reklam
Regionxeberlericom.az » Sosial » Kürəkənini odlu silahdan atəş açaraq öldürən şəxsin müdafiəçisi: - “Onun başında sanki qığılcım qopmuşdu...”

reklam

Kürəkənini odlu silahdan atəş açaraq öldürən şəxsin müdafiəçisi: - “Onun başında sanki qığılcım qopmuşdu...”


Ali Məhkəmədə qətl törətməkdə ittiham olunan Azər Cəfərovun barəsindəki hökmdən verilən kassasiya şikayətinin dəlilləri məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi xahiş olunub. Şikayətdə qeyd olunub ki, Azər Cəfərov haqqında birinci instansiya məhkəməsinin hökmü və həmin hökmün dəyişdirilmədən qüvvədə saxlanmasına dair apellyasiya instansiya məhkəməsinin qərarı iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmadan çıxarılıb. Belə ki, məhkum hadisədən əvvəl yalnız zərərçəkmiş şəxsin onu təhqir və təhdid etməsini xatırlayır: “Bundan sonra, onun başında sanki qığılcım qopmuş və bundan sonra baş verənləri qəti olaraq xatırlamır. Bütün bunlar onu göstərir ki, bu əlamətlərin təhlili heç bir halda ambulator qaydada aparılan araşdırmanın nəticəsi üzrə rəyə gəlməyə əsas vermir”.

Müdafiəçi hesab edib ki, Azər Cəfərovun psixoloji durumu hadisəni törədərkən affekt vəziyyətinin əlamətlərinə uyğun olub: “Belə ki, məhkum zərərçəkmiş şəxs tərəfindən edilən ağır təhqir, qanunsuz və əxlaqsız hərəkətlər nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində hadisəni törətmiş və hadisəni törətdiyi anı belə dəqiq olaraq xatırlamır. Ona görə də iş üzrə məhz məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallar əsasında komisyon qaydada məhkəmə-psixoloji ekspertiza təyin edilməli olması ilə bağlı məhkəməyə vəsatət verilsə də, heç bir əsas olmadan vəsatəti təmin edilməyib”.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd: Hadisə 2021-ci il dekabrın 13-də paytaxtın Xəzər rayonunda baş verib. Belə ki, A.Cəfərov aralarında şəxsi münasibətlər zəminində münaqişə zamanı odlu silahdan atəş açaraq kürəkəni Rəşad Məmmədovu qətlə yetirib. Daha sonra A.Cəfərov saxlanılıb. İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Cəfərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Ali Məhkəməsi isə onun kassasiya şikayətini təmin etməyib.




Paylaş:


Müəllif : Tarix:
30-12-2023, 11:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər