reklam
Regionxeberlericom.az » Siyasət » İranda ikinci tura qalan prezident seçkisi - Davam edən siyasi tamaşa (ANALİZ)

reklam

İranda ikinci tura qalan prezident seçkisi - Davam edən siyasi tamaşa (ANALİZ)













İranda keçirilən prezident seçkisində qalib müəyyən edilmədi. Ölkənin 14-cü hökumətinin 9-cu başçısı iyulun 5-də, ikinci turda seçiləcək.

İran Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, səsvermədə 24 milyon 735 min 185 nəfər, yaxud qeydiyyata alınan ölkə daxilində seçicilərin 40 faizi iştirak edib. 58 min 600 seçki məntəqəsində namizədlərdən keçmiş səhiyyə naziri, islahatçıların təmsilçisi sayılan Məsud Pezeşkian 10 milyon 415 min 191 səs, yaxud səslərin 43 faizini, İranın ali rəhbəri Seyid Əli Xaməneinin milli təhlükəsizlik şurasındakı nümayəndəsi Səid Cəlili 9 milyon 437 min 298 səs, yaxud 38 faiz, parlamentin sədri Məsud Qalibaf 3 milyon 383 340 səs, yaxud seçicilərin 15 faizinin səsini toplayıb. Keçmiş daxili işlər naziri və ədliyyə naziri Mustafa Purməhəmmədiyə isə 206 min 397 səs, yaxud 5 faiz səs verilib. Seçki bülletenlərinin 8 faizi isə etibarsız sayılıb.

Ötən illərin prezident seçkiləri ilə müqayisədə budəfəki siyasi kampaniyada seçicilər az iştirak edib. Müqayisə üçün bəzi rəqəmlərə diqqət edək: 1998-ci ildə seçkilərdə seçicilərin 79,2 faizi, 2002-ci ildə isə 66,77 faiz (hər ikisində islahatçı sayılan Məhəmməd Xatəmi prezident olub), 2002-ci ildə 59,76 faiz, sonrakı siyasi kampaniyada isə 83,84 faiz (bu illərdə Mahmud Əhmədinejat hökumət başçısı olub), 2014-cü ildə 72,94, 2018-ci ildə 73,33 (hər ikisində islahatçı sayılan Həsən Ruhani seçilib), 2022-ci ildə seçicilərin 48,8 faizi iştirak edib (bu kampaniyanın qalibi 2024-cü il mayın 19-da helikopter qəzasına ölmüş, mühafizəkarların nümayəndəsi İbrahim Rəisi prezident olub).

Builki kampaniyanın birinci turunda isə MSK-nın iddiasına əsasən, seçicilərin 40 faizə qədəri iştirak edib. Bu, ölkə əhalisinin seçkilərə marağının azaldığının göstəricisidir. Başqa sözlə, namizədlərin islahatçı və ya mühafizəkar olmasına baxmayaraq, seçki fəallığı azalan xətt üzrə davam edib.

Əslində, İran hakimiyyətinin bu siyasi kampaniyada əsas hədəflərindən biri seçici fəallığına nail olmaq idi. Çünki martın 1-də keçirilmiş parlament və Dini Ekspertlər Şurasına seçkilərdə də fəallıq az, 30-40 faiz arasında olub. Ali qanunverici orqana seçkinin ikinci turunda isə bu rəqəmin daha pis olduğuna dair məlumat yayılıb. Bildirilib ki, Tehran əyaləti üzrə bu göstərici 9 faiz təşkil edib. Səsvermə vaxtının saat 20-00-dan gecə saat 00.00-dək uzadılması da bunu təsdiqləyir.

Seçici fəallığı baxımında Tehran hədəfinə çata bilməyib. Bu, həm də İran hakimiyyətinə nüfuzu baxımından əhəmiyyətli sayılır. Çünki hakimiyyətin ölkə ictimaiyyəti arasında nüfuzdan düşdüyünə dair çoxsaylı məlumatlar yayılır. Hətta ötən il ölkə üzrə keçirilən etiraz aksiyası da bunu təsdiqləyir. Həmin hadisələr zamanı minlərlə insan həbs olunmuş, yüzlərlə aksiyaçı hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilmişdi. Bundan sonra Tehran hakimiyyətinin belə bir siyasi kampaniyada imtahandan çıxması vacib idi. Martda keçirilən seçkilərdə də oxşar nəticə hakimiyyətin nüfuzunun artmadığını göstərir.

HƏMAS-İsrail müharibəsi, Livanda "Hizbullah"ın İsrailin hücumuna məruz qalacağı ehtimalı fonunda təhlükəsizlik baxımından da İran çətin sınaqla üzləşib. Ölkənin bir sıra bölgələrində atəş səsləri eşidilib və ölənlər olub.

