıqdan sonra avtomobili sahibinə çatdırır.

Vaxtilə “qardaş respublikalar” olan Baltikyanı ölkələrdə də texniki baxış DİN-dən alınaraq, özəl şirkətlərə həvalə olunub və hər inzibati ərazinin öz texniki baxış mərkəzi və şirkəti var. Təbii ki, bu da nəticədə rüşvət, süründürməçilik və vaxt itkisi kimi məsələləri aradan qaldırıb.

Azərbaycanda isə necə deyərlər, bineyi-qədimdən texniki baxış onu keçirən qurumun külli miqdarda qeyri-leqal gəlir mənbəyinə çevrilib. Elə son dövrlərə qədər də rəsmi qiyməti 20 manat olan texniki baxışı keçmədən belə, şəhərin müxtəlif hissələrində “birkaların” 50 manata satılması müşahidə olunurdu. Texniki baxış mərkəzləri isə süründürməçilik və süni olaraq, uzun növbələrin yaradılmasından başqa hər hansı məqsədə xidmət etmirdi.

Lakin görünür, yeni nazir Vilayət Eyvazovun polisin cəmiyyətdəki nüfuzunun qaldırılması, imicinin yaxşılaşdırılması istiqamətində atmağa başladığı addımlar sırasında yol polisi sistemində islahatlar aparılması niyyəti ön plana keçməkdədir. Əslində, doğrudan da polisin cəmiyyət arasındakı nüfuzuna, insanların DİN sisteminə etimadına ən böyük zərbə vuran elə məhz yol polisidir.

Ən çox şikayət olunan və vətəndaşlarda haqlı narazılıqlar yaradan Baş Dövlət Yol Polis İdarəsi və xüsusilə də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərlə kobud davranmaqdan tutmuş insanların şərlənməsi, rüşvətxorluq, korrupsiya və özbaşınalıq kimi “məziyyətlərilə” ölkədə ən çox tənqid edilən strukturlara çevriliblər. Sözsüz ki, DİN-in yeni rəhbərliyi də yalnız yol polisi sisteminin ümumilikdə olmasa belə, qismən, mərhələlərlə ləğvi, ya da ciddi islahatlara məruz qoyulması yolu ilə bu ağır və əslində lazımsız yükdən qurtulmağın mümkünlüyünü yaxşı anlayır.


Paylaş:


Müəllif : Tarix:
5-09-2019, 11:19
Sikayət   


loading...
Загрузка...