reklam
Regionxeberlericom.az » Siyasət » “GEOSİYASİ NƏTİCƏLƏR RUSİYA ÜÇÜN DƏ FƏLAKƏTLİDİR” – “Atəşkəs müqaviləsi Rusiyanın arxa bağçasında Türkiyənin təsirini gücləndirir”

reklam

“GEOSİYASİ NƏTİCƏLƏR RUSİYA ÜÇÜN DƏ FƏLAKƏTLİDİR” – “Atəşkəs müqaviləsi Rusiyanın arxa bağçasında Türkiyənin təsirini gücləndirir”


Azərbaycan Ordusunun zəfərilə nəticələnən İkinci Qarabağ müharibəsi və ondan sonrakı hadisələr dünya mətbuatının diqqət mərkəzindədir. Aparıcı dünya KİV-lərində bizim qələbəmizin və Ermənistan silahlı qüvvələrinin acı məğlubiyyətinin səbəbləri, eləcə də müharibədən sonrakı durum, perspektivlər geniş şərh olunur.
Beynəlxalq KİV-lərdə bölgədə yeni geosiyasi konstruksiya yaranacağına xüsusi yer verilir. Dünya mətbuatının gəldiyi ümumi qənaətə görə, zahirən kənarda dayanmasına baxmayaraq, 1990-cı illərdəki müharibədə yeganə güc kimi dominant rolunu Rusiya oynayırdısa, indiki halda Türkiyə faktoru regiondakı geosiyasi vəziyyəti yeni məcraya yönəltməkdədir.
“AzPolitika.info” xəbər verir ki, bu mövzu ilə əlaqədar Böyük Britaniyanın “Financial Times” qəzetində “Atəşkəs müqaviləsi Rusiyanın “arxa bağçasında” Türkiyənin təsirini gücləndirir” başlıqlı məqalə dərc edilib. Məqalədə deyilir: “Rusiyanın “Starteji və texnoloji təhlil” Araşdırma Mərkəzinin direktoru Ruslan Puxov Qarabağda baş verən son hadisələrlə əlaqədar bildirib: ”Geosiyasi nəticələr nəinki Ermənistan, həm də Rusiya üçün fəlakətlidir. Rusiyanın müttəfiqi və tərəfdaşı olan Ermənistan məğlub vəziyyətinə düşüb, Türkiyənin müttəfiqi Azərbaycan isə qələbə qazanıb. Xarici siyasət sahəsində aldadıcı zəfər örtüyünün altındakı sərt reallıq belədir ki, Moskvanın Zaqafqaziya regionundakı təsiri əhəməiyyətli dərəcədə azalıb. Türkiyənin döyüşkən və uğurlu nüfuzu isə əksinə, inanılmaz dərəcədə artıb. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Bu regionu və ona bitişik olan rayonları 1990-cı illərdə Ermənistan silahlı qüvvələri işğal etmişdilər. Hərçənd ki, əldə olunan sülh sazişi prezident Valdimir Putinin mövqeyinin mühümlüyünü təsdiq etsə də, digər tərəfdən o, Türkiyəni Qafqazda geosiyasi oyunçu kimi qəbul etməyə məcbur oldu. Türkiyə Bakıya verdiyi dəstəklə, Moskvanın münaqişə üzərindəki 25 illik nəzarətini öz xeyrinə dəyişdi.

Azərbaycanın müharibədən öncəki hesablamasına görə, Türkiyənin ona göstərdiyi dəstəyi görən Moskva Dağlıq Qarabağ münaqişəsinə hərbi müdaxilə etməyəcəkdi. Hesablanmış bu addım özünü doğrultdu. Bakı özünə məxsus olan ərazilərin əhəmiyyətli hissəsini azad etməklə sübut etdi ki, postsovet məkanında de-fakto sərhədləri dəyişmək iqtidarında olan yeganə güc təkcə Moskva deyil.”
“Carnegie Moscow Center”-in “Qarabağda kövrək sülh və yeni müqavilədən kim nə uddu” başlıqlı məqaləsində isə Rusiya sülhməramlı hərbi kontingentinin fəaliyyətinin uzunmüddətli perspektivdə nə dərəcədə səmərəli ola biləcəyi məsələsinə toxunulur. Həmin məqalədə deyilir: ”Paşinyan kəskin tənqid atəşi altındadır və yəqin ki, vəzifəsini itirəcək. Ancaq nəzərə almaq gərəkdir ki, o, bu qərarı tək yox, Qarabağ ermənilərinin lideri Araik Arutunyanla birgə verib. A.Arutunyan təsdiq edib ki, taqətdən düşümüş erməni ordusunun başqa çarəsi qalmamışdı.
İndiki vəziyyətdə əsas uduzan tərəf Ermənistandır. Ermənistan məğlubiyyətin nəticələrini hələ uzun illər hiss edəcək. Ermənistan cəmiyyəti bu cür qəfil çöküşə qətiyyən hazır deyildi. Müxalifət partiyaları isə bu müqaviləyə qarşı çıxırlar. Lakin hətta Paşinyanın yerinə başqa birisi gəlsə də, belə bir durumda onun daha yaxşı şərtlər əldə edəcəyi çox çətin görünür.
Son üç ildə Rusiya münaqişə tərəflərinə “Lavrov planı”nı təklif edirdi, amma rəsmi olaraq onun mövcudluğu dilə gətirilmirdi. Həmin planın məğzi onadan ibarət idi ki, ermənilər mərhələli şəkildə öz silahlı qüvvələrini Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərdən çıxarır və bundan sonra ermənilərin təhlükəsizliyinin təmin edilməsi üçün Rusiya oraya sülhməramlılar göndərir.
Belə bir qərar ABŞ, Fransa və digər Avropa ölkələrini qane etmirdi, onlar münaqişənin çoxtərəfli formatda həll olunmasında və beynəlxalq sülh müqaviləsinin bağlanmasında israrlıydılar. Bundan sonra “Lavrov planı” Bakı üçün daha yaxşı şərtlərlə həyata keçiriləcək. Ermənilər Qarabağın cənubunda yerləşən Hadrut da daxil olmaqla xeyli torpaq itirirlər. Bundan əlavə, sənəddə Dağlıq Qarabağın statusu barədə heç nə yoxdur. Qələbə tam Azərbaycan tərəfdədir.

Sülh sazişindən Türkiyə də xeyir götürdü. Doqquz bənddən ibarət olan müqavilədə Meğridən Naxçıvana nəqliyyat dəhlizinin açılması da nəzərdə tutulur və əgər nəzəri baxımdan yanaşsaq, bu, Naxçıvan vasitəsilə Türkiyəni Azərbaycanın digər əraziləri və eləcə də Orta Asiya ilə bağlaya bilər. Bundan başqa, Dağlıq Qarabağdakı Rusiya hərbçilərinin sayı iki min nəfər olacaq ki, bu da oradakı əhalinin müdafiəsini təmin etmək üçün çox azdır. Belə görünür ki, rus hərbçilərinin sayı Azərbaycanın xahişi ilə məhdudlaşdırılıb. Sülhməramlıların mandatına beş ildən sonra yenidən baxılacaq. Nəticədə uzunmüddətli perspektivdə Rusiyanın sülhməramlı kontingentinin nə dərəcədə səmərəli olacağı sualı meydana gələcək”.
Göründüyü kimi, aparıcı dünya KİV-ləri və təhlil mərkəzləri də Azərbaycanın bu savaşın şəksiz qalibi olduğunu etiraf edirlər. Bununla yanaşı, Rusiyanın regiondakı rolunun artdığına dair mülahizələrə də skeptik yanaşaraq, daha çox Türkiyənin nüfuzunun artmasını önə çəkirlər.


Paylaş:


Müəllif : Tarix:
16-11-2020, 16:15
Sikayət   


loading...
Загрузка...