Hadisələrin inkişafı Türkiyənin mövqeyindən asılı olacağı görünür
Əsədin devrilməsi ilə Suriyada yeni və daha mürəkkəb görünən dövr başlanır.
- Qüvvələr nisbəti dəyişdi: döyüşən 4 qruplaşmadan biri – Əsəd ordusu sıradan çıxdı, indi üç qüvvə - ASO, PYD/YPG, HTŞ – qalır;
- Əsədin devrilməsində maraqlı tərəflər – ABŞ\İsrail və Türkiyə yeni mərhələdə üz-üzə duran tərəfə çevrilə bilər;
- Əsəd məsələsində Türkiyə ilə toqquşan Rusiya və İran bundan sonra Ankara ilə eyni cəbhədə dayanmağa çalışacaq;
HTŞ-nin qisasdan imtina etməsi, hakimiyyəti baş nazirdən təhvil almaq gedişi, qaçqınlara geri qayıtmaq çağırışı idarəçiliyi ələ ala biləcəyi gözləntisini yaradır. Bundan sonra Suriyada de-fakto mövcud olan ölkələr – ABŞ/İsrail, Türkiyə, Rusiya və İran HTŞ ilə anlaşmaq xəttini izləyəcək və hər şey qruplaşmanın bu qüvvələr arasındakı seçimindən asılı olacaq.
Qərbdən HTŞ-yə verilən dəstək, eləcə də HTŞ-nin lideri Əbu Məhəmməd əl-Colani əvvəldən verdiyi açıqlamalar fonunda qruplaşmanın Rusiya və İranı ölkədən çıxarmaq xəttini tutacağı gözləniləndir. Moskva və Tehran Suriyada faktiki həlledici gücə çevrilən Ankaranın dəstəyini əldə etməyə çalışacaq. Lakin bu, HTŞ PYD/YPG terrorçularına qarşı sərgiləyəcəyi mövqeyindən asılı olacaq. Qruplaşma PYD məsələsində Ankaranın mövqeyini nəzərə almasa, bu, Suriyada “çoxcəbhəli toqquşma” ssenarisini yenidən aktuallaşdırır. Və Türkiyəni Rusiya ilə İranla yaxınlaşdıra bilər.
İran və Rusiyanı bölgədən çıxarmaq istəyən ABŞ/İsrail cəbhəsi PYD/YPG kartından imtina etmək istəməsə belə, yenə də Türkiyə ilə anlaşmalıdır.
İstisna deyil ki, Türkiyə Suriyada hakimiyyətin təhvil verilməsi və yenidən qurulması prosesinin getdiyi vaxt PYD\YPG mövqelərini sıxışdırmaq istiqamətində addımlarını intenssivləşdirsin. Bu, həm Trampın Ağ Evdə fəaliyyətə başlamasına, həm də Suriyada gələcək danışıqlara qədər əlini maksimum gücləndirmək baxımından əhəmiyyətlidir. Məlumatlara görə, ASO PYD/YPG terrorçularının əlindəki Deyr əz-Zora daxil olub.
Hazırda Suriyada bütün tərəflər üçün həlledici ölkə Türkiyədir. Bundan sonrakı dövrdə hadisələrin inkişafının ilk növbədə HTŞ-nin PYD/YPG-yə qarşı mövqeyindən, daha sonra Türkiyənin mövqeyindən asılı olacağı görünür.
Paylaş: