reklam
Regionxeberlericom.az » Sosial » Müxtəlif bəhanələrin oduna yanan əmlaklar: Sığorta işi niyə axsayır? - FOTO

reklam

Müxtəlif bəhanələrin oduna yanan əmlaklar: Sığorta işi niyə axsayır? - FOTO


2024-cü il başlayan kimi ölkə ərazisində rezonans yaradan yanğın hadisələri baş verdi - Respublika Perinatal Mərkəzində və Binəqədidə yerləşən mebel sexində. Perinatal Mərkəzdə körpələr risk altında qaldılar. Onların bir neçəsi həyatını itirdi. Mebel sexində baş verən partlayış nəticəsində 10 nəfər həlak oldu, böyük dağıntı qeydə alındı. Sex ətrafında yerləşən tikintilərə və vətəndaşların avtomobillərinə külli miqdarda zərər dəydi.

Bəs görəsən, əmlakın sığortalanması ilə bağlı vəziyyət nə yerdədir? Proses hansı şəkildə tənzimlənməlidir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən sığorta mütəxəssisi Şahin İsmayılovun sözlərinə görə, hadisədə dəyəcək ziyanın kompensasiya edilməsi mümkündür:

“Hər hansı sığorta hadisəsinin baş verəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Ancaq bu kimi hadisələrdə dəyəcək ziyanın kompensasiya edilməsi mümkündür. Yəni müxtəlif sığorta hadisələrini qarşılamaq üçün sığorta məhsulları mövcuddur.

Daşınmaz əmlakın icbari sığortası - bu məhsul icbari olmaqla, obyektlərin daşınmaz hissələrinə, yəni daşıyıcı konstruksiyalar, divarlar, döşəmə və dam örtüyü, pəncərə, qapı, elektrik naqilləri, su, qaz boruları, kanalizasiya xətlərinə təminat verir.

Daşınmaz əmlakın istismarı ilə bağlı məsuliyyət sığortası - bu məhsul sığorta hadisəsi nəticəsində üçüncü şəxslərə dəymiş ziyanı qarşılayır. Yəni yanğın, yaxud partlayış nəticəsində ətrafda yerləşən vətəndaşların əmlak və ya avtomobillərinə dəymiş ziyan bu məhsul tərəfindən qarşılanır.

Sahibkarlara məxsus daşınar əmlakın könüllü sığortası - bu məhsul obyektin içərisində yerləşən mal və avadanlıqları təminata götürür.

Göründüyü kimi, bu üç sığorta məhsulunun alınması istənilən sahibkarın borcudur. Və onları baş verə biləcək ən böyük itkilərdən qorumağın ən əvəzolunmaz çıxış yoludur”.

Ekspert real olaraq bunların həyata keçirilmədiyini vurğulayıb:

“Sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortası Fövqəladə Hallar Nazirliyinin kurasiyasındadır. Onlar tərəfindən yoxlanılmalıdır. Olmadığı halda obyekt sahibləri cərimələnməlidir. Məsuliyyət sığortası da həmçinin.

Reallığa baxsaq, görərik ki, bütün bunlar həyata keçirilmir. Obyektlərdə mövcud olan daşınar əmlakın sığorta məhsulu könüllü növ olduğu üçün bu məhsulu almaq sahibkarların öz seçimidir. Burada hər hansı cərimə sanksiyası yoxdur. Sahibkar istəsə, bunu alar, istəməsə - almaz. Reallıqda isə vəziyyət heç də ürəkaçan deyil.

Respublika Perinatal Mərkəzində və Binəqədidə mebel sexində dəhşətli yanğın hadisələri oldu. Baş vermiş obyektlərdə icbari olan sığorta məhsullarının mövcud olub-olmaması barədə məlumat yoxdur. Ümumiyyətlə, bu məhsulların icbari olmasına baxmayaraq, əksər sahibkarlar obyektlərinin sığortalanmasından yayınırlar. Sığorta məhsullarına xərclənəcək vəsaiti bir itki kimi dəyərləndirirlər.

Hər kəsdə belə bir təsəvvür var ki, mənim obyektimə heç nə olmaz və bu qədər pulu sığorta məhsuluna xərcləməyə dəyməz. Nəticədə isə görürük ki, hadisə baş verdikdən sonra sahibkarın üzləşdiyi ziyan onun malik olduğu bütün əmlakın itirilməsi ilə nəticələnir. Sonda həmin sahibkar müflis vəziyyətə düşür”.

Ş.İsmayılov qeyd edib ki, daşınmaz əmlakın icbari sığortası üzrə qanunu daha da sərtləşdirmək lazımdır:

“Bütün kommersiya obyektlərini bu növ sığorta məhsulları ilə təmin etmək lazımdır. Daşınar əmlakın sığortalanması sahəsində isə vəziyyət daha dəhşətlidir. Əksər sahibkarlar öz daşınar əmlaklarını könüllü olaraq sığortalamaqda maraqlıdırlar. Təəssüf ki, bu istiqamətdə sığorta şirkətləri maraq göstərmirlər və müxtəlif bəhanələrlə bu məhsulu iş adamlarına satmaqdan imtina edirlər. Müxtəlif bəhanələr gətirirlər. Obyektlərin riskli olmadığını, daşınar əmlakların qeydiyyatında bir çox problem olduğunu və malların gömrük sənədlərinin olmamasını bəhanə edirlər. Göründüyü kimi, obyektlərin sığortalanmasında bir çox problemlər mövcuddur.

Sahibkarlar da məsuliyyətsiz yanaşırlar, sığorta şirkətləri də daşınar əmlak sığortasına maraq göstərmirlər. Nəticədə, qeyri-yaşayış sahələri üzrə sığorta işinə böyük ziyan dəyir. Ümid edirəm ki, problem aradan qaldırılacaq, nizam-intizam yaranacaq”.




Paylaş:


Müəllif : Tarix:
1-02-2024, 16:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər