reklam
Regionxeberlericom.az » Sosial » "Mən sənin kimi irticadan qorxub xaricə qaçmamışam, 1988 - ci ildən mübarizə meydanındayam" - QALMAQAL

reklam

"Mən sənin kimi irticadan qorxub xaricə qaçmamışam, 1988 - ci ildən mübarizə meydanındayam" - QALMAQAL


Xalq şairi, Vətəndaş Həmrəyliyi partiyasının sədri Sabir Rüstəmxanlı özünün Facebookdakı səhifəsində bir məqalə yayınlayıb. DİA.AZ musavat.com-a istinadən həmin məqaləni təqdim edir.

Köhnə dostum Mahmudəli Çöhrəqanlı Qurban Məmmədovun proqramında məni "Heydərizm"ə işləməkdə və müxalifətçilikdən uzaqlaşmaqda ittiham etdi. Bu, öyrəşdiyimiz sözlərdir, bizdə uzun illər davam edən və ən dəbdə olan qarayaxma üsulu budur: əldə əsas oldu- olmadı, təmkinli danışanları "KQB" agenti, ya iqtidarın adamı, sərt danışanları da xaricə satılmış adlandırırlar. Bunun da çürük təfəkkürdən başqa bir adı yoxdur. İnana bilməzdim ki, Çöhrəqanlı da həmin səviyyəyə düşə bilər və onun da dilindən həqiqətə daban-dabana zidd olan belə mənasız və ümumi mənafelərimizə zidd, birliyimizi pozan və nəticə etibarı ilə fars- erməni irticasına xidmət edən ittihamlar səslənə bilər... Bu anlamda onun böhtanları məni çox təəccübləndirdi...Bir daha əmin oldum ki, mənim çörəyimin duzu yoxdur; ona da əmin oldum ki, sayca bizdən çox olmalarına və möhtəşəm tarixlərinə baxmayaraq Güneyli qardaşlarımızın ən xırda milli haqlardan məhrum olmalarının bir günahı da onların özlərindədir. ( Bunu illər uzunu apardığım müşahidə əsasında deyirəm)...

Çöhrəqanlının Quzey Azərbaycanla və millətimizin taleyi ilə bağlı arzu və istəklərini təbii qəbul etsəm də onun yaşına- başına yaraşmayan söyüş üslubu qəbul edilən deyil. Çünki ondan soruşarlar ki, sən Güney Azərbaycanımız üçün nə etmisən ki, məni, Quzey Azərbaycanda xalq üçün çalışmamaqda ittiham edirsən? Mən sənin kimi irticadan qorxub xaricə qaçmamışam, 1988 - ci ildən mübarizə meydanındayam və bütün başqa ədəbi, ictimai- siyasi fəaliyyətimi bir kənara qoyub təkcə ölkəmin Müstəqillik aktına qol çəkdiyimi xatırlatsam bu, sənin mənə dil uzatmagınının nə qədər gülünc bir iş oldugunu sübut etməyə yetər...

İşin bir insanı tərəfi də var. Çöhrəqanlının Azəbaycan ziyalılarından, müxalifətindən məhz məni hədəf seçməsini səbəbini yaxşı bilirəm və təəssüf ki, bir çox hallarda olduğu kimi indi də öz ağlıyla danışmır, onu mənə qarşı itələyən qüvvələr var. Lakin bütün hallarda o, məni qaralamazdan öncə heç olmazsa mənimlə görüşmək üçün Təbrizdən Şərəfxanaya iki gün dalbadal üç nəfərlik bir heyət göndərdiyini, mənimlə görüşərkən hansı mədhiyyələr söylədiyini, Bakıya gələndən sonra onun üçün nə qədər əziyyət çəkdiyimi, mənim zəngim və xahişimlə Türk Dünyası Araşdırmalar Vəqfinin genəl başqanı rəhmətlik Turan Yazqanın və general Vəli Küçüyün Türkiyədə onun üçün çəkdikləri əziyyətləri, İstanbul ətrafında onun şərəfinə hansı səviyyədə ziyafətlər verildiyini, Vaşinqtonda cənublu yoldaşlarımın etirazına baxmayaraq onu axtarıb tapdığımı, onu DAK-ın Ukrayna qurultayına dəvət edib Məclis sədri seçdirməyimi və nəhayət, Bakı aeroportunda onun Azərbaycana buraxması üçün saatlarla müxtəlif rəsmilərimizlə danışıb keçirdiyim həyəcanları da yada salaydı. Hansı cəbhədə dayanmağından asılı olmayaraq bizdə bir kişilik anlayışı da var, kəsilən çörəyi itirmir, "kişinin çörəyi dizinin üstə olmaz" deyirlər. Bu mənada hətta söydüyün insandan da öyrənməli bir şey varsa öyrənməlisən. Heydər Əliyev çörək kəsdiyi, yaxşılığını gördüyü və ya bir yolda oldugu adamı yaddan çıxarmaz və dedi-qoduya uyub fikrini dəyişməzdi.Başqalarından fərqli olaraq mən illər uzunu sözümü- tərifimi də, tənqidimi də onun üzünə demişəm, sağlığında... Ömrü boyu mənim təkcə " Dərdə əyilmə" kitabımın beşcə səhifəsini yaza bilməyənlər və milli davamız yolunda getdiyim beynəlxalq qurumların yolunu tanımayanlar, MM-dəki çıxışlarımdan bixəbərlər mənə müxalifətçilik dərsi verə bilməzlər

Çöhrəqanlının bizim ağzımızdan eşitdikərini sonralar öz sözləri kimi pafosla təkrarladıgının dəfələrlə şahidi olmuşdum, lakin DAK həmsədri hörmətli Firudin Pərvizniya ilə ABŞ-a son səfərimiz zamanı, Vaşinqtonda baş vermiş bir olay onun şüur səviyyəsini göstərdi və ona olan inamım sarsıldı. İndi məni ittiham etməsinin də kökü həmin hadisədədir. Biz Firudin bəylə ABŞ Konqresinə görüşə getməliydik. Proqram tutulub vaxt müəyyənləşdirilmişdi. Oteldən çıxmazdan yarım saat əvvəl Çöhrəqanlı gəldi, hara getdiyimizi biləndə dedi ki, məni də aparın. Böyük məmnuniyyətlə onun da bizimlə getməsini istədik. Zəng vurub maraqlandıq, protokolda görüşdə Firudin bəylə mənim nəzərdə tutulduğumu dedilər. Çöhrəqanlının çığır- bagırı (sözün əsl mənasında) başlandı. "Mən getmirəmsə siz də getməyin!". Hətta bizi Ermənistan səfirliyinə gedəcəyi ilə hədələdi. "Sən illər uzunu burdasan, istədiyin vaxt müraciət edib görüşə bilərsən, bizim gəlişimizi niyə gözləməlisən?" və s. sözlərimiz təsir etmədi... Onda mən sərtləşdim: "Mən bu boyda yol gəlib burda sənin ərköyünlüyünə görə işimi poza bilmərəm", deyib görüşə getdim. Cöhrəqanlı getməsə də oğlu həmin görüşdə mənim tərcuməçim idi və görüşün hansı səviyyədə keçdiyinin şahidi oldu. Aramızdakı soyuqluq həmin gündən başlandı...

O məni müxalifətçi olmamaqda ittiham edərkən unudur ki, ömrümün son 20 ili Güney Azərbaycan probleminin dünyada müzakirələrinə sərf olunub. Bu artıq iqtidar, müfalifət məsələsi deyil.

Mahmudəli bəydən soruşmaq istərdim ki, sən ABŞ-da olduğun uzun illər ərzində Güney üçün nə iş görmüsən? Burda yaxşı-pis bir dövlət var, sən İran hakimiyyəti əvəzinə buradakıları söyürsən. Xeyir olsun, onların qarşısında nə öhdəliyin var? Cənabın bilsin ki, Quzey Azərbaycan müstəqillik qazanandan sonra Bakı universitetlərində 50- dən çox güneyli tələbə oxutdurmuşam, Bakıda Güney Azərbaycanın qeyri rəsmi səfiri olmuşam, onlarla gəncın geri qaytarılmasının qarşısını alıb BMT xəttiylə miqrasiyasına kömək etmişəm, ən sıradan məişət problemlərində də Güneylilərə əlimdən gələn yardımı göstərmişəm, onlarla konfrans, piket, dünyanın bir çox ölkəsində yüksək səviyyəli görüşlər, saysız yazı yazmışam və nəhayət, bütün bunlara görə qazancım İran rejiminin ölüm fitvası və indi də sənin fitvan olub... Buna taleyin ironiyası deyirlər. Deyə bilərsənmi səni hansı daha çox maraqlandırır: bu işlərin görülməsi, yoxsa mənim sənin kimi söyüş yolunu tutub əlimin-qolumun bağlı olması?

Bu gün iki cəbhəyə bölünüb bir- birini söyməklə məşgul olan insanlarımızın durumunu ağriyla seyr edirəm. Bu cəbhələşmədə mövqeyim həmişə aydın olub, mən daim xalqın, haqqın, demokratiyanın, Rəsulzadə yolunun və Vətəndaş həmrəyliyinin tərəfindəyəm. Lakin bu gün Azərbaycanın sürükləndiyi münaqişələrin nəticələri haqda, qazanacaqlarımız və itirəcəklərimiz barədə düşünmək, daha optimal yol axtarmaq da mənim haqqım və borcumdur. Bizim küyə getmək və sonu bəlli olmayan iç münaqişələri xilas yolu kimi və yeganə yol kimi təbliğ etmək vaxtımız keçib. Hakimiyyəti kürsüdən itələrkən özün də ətalətlə onun atxasınca uçuruma yuvalanmamalısan. Mən heç vaxt söyüş müxaləfəti olmamışam əxlaqdan və milli dəyərlərimizdən kənar mübarizəni qəbul etmirəm. İçimizdə və dünyada gedən proseslərdən xəbərsiz adamlar bunu anlamaz.... Bu sözləri yazmaq istəməzdim, çünki bizim qarşı-qarşıya yox çiyin-çiyinə dayanan vaxtımızdır. Nəhayət, onu da deyim ki, vaxtilə Cöhrəqanlının adı Güneydə yeni bir ümidlə səsləndiriləndə mən ona "Atəş böcəyi" adlı poema həsr etmişdim...

Heyif atəş sönüb artıq...

Sabir Rüstəmxanlı, Vətəndaş Həmrəyliyi partiyasının sədri, xalq şairi


Paylaş:


Müəllif : Tarix:
6-09-2019, 11:01
Sikayət   


loading...
Загрузка...