reklam
Regionxeberlericom.az » Sosial » İrəvandan sərsəm iddia - konstitusiya sayıqlaması

reklam

İrəvandan sərsəm iddia - konstitusiya sayıqlaması


Təzə ilin ilk ayı yekunlaşmaq üzrədir. Azərbaycan və Ermənistan arasında sülh sənədi ilə bağlı danışıqların harada davam etdiriləcəyi ətrafında qeyri-müəyyənlik isə davam edir. Hələ ki, nikbinlik üçün əsaslar yetərincə kövrək olaraq qalır. Həmişəki kimi, Ermənistanın qeyri-konstruktivliyi üzündən prosesi irəli aparmaq müşkülə çevrilib.

Söz oyununu özlərinin sevimli peşəsinə çevirən İrəvan rəsmiləri vaxtaşırı “nala-mıxa” vurur, utanmazcasına Azərbaycan tərəfini hətta qeyri-obyektivlikdə suçlayırlar. “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi naminə Ermənistanda konstitusiya islahatlarının aparılması barədə söhbətlər şişirtmədir”. “Yeni Müsavat”ın xəbərinə görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. Yada salaq ki, az öncə bir sıra KİV-lərdə Nikol Paşinyan hökumətinin ölkə konstitusiyasında (preambula hissəsi) Müstəqillik Bəyannaməsinə istinad olunduğu üçün onu dəyişdirmək zərurəti barədə iddialar yer almışdı. Qeyd olunurdu ki, məhz Azərbaycanın tələbi ilə həmin istinad çıxarılacaq, çünki orada keçmiş DQMV Ermənistanın tərkib hissəsi təqdim edilir.

“Məncə, bu, hüquqi münasibətləri və mexanizmləri təsbit etməklə yanaşı, ilk növbədə vətəndaşla dövlət arasında cəmiyyətdaxili münasibətlərin qurulmasının fəlsəfi əsasını təşkil edən, daxili istifadə və əhəmiyyət kəsb edən bir sənəddir”, - deyə Mirzoyan məsələ haqda danışarkən vurğulayıb. Ancaq o, sülh prosesinin məhz ölkənin hazırkı konstitusiyasına görə ləngiməsi ilə bağlı fikirlərlə razılaşmayıb. Bununla belə, bildirib ki, Bakı Ermənistan konstitusiyasında Azərbaycanın Qarabağ bölgəsinin qeyd olunduğu “İstiqlal Bəyannaməsi”nə istinadı problem sayır: “Onlar bu məsələni qaldırıblar və deyiblər ki, bəli, bu problemdir”. Nazir ardınca əlavə edib ki, Ermənistan və Azərbaycan bir-birinin konstitusiyalarında sülhə qarşı hüquqi problem görür. Ermənistanın XİN başçısının nəyə eyham vurduğu sirr deyil. Bəllidir ki, Azərbaycan Konstitusiyasına görə, indiki respublika ADR-in hüquqi-siyasi varisidir. Bəs bu müddəa Ermənistana qarşı ərazi iddiası kimi yozula, sülh danışıqlarına əngəl-bəhanə yarada bilərmi?

Sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a qeyd etdi ki, Mirzoyanın fikirləri Ermənistanın növbəti uydurmasıdır. Q.Əlibəyli bildirdi ki, Ermənistan Azərbaycan konstitusiyasında sülhə qarşı hüquqi problem görə bilməz və Mirzoyanın dedikləri cəfəngiyyatdır: “Əvvəla, rəsmi Bakı dəfələrlə qeyd edib ki, İrəvan sülh müqaviləsindən yayınır və özünü sülhpərvər kimi göstərib Azərbaycanı günahlandırır. İkincisi, Azərbaycan Xalq Cümhuriyyətinin varisi sayılır, amma bugünkü Ermənistan ərazisinə hər hansı iddiamız yoxdur, Konstitusiyamızda belə bir müddəa da görə bilməzlər. Tam tərsinə, Ermənistan Konstitusiyasında Qarabağla bağlı ərazi iddiası mövcuddur. Eyni zamanda, qardaş Türkiyəyə qarşı gerbdə, Müstəqillik Aktında ərazi iddiaları yer alır. Azərbaycan Konstitutsiyasında, gerbində Ermənistana qarşı hansı iddialar var? Mirzoyan yenə də daxili auditoriya üçün nağıl danışıb. Bir diplomat fikir irəli sürəndə məsuliyyətli olmalıdır”.

Q.Əlibəyli bildirdi ki, əgər rəsmi İrəvan qərbi azərbaycanlıların Zəngəzura qayıdışını nəzərdə tutursa, bunu ərazi iddiası kimi dəyərləndirmək olmaz, Konstitutsiyamızda da belə bir bənd yoxdur: “Sadəcə, Azərbaycan şərt irəli sürüb ki, ermənilərin Xankəndiyə qayıdışı ilə azərbaycanlıların Zəngəzuru qayıdışı paralellik təşkil etməlidir. Onlar Zəngəzura qayıdacağı halda, biz Ermənistandan torpaq tələb etməyəcəyik axı?! Ona görə də Ermənistan bəhanələr uydurur. İki tərəf arasında imzalanacaq sülh müqaviləsinin şərtlərindən biri məhz sərhədlərin toxunulmazlığının tanınması, ərazi bütövlüyünə hörmət edilməsidir. Belə olan şəraitdə Ermənistan Azərbaycana qarşı ərazi iddiası olan bir sənədi saxlaya bilməz”.

Siyasi ekspert Elxan Şahinoğluya görə, İrəvan Azərbaycanla sülh sazişi imzalamaq üçün qarşılılıqlı olaraq ərazi bütövlüyünün tanınmasıyla yanaşı sərhədlərin dəqiqləşməsini də istəyir: “Görünür, İrəvan hələ də ümid edir ki, sülh sazişi çərçivəsində Azərbaycan ordusu sərhəddəki yüksəkliklərdən geri çəkiləcək. Bunun baş verməyəcəyini prezident İlham Əliyev bir neçə dəfə bildirib. Ermənistan Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində olmasını istəmir. Bu baxımdan Mirzoyan rusiyalı həmkarı Lavrovun ”dəhliz rusiyalı hərbçilərin nəzarətində olmalıdır" yanaşmasını qəbul etmir. Mirzoyan dəhlizin yalnız Ermənistan qüvvələrinin nəzarəti altında olmasını istəyir ki, buna da rəsmi Bakı razılaşmayacaq. Ermənistanın ümidlə başladığı Türkiyə ilə dialoq hazırda dondurulmuş haldadır. Bunun səbəbi odur ki, Ankara Bakı ilə strateji müttəfiqliyə sadiq qalaraq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından sonra Ermənistanla sərhədin açılmasını mümkün sayır. Ona görə də İrəvan Türkiyə ilə sərhədin açılmasını və ikitərəfli ticarətin başlamasını istəyirsə, ilk əvvəl Azərbaycanla sülh sazişi imzalamalıdır".




Paylaş:


Müəllif : Tarix:
27-01-2024, 11:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər