reklam
Regionxeberlericom.az » Sosial » Sahil Babayev bu ailəni də sosial yardımsız qoyub... - İşsizdən iş yerindən arayış istəmək nə?..

reklam

Sahil Babayev bu ailəni də sosial yardımsız qoyub... - İşsizdən iş yerindən arayış istəmək nə?..

Sədaqət Əliyeva Salyan bazarında göyərti satır. Yataqxanada yaşayan dörd nəfərlik ailədə evə qazanc gətirən yeganə adam da odur.

Sədaqət Əliyevanı elə bazarda tapırıq. Evə gedəndə yolda öyrənirik ki, 27 yaşlı qızı Həyat ruhi xəstəlikdən əziyyət çəkir. Sədaqətin həyat yoldaşı Vaqif qarşımıza çıxır. Güclə nəfəs alır. Xanımı deyir ki, ağciyərindən əməliyyat olunandan sonra da vəziyyəti yaxşılaşmayıb, çətinliklə yeriyir.

Vaqif Sədaqətə üzünü tutub deyir ki, yenə Həyatı tapa bilmir. Qız tez-tez belə baş alıb gedir. Onu saatlarla axtarmalı olurlar.

“Anadan travma ilə doğulub. Bilməmişəm, çünki bütün həyatımı stress içində yaşamışam. Hamilə olanda müayinədən keçməmişdim. Müalicəsi üçün çox çalışdıq. 20 yaşı olanda Tehrana apardım. Dedilər, inkişafdan qalıb, çox gecdi. Bəzən çox aqressiv olur. Dərman atanda bir az sakitləşir. Yoxsa çox danışır, özü də təkrar-təkrar. Səsini yüksəyə qaldırır”, – Sədaqət qızının xəstəliyindən danışır.

Həyat 130 manat təqaüd alır. Sədaqət deyir ki, bu pul qızının heç dərman xərci eləmir. Müalicəsinə dəfələrlə çox pul xərcləyiblər.

Həyatı tapıb gətirirlər. Stul çəkib lap yaxında əyləşir. Diqqətlə qulaq asır, amma heç danışmır. Sədaqət deyir ki, qızı özünü körpə kimi aparır: “Hər şeyi anlamır. Deyir, niyə bizə qurban əti vermirlər? Mən gedib camaata necə deyim ki, bizə də ət verin?”

Sədaqət Əliyeva göyərti satmaqla qəpik-quruş qazandığını deyir. Gecə 3-ün yarısı vağzala mal götürməyə gedir. Axşam saat 8-in yarısına qədər vaxtını bazarda keçirməli olur. “Mən yuxu üzü görmürəm. Bu rejimdə işləməsəm, gərək ailəlikcə dilənək”, – qadın çarəsiz danışır.

Yataqxanadakı otağın vəziyyəti də ailənin ağır şərtlərlə yaşadığından xəbər verir. Mətbəx adlandırdıqları bir neçə kvadratmetrlik nimdaş yer gözə dəyir. Ailənin ayrıca ayaqyolu, vanna otağı yoxdur.

“Anam iki aydır rəhmətə gedib. Onu da altı il burada saxladım. Evdə iki xəstə adam, çox pis şəraitdə yaşayırıq. Özünüz görürsüz hər şeyi. Həyat yoldaşım məndən beş yaş kiçikdi, amma xəstəlik onu elə əldən salıb ki, xeyli yaşlı görünür. Ona pensiya düzəltmək istədik, pul istədilər. 1500 manat dedilər. O qədər pulum olsa, gedib göyərti satmaram ki…”, – Sədaqət belə deyir.

Qadın danışır ki, sosial yardım almağa cəhd eləyiblər. İş yerindən arayış tələbi ortaya çıxıb. Sədaqət vəziyyətini dəqiq təsvir eləyəcək ifadə işlədir: “Mənim iş yerim bazardı. Orda arayış yoxdu, acından ölməmək üçün mübarizə var”.

Sədaqət Əliyevanın dediyinə görə, illərdir belə ağır vəziyyətdə yaşayırlar, heç vaxt asan olmayıb. Həmişə həyat yoldaşının, qızının xəstəliyi ilə çarpışıblar. Adicə yemək qayğısının öhdəsindən gələ bilmirlər: “Bizim evdə ət yediyimiz yadıma gəlmir”.

Kommunal xərcləri ödəmək bir ayrı dərddir. Bir müddət əvvəl borca görə işığı kəsiblər. Qışda qayğılar öhdəsindən gəlməyəcək qədər artır.

“Bütün yük mənim çiyinlərimdədi. Gedib oğurluq eləyəsi, narkotik maddə satası deyiləm. Göyərti satıram ki, balalarım kiminsə əlinə baxmasın. İki gün əvvəl intihar eləmək istədim. Daha yükü daşıya bilmirəm. Sonra düşündüm ki, bu boyda külfət məndən asılıdır. Özünü öldürəndə də deyəcəklər ki, xəstə uşağı atıb getdi. Mən yaşamıram. Bunun adı yaşamaq deyil”, – söhbəti belə bitiririk…



Paylaş:


Müəllif : Tarix:
19-09-2019, 09:31
Sikayət   


loading...
Загрузка...