reklam
Regionxeberlericom.az » Siyasət » Təkrar seçkilər sentyabradək yubana bilər - GƏLİŞMƏ

reklam

Təkrar seçkilər sentyabradək yubana bilər - GƏLİŞMƏ


9 fevralda keçirilən parlament seçkilərində nəticələri ləğv olunmuş 4 seçki dairəsində əlavə seçkilərin nə zaman keçiriləcəyi hələlik bəlli deyil. Nəticələri ləğv edilən dairələrdə əlavə seçkilərin təyin edilməsi və keçirilməsi üçün konkret müddət qanunvericilikdə əksini tapmır.

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov “Yeni Müsavat”a bildirib ki, Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edilmiş dörd seçki dairəsində yenidən seçkilər keçirilməsi Seçki Məcəlləsi ilə tənzimlənir. Seçki Məcəlləsinin 172-ci maddəsində qeyd edilir ki, seçkilərin nəticələri müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və seçkilərin yekunları təsdiq edilməzsə, həmin dairə və ya dairələrdə əlavə seçkilər keçirilməlidir, əlavə seçkiləri ölkə prezidenti təyin eləməlidir. Mərkəzi Seçki Komissiyasının üzərinə düşən isə əlavə seçkiləri təşkil etmək, keçirməkdir: “Hazırda nəticələri ləğv edilən seçki dairələrində konkret nə zaman əlavə seçkilərin keçiriləcəyi cənab Prezidentin müvafiq sərəncamından sonra bəlli olacaq. Qanunda konkret vaxt qoyulmur ki, əlavə seçkilər dairənin nəticələri ləğv ediləndən nə qədər müddət sonra keçirilməlidir. Seçkinin gününü təyin etmək Prezidentin səlahiyyətində olduğu üçün Prezident istədiyi zaman bu addımı ata bilər. Ona görə də bu gün biz deyə bilmərik ki, əlavə seçkilər nə zaman keçiriləcək”.

Koronavirus təhlükəsi isə nəticələri ləğv edilmiş dairələrdə təkrar seçkilərin keçirilməsini yubada bilər. Bunu isə siyasi ekspert Yeganə Hacıyeva bildirdi. Səbəbinin isə aydın olduğunu qeyd etdi: “Koronovirus infeksiyasının pandemiya halı, Azərbaycanı da qlobal səviyyədə təxirəsalınmaz tədbirlərin həyata keçirildiyi ölkələr sırasına əlavə edib. Sərhədlər bağlanıb, məktəblər, universitetlər və s. dərslər ləğv olundu, Azərbaycan da daxil, bir çox ölkələrdə təhsildə bir aylıq distant təcrübə tətbiq olundu, bayram tədbirləri, kütləvi tədbirlər təxirə salındı. Bir sıra ölkələr də fövqəladə vəziyyət elan etdi, bir sıra qlobal əhəmiyyətli tədbirlər ləğv edildi. Koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə bir sıra sərnişindaşıma dayandırılır, vətəndaşlardan xarici səfərlərdən çəkinmələri və yalnız ciddi zərurət olduğu halda bu səfərləri həyata keçirmələri ciddi şəkildə tövsiyə olundu.

Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Azərbaycan da xüsusi rejim tətbiq etməyə məcbur qaldı və ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bütün ictimai məkanlara xüsusi iş rejimi tətbiq olundu.

Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı və bu qərargah gündə bir neçə dəfə mövcud vəziyyət və görülən işlərlə bağlı ictimaiyyətə məlumat verir.

Koronavirus təhlükəsi aradan qalxmayınca yəqin ki, nəticəsi ləğv olunmuş seçki dairələrində təkrar seçki keçirilməyəcək. Seçki Məcəlləsində təkrar seçkinin keçirilməsi üçün konkret müddət də yoxdur. Yəni qanun da seçkinin yubadılmasına şərait yaradır. Nəzərə alınmalıdır ki, seçki kampaniyasında seçicilərlə görüşlər, kütləvi toplantılar keçirilir. Nazirlər Kabineti yanında operativ qərargah isə kütləvi tədbirlərə faktiki qadağa qoyub. Odur ki, koronavirus təhlükəsinin təkrar seçkilərin vaxtına təsir edəcəyi ehtimalı böyükdür. Hər halda, Azərbaycanda infeksiyanın önlənməsi üçün həyata keçirilən tədbirlərin başlıca məqsədlərindən biri də hökumətin infeksiyanın miqyasının genişlənəcəyi ehtimalına daha hazırlıqlı olmasını təmin etməkdir. Virus təhlükəsi aradan qalxdıqdan sonra kütləvi tədbirlərə tətbiq olunan xüsusi rejim ləğv olunacaq. Məncə, bu ilin sentyabr ayında nəticəsi ləğv olunmuş dairələrdə təkrar seçkilər keçiriləcəkdir".

Xatırladaq ki, 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Kənd Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv edilib. Hazırda həmin dairələr deputatsızdır.


Paylaş:


Müəllif : Tarix:
18-03-2020, 08:56
Sikayət   


loading...
Загрузка...