reklam
Regionxeberlericom.az » Sosial » "Nə vaxt tərpənirsən?" deyib qurulan ailələr dağılmağa davam edir - Ölkə boşanma rekordu qeydə alınıb

reklam

"Nə vaxt tərpənirsən?" deyib qurulan ailələr dağılmağa davam edir - Ölkə boşanma rekordu qeydə alınıb


Azərbaycanda ailə institutu özünün ən ağır dövrlərindən birini yaşayır. Bəlkə də, heç vaxt vəziyyət bu qədər acınacaqlı olmamışdı. Bu cümlələri hər zaman olduğu kimi indi də şişirtmədən, real olanı yazırıq. Azərbaycanda boşanma rekordu qeydə alınıb. Nikahların və boşanmaların dəqiq statistikasının aparıldığı 1935-ci ildən bəri ölkədə bu qədər boşanan olmamışdı.

Regionxeberlericom.az Bizimyol.info-a istinadən xəbər verir ki, Azərbaycanda ilin ilk 10 ayı ərzində 17 min 988 boşanma qeydə alınıb. Bununla da bütün dövrlərin rekordu rəsmiləşib. Çünki ölkədə heç vaxt bu qədər boşanma faktı qeydə alınmamışdı. 2021-ci ildə say 17 min 191-ə çatmışdı. Onda mütəxəssislər pandemiya amilini xüsusi vurğulamışdı. Koronavirusun tüğyan etdiyi dövrdə təkcə bizim ölkədə yox, bütün dünyada sosial böhran yaşanmışdı. Cütlüklər birlikdə daha çox vaxt keçirməli olduqlarından, münasibətlər sarsılmışdı. Hər halda mütəxəssislər baş verənləri belə analiz edir.

Azərbaycanda, xüsusilə İkinci Dünya Müharibəsindən sonra boşanmaların göstəricisi yüksək olmayıb. Çünki sovet hökuməti buna isti yanaşmırdı. Üstəlik, müharibədən çıxmış imperiyada insanlar bu barədə az düşünürdülər. Hərçənd, İkinci Dünya Mühribəsinə qədər Azərbaycanda boşanmaların göstəricisinin yüksək olduğunu görmək mümkündür.

Son illər vəziyyət yalnız pis istiqamətə doğru dəyişib. Hər halda vəziyyəti belə adlandırmaq olar. Çünki qurulan ailələrin nəzərəçarpan hissəsinin dağılması yaxşı tendensiya deyil. Evliliklərin sayının azalmasını müəyyən mənada həzm etmək olar. İnsanların sosial qayğıları çoxdur, gənclər həyatda qalmağa çalışırlar. Amma boşanmalar qeyri-müəyyənliyi artırır. Ailədə övlad varsa, durum bir az da mürəkkəbləşir. Hökumətin xüsusi dəstəyi olmadığından, uşağı böyütmək çox çətin proses halına gəlir.

Ailələr niyə dağılır?

Əvvəllər bu haqda az danışmamışıq. Sosial amillər çox önə çıxır. Ailəni maddi baxımdan ayaqda saxlamaq asan deyil. Mütəxəssislər ailə institutundakı boşluqları da qabardır. Məsələn, cütlüklərin bir-birini pis tanıması, məsuliyyət hissinin olmaması, evliliklərin necə gəldi həyata keçirilməsi. Əlbəttə, bu amillər çox böyük rol oynayır. Amma sirr deyil ki, birinci yerdə sosial mühit dayanır. İl başa çatır. Böyük ehtimalla say 20 min həddini keçəcək. Hətta 21 minə çatacağını proqnozlaşdırmaq olar. Rəqəmlər çox vahiməli görünür. Hökumətin bununla bağlı konkret planı olmalıdır. Ailələr dövlətin qayğısını hiss etməlidir. Yoxsa ortada qalmış uşaqların, talelərin sayı daha da artacaq.




Paylaş:


Müəllif : Tarix:
21-12-2023, 13:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər