reklam
Regionxeberlericom.az » Siyasət » Bakı və Aşqabadın razılaşması nədən xəbər verir - Niyə məhz indi?

reklam

Bakı və Aşqabadın razılaşması nədən xəbər verir - Niyə məhz indi?


Mütəxəssislər Azərbaycan və Türkmənistan arasında ötən gün əldə olunan Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunu tarixi hadisə adlandırırlar. Belə ki, bu anlaşma Xəzər dənizində uzun illərdir Kəpəz/Sərdar yatağı üzrə mübahisələrə son qoymaqla yanaşı, iki ölkə - Azərbaycan və Türkmənistan arasında olan əlaqələri daha üst mərhələyə çıxarmağa imkan verəcək.

Təsadüfi deyil ki, Azərbaycan Prezident İlham Əliyev Anlaşma Memorandumunu tarixi sənəd adlandırıb və qeyd edib ki, bu yataq, həmçinin yataqdakı iş ölkələrimiz və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək.

Sputnik Azərbaycan Anlaşma Memorandumu, onun əhəmiyyəti və bu memorandumun niyə məhz indi imzalanması ilə bağlı "Cənubi Qafqaz" siyasi klubunun rəhbəri, politoloq İlqar Vəlizadə ilə həmsöhbət olub.

Politoloq qeyd edib ki, bu memorandumun indi imzalanması ondan xəbər verir ki, Azərbaycan və Türkmənistan bununla bağlı artıq bir neçə ildir danışıqlar aparıblar. Onun sözlərinə görə, birdən-birə belə bir razılaşma ərsəyə gələ bilməz: "Niyə məhz indi? Yəqin ki, bununla bağlı bir sıra nüanslar var. Ehtimal edirəm ki, onlardan biri də təhlükəsizliklə bağlı məsələlər idi. Ola bilər ki, Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həll olunmaması Türkmənistan tərəfində təhlükəsizliklə bağlı müəyyən narahatlıqlar yaradırdı. Çünki bu, Kəpəz/Sərdar – indiki adı ilə "Dostluq" yatağının işlənməsi və hasil ediləcək resursların ixracı üçün müəyyən risklər yaradırdı.

Aydındır ki, ixrac üçün ən optimal istiqamət Qərb – Avropadır. Həmçinin bu istiqamət üzrə Azərbaycan və digər ölkələr də daxil olmaqla hazır infrastruktur layihələri var. Yəni yeni bir infrastruktur layihəsinin qurulmasına ehtiyac yoxdur. Ona görə də hazır xammalın xarici bazarlara daşınması üçün yaxşı imkan var. Bu memorandumun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından qısa müddət sonra imzalanması artıq Türkmənistan rəhbərliyinin təhlükəsizliklə bağlı narahatlığının sona çatması kimi də dəyərləndirilə bilər".
"Cənubi Qafqaz" siyasi klubunun rəhbəri qeyd edib ki, rəsmi Bakı hələ on il əvvəl Aşqabada "Dostluq" yatağının birgə işlənməsini təklif edib: "Bu təklifdə yatağın bərabərhüquqlu şəkildə istismarı, hasilatın bərabər bölünməsi yer alır. Üç il bundan əvvəl – 2018-ci ilin martında İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı bu memoranduma bənzər razılaşma - həmsərhəd zonada yerləşən yataqların birgə istismarına dair razılaşma İran tərəfi ilə də imzalanmışdı. Lakin İranla bağlı beynəlxalq proseslərə (ABŞ-ın nüvə razılaşmasından çıxması, İrana qarşı sanksiyaların tətbiqi – red.) görə yataqların işlənməsi istiqamətində heç bir praktiki addımlar atılmayıb. Amma "Dostluq" yatağının istismarı üçün belə maneələr yoxdur".

İlqar Vəlizadə vurğulayıb ki, Azərbaycan və Tükmənistanın əldə etdiyi razılaşmanın başqa bir əhəmiyyəti isə bundan ibarətdir ki, bu yataq Trans-Xəzər qaz layihəsinin həyata keçirilməsi üçün təkan verə bilər: ""Dostluq" yatağında 50-100 milyon ton neft, 30 milyard kub metr qaz ehtiyatları var. Bu, təbii sərvətlərlə kifayət qədər zəngin yataqdır. Bu yataqdan çıxarılan qazın Cənubi Qaz Dəhlizi layihəsi ilə Qərbə - Avropaya tədarükü də realdır. Bu isə Cənub Qaz Dəhlizi layihəsinin, ümumilikdə Avropanın enerji təhlükəsizliyi baxımından Qafqaz regionunun əhəmiyyətini artırır. Bundan əlavə, Azərbaycanı artıq neft-qaz ixracatçısından əlavə, bir enerji habına, tranzit ölkəsinə çevirəcək".




Paylaş:


Müəllif : Tarix:
22-01-2021, 16:25
Sikayət   


loading...
Загрузка...