Məsud Pezeşkianın öndə gedib, hətta ikinci tura qalması gözlənilməz sayılır. Ona kimlər səs verib? Onun əsas sosial bazası Güney Azərbaycan bölgələri olub. Tehran hakimiyyəti seçici fəallığını artırmaq üçün onun seçkiqabağı kampaniyasında bir çox məsələlərə belə göz yumub. Məsələn, Təbriz meydanında Səməd Vurğunun “Azərbaycan” şeirinə yazılmış mahnı açıq şəkildə səsgücləndiricilər vasitəsi ilə yayıldı. Keçmiş Prezdent Məhəmməd Xatəmi, keçmiş prezident Haşimi-Rəfsəncaninin qızı Faizə Rəfsəncani kimi siyasilər islahatçı kimi onu dəstəklədiklərini bildirdilər. Bu isə o deməkdir ki, Məsud Pezeşkiana verilən səslərin bir qismi də bu xəttin tərəfdarlarına məxsusdur.

Hakim panfarsçı ideologiyaya və onun təmsilçilərinə etiraz olaraq qeyri-farslar da ona səs veriblər.

Haşimi və Zakani kimi siyasilərin namizədliyini Cəlili və Qalibafın xeyirinə geri götürmələri mühafizəkar cinahda səslərin parçalanacağını ehtimal etməyə əsas verirdi. Bu, belə də oldu. Ona görə də parlament sədrinin sonadək mübarizəni aparması məsələnin həllini ikinci tura saxlayıb. Bu, həm də hakimiyyətiçi mühafizəkarlar arasında da fikir ayrılığının olduğunu ehtimal etməyə əsas verir.

Nəzəri cəhətdən ikinci turda mühafizəkarların qalib gəlmək şansı daha çoxdur. Qalibafın da bu cinahdan olduğunu nəzərə alsaq, iknici turda Sədi Cəlilin adi səs çoxluğu ilə qalib gəlmək ehtimalı var.

Əsas suallardan biri budur - seçiləcək yeni prezident İran, regional və qlobal baxımdan nəyə təsir edə bilər? Xüsusən Pezeşkian seçilərsə, Güney Azərbaycan türklərinin ictimai-siyasi həyatına təsir göstər bilərmi? Yaxud Səid Cəlili və ya Məsud Pezeşkian Azərbaycan-İran münasibətlərinin inkişafına hansı töhfələri verər? Pezeşkian İranda islahatların aparılmasında liderlik edə bilərmi?

İranın ali rəhbəri Seyid Əli Xamənei də özünü türk sayır. Bəzi tədbirlərdə hətta türkcə danışmaqla bunu nümayiş belə etdirir. Ancaq nəticə Güney azərbaycanlılar üçün dəyişməz qalır. Başqa sözlə, İranın əsas qanununun milli hüquqların təmini ilə bağlı müddəaları belə icra olunmur. Ölkənin birmənalı lideri, hətta imam adlanan dövlət başçısının edə bilmədiyini, yaxud etmədiyini prezident olacağı halda Pezeşkiandan gözləmək sadəlövhlükdür.

İran konstitusiyanın 110-cu maddəsində ali rəhbərin vəzifələri və ixtiyarı bölümündə bildirilib ki, ölkənin daxili və xarici siyasətini ali rəhbər müəyyən edir. Prezident və onun başçılıq etdiyi hökumət icraçıdır. Bu baxımdan, Pezeşkian və Cəlili Xaməneinin tapşırıqlarının yaxşı və ya pis icraçısı ola bilər.

İslahatçı sayılan Məsud Pezeşkian ölkədə bu cərəyanın istəklərini reallaşdırması mümkünsüzdür. Ondan əvvəl hələ Xomeyninin sağlığında ayətullah Müntəziri, Taleqani, Şəriətmədari kimi nüfuzlu və güclü dini-siyasi xadimlər bu işin öhdəsindən gələ bilməyiblər. Sonrakı illərdə Əliəkbər Haşimi-Rəfsəncaninin, Məhəmməd Xatəminin, Həsən Ruhaninin cəhdləri uğursuzluqla nəticələnib. Hətta o vaxtlar Rəfsəncaniyə “İranın Qorbaçovu” da deyirdilər.

Yəni Pezeşkian İran daxilində islahata yalnız Xaməneidən tapşırıq aldığı və onun xeyir-duası olduğu halda başlaya bilər. “Hicaba qarşı deyiləm” deməklə islahat olmur. Bunu müxtəlif səviyyələrdə başqaları da daha güclü şəkildə ifadə edib.

Odur ki, İran hakimiyyətinin başçısı prezident deyil. Konstitusiyaya əsasən, o, ikinci şəxsdir. İkinci şəxs isə birincinin göstərişləri əsasında işləyir. İran Prezidenti ilə Rusiya Prezidentinin səlahiyyəti və hakimiyyət gücü eyni deyil. Odur ki, İslam Respublikasında prezident seçkisi dövlət başçısının hakimliyi ilə davam edir.

azpolitika




Paylaş:


Müəllif : Tarix:
30-06-2024, 11:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər