reklam
Regionxeberlericom.az » Siyasət » Dəvətsiz gələn həmsədrlər əliboş getdilər... - amma yenə gəlmək istəyirlər

reklam

Dəvətsiz gələn həmsədrlər əliboş getdilər... - amma yenə gəlmək istəyirlər


ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskontin, ABŞ-dan olan həmsədri Endrü Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Bakıda, Azərbaycanın dövlət başçısından dərs aldıqdan sonra İrəvana getdilər.

Rusiyanı isə bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Bakı görüşündə təmsil etdi. Beləliklə, koronavirusa yoluxduğu iddia olunan rusiyalı həmsədri çıxmaq şərtilə, digər heyət Ermənistan rəhbərliyi ilə görüş keçirdi. Düzdür, həmsədrlər Qarabağdakı terrorçuların başçısı Araik Arutyunyanla görüşmədilər və heç şübhəsiz ki, bu, Arutyunyanın gətirdiyi cəfəng səbəblə ələqədar deyildi, sadəcə, diplomatlar Bakıya qayıtmaq üçün “üz yeri” qoymaqdan ötrü onu İrəvanda qəbul etməkdən vaz keçdilər.

Amma ABŞ və Fransadan olan həmsədrlərlə görüşdə həm Nikol Paşinyan, həm də XİN başçısı Ara Ayvazyan yenə də sərsəm iddialar səsləndirdilər: bir ovuc Dağlıq Qarabağ ermənisi üçün öz müqəddəratı təyinetmə haqqından, hətta “Azərbaycanın işğal etdiyi ərazilərdən öz qoşunlarını geri çəkməsinin vacibliyii”ndən (!!) dəm vurdular. Hansı ki, Paşinyan 44 günlük müharibənin sonunda heç bir şərt irəli sürməyə cəsarət etmədən kapitulyasiya sənədinə imza atıb. Belə görünür ki, üç paytaxtın yenə də “vasitəçilik” iddiası ilə ortaya çıxması, Ermənistana kart-blanş verilməsinə cəhdlər taqətdən salınmış işğalçıya toparlanmaq üçün stimul verib. Qeyd edək ki, məhz həmsədrlər regionda olanda ermənilər Hadrutda təxribat törətdilər, Azərbaycana qarşı terror aktları həyata keçirdilər.

Quldurbaşı Arutyunyan həmsədrlərlə görüşə çox can atlırdı. Hətta bu görüşün Xankəndində olmayacağını anladıqdan sonra tullana-tullana İrəvana getmişdi və görüşün olacağı haqda erməni mətbuatı yazmışdı. Lakin mənfi cavab aldıqdan sonra bu cani iddia etdi ki, guya rusiyalı həmsədr Ermənistana gələ bilmədiyi üçün o, görüşdə iştirakdan imtina edib. Göründüyü kimi, tam əsassız fikirdir və yalandır. Həmsədrlər Azərbaycan Prezidentinin xəbərdarlıqlarından sonra Xankəndinə getməyə belə cürət etmədilər, buna şübhəmiz yoxdur. Əks təqdirdə, həmişəki kimi, Xankəndinə də gedəcəkdilər, əski parçasının altında Arutyunyanla şəkil də çəkdirəcəkdilər. Ancaq maraqlıdır, həmsədrlər bir də Bakı və İrəvana qayıdacaqlarmı, hələlik bu barədə qəti fikir bildirmək olmaz. Ancaq qrup üzvlərinin yaydığı bəyanat onların bu istəyindən xəbər verir.

Xəbər verildiyi kimi, ATƏT-in Minsk Qrupu həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) birgə bəyanat veriblər. Açıqlama ATƏT-in rəsmi saytında yer alıb. Bəyanatda deyilir: “Fransalı həmsədr Stefan Viskonti və amerikalı həmsədr Endryu Şofer 12 və 13 dekabrda Bakıya, 13 və 14 dekabrda İrəvana səfər ediblər. Bakıda onları Prezident İlham Əliyev qəbul edib və xarici işlər naziri Ceyhun Bayramovla görüşüblər. İrəvanda onlar baş nazir Nikol Paşinyan tərəfindən qəbul ediliblər və xarici işlər naziri Ara Ayvazyanla görüşüblər. Rusiyalı həmsədr İqor Popovun səfərdə iştirakının mümkünsüzlüyünə görə Rusiya Federasiyasını Bakıdakı Rusiya səfiri Mixail Boçarnikov, İrəvanda isə Rusiyanın müvəqqəti işlər vəkili Aleksey Sinequbov təmsil edib. Həmsədrlər, həmçinin BQXK və BMT-nin bölgədə fəaliyyət göstərən agentliklərinin nümayəndələri ilə görüşüblər. Fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Andjey Kaspşik də bütün görüşlərə qatılıb”.

Bəyanatda deyilir ki, hər iki paytaxtda tərəflər yerində vəziyyəti dəyərləndiriblər və gələn il üçün həmsədrlərlə qarşılıqlı işlə bağlı öz gözləntilərini ifadə ediblər: “Yeni reallıqları nəzərə alaraq həmsədrlər bölgədə sülh, sabitlik və firavanlığı təşviq etmək və həll olunmamış məsələləri həll etmək üçün tərəflərlə konstruktiv qarşılıqlı əməkdaşlığa dair dəyişməz öhdəliklərini bir daha təsdiqləyiblər. Həmsədrlər keçirilmiş görüşlər zamanı tərəflər arasındakı gələcək müzakirələr üçün qaldırılan məsələlərə dair konkret təkliflər təqdim etməyi də vəd veriblər. Həmsədrlər son vaxtlar itki ilə nəticələnən hadisələr barədə məlumatları qeyd edərək, tərəfləri vəziyyəti öz öhdəliklərinə uyğun olaraq sabitləşdirmək üçün əlavə tədbirlər görməyə çağırıblar. Həmsədrlər Ermənistanı və Azərbaycanı bütün əsirlərin mübadiləsini ən qısa müddətdə başa çatdırmağa və BQXK ilə koordinasiya halında qalıqların müəyyənləşdirilməsini və geri qaytarılmasını sürətləndirməyə çağırış ediblər”.

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Minsk Qrupunun 30 ilə yaxın müddətdə həll etmədiyi münaqişəni Azərbaycan öz dəmir yumruğu ilə həll etdi: “Prezident İlham Əliyev Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri ilə görüşdə onların fəaliyyəti ilə bağlı bir çox vacib məqamlara toxundu və narazılığını bildirdi. Hətta onların Azərbaycana dəvət olunmadıqlarını, öz istəkləri ilə gəldiyini qeyd etdi. Bu qurum Azərbaycan xalqının yaddaşında öz fəaliyyətsizliyi ilə yadda qalıb. Azərbaycan xalqının onlara inam və etibarı yoxdur artıq”.

C.Məmmədov qeyd etdi ki, artıq yeni format yaranıb: “Türkiyə, Rusiya və Azərbaycan münaqişəni özləri həll etdilər. Gələcək əməkdaşlığın da bu format əsasında davam etdirilməsi planlaşdırılır. Onu da qeyd etmək lazımdır ki, İrəvanda onlarla görüşdə həm Paşinyan, həm də XİN başçısı Ayvazyan yenə sərsəm bəyanatlar veriblər. Minsk Qrupunun üzvləri isə heç bir reaksiya vermədilər. Bu, onu bir daha göstərir ki, Ermənistan tərəfi hələ də ağıllanmayıb, baş verənlərdən düzgün nəticə çıxarmayıb. Son razılaşmanın nəticəsi olaraq Ermənistan üçün düşdüyü ağır iqtisadi və siyasi vəziyyətdən çıxmaq üçün yeni şans yaranıb. Uzun illər apardığı yanlış siyasətə görə Ermənistan bütün regional layihələrdən təcrid olunmuşdu. Yeni siyasi reallıq Ermənistana yeni şanslar verirdi. Əgər Ermənistan bu günə kimi yeritdiyi yanlış siyasətə son qoymasa, Azərbaycanın daha sərt reaksiyası ilə üzləşəcək və daha ciddi itkilərlə üzləşəcək. Ermənistan bu günləri unutmamalıdır”.

Millət vəkili qeyd etdi ki, həmsədrlərin hazırkı durumda Dağlıq Qarabağa səfər etmələri Araik Arutyunyanla görüş keçirmələri isə ümumiyyətlə qəbuledilməz idi: “Belə bir görüşün olmaması da Azərbaycan hökumətinin həyata keçirdiyi birbaşa uğurlu siyasətlə bağlıdır”.

“ATƏT-in Minsk Qrupunun bölgəyə səfəri başa çatdı. ABŞ və Fransadan olan həmsədrlər Bakıda və İrəvanda oldular. Rusiyalı həmsədrin yoxluğu onun virusa yoluxmasıyla bağlı idi. Həmsədrlərin səfəri bir neçə hadisə ilə yadda qaldı”.

