reklam
Regionxeberlericom.az » Sosial » BNA-nın vəzifəli şəxsləri rüşvət alaraq yolu dəyişdiriblər

reklam

BNA-nın vəzifəli şəxsləri rüşvət alaraq yolu dəyişdiriblər

Ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin rüşvət almaqda ittiham olunan əməkdaşları Hikmət Vəlizadə və Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ittiham aktı elan edilib.

İttihamda deyilir ki, Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini V.Hüseynov və qeyd olunan struktur qurumun məsləhətçisi H.Vəlizadə həmin vəzifədə işləyərkən paytaxtın Həsən Əliyev küçəsində yerləşən “New Med” klinikası, “Avrasiya hospital”, “Kuzə” restoranının önündə hərəkətin tənzimlənməsi müqabilində rüşvət alıblar. 

İstintaq materiallarında deyilir ki, “Avrasiya hospital”ın yerləşdiyi küçədə avtomobillərin qarşılıqlı hərəkətinə icazə olub. Klinika rəhbərliyi isə orada sıxlığın azalmasını istəyib. Təqsirləndirilən şəxslər hərəkətin tənzimlənməsi üçün klinika rəhbərliyindən 7 min manat pul istəyib, yekun razılaşma ilə ondan 5 min manat alıblar. Bundan sonra həmin ünvanda “qarşılıqlı yol hərəkəti qadağandır” nişanı quraşdırılıb – avtomobillər üçün hərəkət birtərəfli olub.

“New Med” klinikasının önündəki parklanmanın təşkilinə icazə verilməsi üçün də 5 min manat rüşvət alınıb. 

Bundan başqa, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Kuzə” restoranının rəhbərliyi də obyektin önündə parklanmaya icazə almaq üçün Agentliyə 6 min 500 manat rüşvət verib

İttihamda o da qeyd edilib ki, V.Hüseynov və H.Vəlizadəyə Bakıda çoxmərtəbəli binaların tikintisiylə məşğul olan şirkətlərdən birinin rəhbərindən də rüşvət tələb ediblər. Lakin şirkət rəhbəri pul verməyə razılaşmadığına görə BNA-dan “parklanmanın təşkilinə icazə verilmir” məktubunu alıb.

Müttəhimlər ittihama münasibətdə özlərini təqsirli bilməyiblər. Lakin onlar ətraflı ifadə vermək də istəməyiblər. Təqsirləndirilən V.Hüseynov səhhəti ilə bağlı hazırda danışmaq istəməyib. 

Vəkillər müvəkkillərinin şahidlər dindiriləndən sonra ifadə verəcəklərini deyiblər. 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs ediliblər. 

Onlara qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İş üzrə Yerüstü Nəqliyyat Agentliyi zərərçəkmiş qismində tanınıb.




Paylaş:


Müəllif : Tarix:
10-01-2024, 17:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər