reklam
Regionxeberlericom.az » Siyasət » "Baş verənlər hər bir sadə erməniyə başa saldı ki... - bu işğal yalnız onları idarə edən cinayətkarlara lazımdır"

reklam

"Baş verənlər hər bir sadə erməniyə başa saldı ki... - bu işğal yalnız onları idarə edən cinayətkarlara lazımdır"


Artıq bir neçə müddətdir ki, İrəvanda əsgər valideynləri etiraz aksiyası keçirərək övladlarının Qarabağda hərbi xidmətə göndərmək istəmədiklərini bildirirlər. Onlar Qarabağın Azərbaycan ərazisi olduğunu qeyd edərək, Ermənistan Müdafiə Nazirliyindən övladlarının ora göndərməməsini tələb edirlər: "Qarabağdan bizə nə?! Bu torpaqlar Ermənistan deyil, sovet dövründən Qarabağ Azərbaycanın ərazisi olub. Mənim oğlum başqasının torpağında niyə xidmət etməlidir?", - etirazçılardan biri deyib.

Məsələyə münasibət bildirən politoloq Xəyal Bəşirov "Şərq"ə açıqlamasında bildirib ki, hazırda Ermənistanda baş verənlər bilavasitə ikinci Qarabağ müharibəsindən sonra yaşananlarla bağlıdır. Siyasi-şərhçi qeyd edib ki, Ermənistan əhalisi yalnız indi acı məğlubiyyətin şokundan ayılmağa və reallığı qəbul etməyə başlayır:

"Uzun illər ərzində insanlarda süni şəkildə böyük və güclü Ermənistanla bağlı yaradılmış miflər dağılmaqdadır. Təbii ki, bu proses hələ bir müddət davam edə bilər. Açıq şəkildə ortaya çıxır ki, Ermənistanda yaşayan erməniləri Qarabağ ümumiyyətlə maraqlandırmır. Onları bu gün narahat edən əsas məsələ müharibədə ölmüş, itkin düşmüş və əsir düşmüş övladlarıdır. Bununla yanaşı, ermənilər postpandemiya və postmüharibə dövründə çox ağır və təhlükəli şəraitin onları gözlədiyini anlamağa başlayıblar. Məhz elə bu səbəbdən də, 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılan ərazilərimizin onların həyatında heç bir müsbət dəyişikliyə səbəb olmadığını görməkdədirlər. Baş verənlər hər bir sadə erməniyə başa saldı ki, bu işğal yalnız onları idarə edən cinayətkarlara lazımdır. Əksinə, Azərbaycanla düşmənçiliyi bu illər ərzində Ermənistan əhalisinə yalnız faciələrlə və bədbəxtçiliklərlə dolu ağır həyat şəraiti gətirib".

Bu reallıqların müəyyən olunmasında və ortaya çıxmasında Azərbaycan dövlətinin yürütdüyü uğurlu siyasətin əhəmiyyətli rolu olduğuna diqqət çəkən X.Bəşirov əlavə edib ki, dövlətimizin hərtərəfli inkişafı və Ermənistana həm müharibədə, həm də digər sahələrdə böyük hesabla qalib gəlməsi vəziyyəti tam dəyişib:

" Cənab Prezidentimizin xüsusilə də, müharibə ərəfəsində təsirli çağırışlar etməsi və həqiqətləri söyləməsi bu məsələyə müsbət təsir etdi. Bu günləri Ermənistan dövləti və cəmiyyəti bundan sonra da, regionda baş verəcək müsbət proseslərdən təcrid olunmasına son qoya və orada iştirak edə bilər.

Buna isə yalnız Azərbaycana qarşı düşmənçilik siyasətinə və ərazi iddialarına son qoymaqla nail ola bilərlər. Tarixdə baş verən belə bir analoji müqayisə etmək istərdim. Ermənistanın Almaniya dövləti ilə müqayisəsi uğurlu olmasa da, İkinci Dünya müharibəsindən sonra Almaniyanın düşdüyü vəziyyətlə Ermənistanın hazırkı vəziyyətində oxşarlıq var. Dövlət darmadağın olunub, ordu məhv edilib, ölkədə ictimai-siyasi və iqtisadi vəziyyət acınacaqlı durumdadır. İnsanların sabaha heç bir ümidi yoxdu.

Həmin şəraitdə, parçalanmış Almaniyanın ilk federal kansleri Konrad Adenauer insanlar qarşısında çox optimist xarakterli və böyük ümidlərlə dolu bir çıxış edir. Çıxışdan sonra, jurnalist Adnauerdən soruşur:

"Siz Almaniyanı çox qısa zamanda günəşli gələcəyə doğru aparacaq bu planlarınızı necə həyata keçirəcəksiniz?" Adenauerin cavabı çox qısa və konkret olur:

"Biz bu inkişafa alman anaları və alman müəllimlərinin köməyi ilə nail olacağıq. Alman anaları bizə çoxlu uşaqlar doğacaq və müəllimlərimiz də onları gözəl tərbiyə edib, onlara güclü təhsil verəcək". Zaman göstərdi ki, səriştəli idarəçilik, məntiqli addımlar və ən əsası da Almaniyaya böyük faciələr yaşadan ərazi iddiaları ilə bağlı ambisiyalarından əl çəkməsi Almaniyanı qısa zamanda dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. Bu gün Ermənistan bir dövlət kimi tam məhv olmaqdan yalnız eyni düşüncə tərziylə qurtula bilər.

Əksinə, Azərbaycana qarşı düşmənçiliyi və ərazi iddialarının davam etdirməsi Ermənistanın bir dövlət kimi tarixə qovuşmasına səbəb olacaq. Bunu da bütün ermənilər anlamalıdırlar".


Paylaş:


Müəllif : Tarix:
14-01-2021, 12:49
Sikayət   


loading...
Загрузка...