Bu fikirləri “Atlas” Araşdırmalar Mərkəsinin rəhbəri, politoloq Elxan Şahinoğlu qəzetimizə söylədi. Politoloq bildirdi ki, birincisi, Azərbaycan Prezidenti İlham Əliyev həmsədrlərlə görüşü zamanı əvvəlki görüşlərdən fərqli olaraq televiziya ekranları qarşısında geniş nitq söylədi: “İlham Əliyev müharibənin başlanması səbəblərini və Ermənistanın təxribatlarını izah etdi, o cümlədən həmsədrlərin uzun illər ərzində fəaliyyətsizliyini tənqid etdi. İlham Əliyevin nitqini belə bitirdi ki, o, həmsədrləri Bakıya dəvət etməyib, onların özləri gəlmək istəyiblər. İlham Əliyevin bu çıxışı həmsədrlər arasında açıq-aşkar çaşqınlıq yaratdı. İlham Əliyevin sözləri ondan xəbər verirdi ki, Azərbaycanın həmsədrlərin səfərlərinə və yeni ideyalarına ehtiyacı yoxdur. Rəsmi Bakı uzun illər həmsədrlərə deyirdi ki, münaqişənin həlli üçün ilk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonlar azad edilməlidir. Həmsədrlər bunu təmin etmədilər və dedilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Azərbaycan Ordusu hər iki vəzifənin öhdəsindən gəldi, həm Dağlıq Qarabağ ətrafındakı rayonları azad etdi, həm də məsələnin hərbi yolla həllinin mümkünlüyünü isbat etdi. İkincisi, həmsədrlər bölgədə olduqları zaman Dağlıq Qarabağdakı erməni separatçıları təxribat törətdilər, Hadrut istiqamətində irəliləmək istədilər. Ancaq bu alınmadı. Ermənistan hakimiyyəti yalandan dedi ki, guya Azərbaycan atəşkəs şərtlərini pozub və bunu İrəvanda olan həmsədrlərə bildirdilər. Ancaq həmsədrlərin hadisələrə təsir etmək imkanı yoxdur”.

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a dedi ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri əsasən yenidən bu formatı aktivləşdirmək və bundan sonrakı siyasi mərhələdə yer almaqdır: “10 noyabr bəyannaməsindən hər iki ölkə kənarda qaldı. Və Rusiya əsas moderator olaraq Minsk Qrupunun iki həmsədrini kənarda saxladı. Bu, əsasən Ankara-Moskva və Bakı formatının əsas strateji xətti olub. Çünki iki ölkə burada yenidən prosesi poza bilərdi. Necə ki, biz Fransanın timsalında bunu qabarıq gördük. Ona görə də Rusiya tərəfi həmsədrlərin regiona səfərinə qatılmadı və bu formatın artıq gündəlikdən düşdüyü mesajını verdi. Bundan əlavə, Bakıda görüşlərdə Prezident İlham Əliyev tərəfindən artıq onlara ehtiyac olmadığı açıq şəkildə bəyan edildi”.

M.Əsədullazadə qeyd etdi ki, Bakıdan mənfi cavab alan həmsədrlərin İrəvandakı görüşü müəyyən qədər Ermənistan üçün maraqlı idi: “Yenə də Ermənistan XİN rəhbəri Ayvazyan məntiqsiz və sülhü təhdid edən açıqlamalar verdi. Həmsədrlərə bu lazımdır ki, prosesləri gərginləşdirib, öz maraqlarını təmin etsinlər. İrəvandakı görüşlərdən də onlar əliboş qayıtsa belə, yenə də Ermənistan status məsələsini qabardır. Düşünürəm ki, bu, yeni gərginliyə və regionda deastiblaziyaya xidmət edə bilər. Pasinyan da bunu yaxşı bildiyi üçün Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılmasi mesajını verir. Ona görə də məhz Minsk Qrupunun iki həmsədri, sadəcə, prosesdən kənarda qalmamaq üçün yeni bir status məsələsini ortaya ata bilərlər”.

M.Əsədullazadə də hesab edir ki, onların Xankəndinə getməməsi Bakının təpkisindən irəli gəlib: “Onlar Xankəndinə gedib nəyi müzakirə edəcəkdilər?! Statusu müzakirə etsələr, o halda Azərbaycanın ciddi təzyiqləri ilə qarşılaşacaqlar. İrəvanda bunu yaxşı bildikləri üçün onlara Xankəndinə getməməyi məsləhət biliblər. Hesab edirəm ki, bundan sonrakı proseslər Ankara və Moskva arasında həll ediləcək. Yeni bir əməkdaşlıq formatı yaranıb. Minsk Qrupuna isə ehtiyac yoxdur. Onların fəaliyyəti gərginliyə xidmət edir. Bundan sonrakı proseslər Bakı və İrəvan arasında ikitərəfli həll edilə bilər. Əlavə vasitəçilər öz maraqlarindan çıxış edib vəziyyəti dalana gətirirlər. Düşünürəm ki, Minsk formatı Dağlıq Qarabağ münaqişəsi kimi tarix olmalıdır”.

Ekspertlərimiz də “fatihəsi verilən” qrupa vaxt ayırmağın mənasız olduğunu dedilər. Beləliklə, 28 illik fəaliyyətsizlikləri ilə Azərbaycan xalqının heysiyyətinə toxunan və həm də böyük fəlakətlərə səbəbkar olan qrup üzvləri Qarabağın baş terrorçusu ilə görüşməməklə yenidən bölgəyə dönməkdən ötrü kart-blanş əldə etməyə çalışdılar. Ancaq çətin ki, onlara bir daha üz verilsin. Necə ki, Prezident “mən Minsk Qrupunu dəvət etməmişəm” deməklə onlara dərs verdi. Amma çətin ki, əl çəksinlər...


Paylaş:


Müəllif : Tarix:
16-12-2020, 09:29
Sikayət   


loading...
Загрузка...