reklam
Regionxeberlericom.az » Siyasət » “Vaşinqton Bakını Moskvanın pəncəsinə buraxmayacaq” - POL QOBL

reklam

“Vaşinqton Bakını Moskvanın pəncəsinə buraxmayacaq” - POL QOBL

Rusiyanın sülhməramlı missiyasının Dağlıq Qarabağdakı addımları, yəni 10 noyabrda imzalanan üçtərəfli bəyanat ilə üzərlərinə qoyulmuş öhdəliklərin hüdudlarından kənara çıxması və artıq “sürünən ilhaq” halına, həmçinin Rusiya protektoratının qurulması cəhdlərinə çox bənzəyən gücdən sui-istifadədən Azərbaycan ictimaiyyətinin və şübhəsiz ki, səlahiyyətlilərinin də ciddi narahatlığı fonunda, Qərbin reaksiyası suallar doğurur. Daha doğrusu, əvvəlcə onlar, sadəcə heç bir addım atmadılar, müşahidəçi və gözləmə mövqeyi tutdular və indi münasibətlərini hissə-hissə ifadə etməyə başlyıblar. Amma yenə də məsələyə ikili standartlar mövqeyindən, tərəf tutmaq yanaşmasından əl çəkmədilər.

Artıq Qərbin kollektiv səssiz razılığı, birbaşa funksiyaları münaqişənin həllində iştirak etməkdə olan ATƏT-in Minsk Qrupunun digər iki üzvünün də susqun razılığı ilə, onlardan üçüncüsü faktiki olaraq müstəqil Azərbaycan dövlətinin ərazisinə reyder basqını həyata keçirdi və birtərəfli qaydada, artıq nə Minsk Qrupundakı həmkarlarına, nə də ərazisindəki müvəqqəti məskunlaşdığı, heç bir statusa malik olmamasına yalnız dəvətlə gəldiyi dövlətə baxmayaraq, bölgəni öz mülahizəsinə əsasən yenidən formalaşdırmağa, yenidən qurmağa başladı. Fransızlarla hər şey az-çox aydındır: müharibə vaxtı erməni diasporunun sədaları altında rəqs etdilər, amma amerikalıların o zaman bizə vaxtları yox idi. Bəs, indi necədir vəziyyət?

Fransa Türkiyə ilə təcili barışıq yolları axtarır, amerikalılar, nəhayət ali hakimiyyətin ötürülməsi prosesini başa çatdırdılar və bizə diqqət yetirə bilərlər. Cənubi Qafqazda, xüsusən Qarabağdakı hadisələrin fəal iştirakçısı olan Rusiya Ağ Evin yeni rəhbərliyi tərəfindən ABŞ-ın üç əsas rəqibi sırasında elan edildiyi üçün bu diqqətin olması labüddür.

Burada “kartların” amerikalıların əlində olduğu görüntüsü yaranırdı. Lakin... ABŞ-ın gələcək dövlət katibi Entoni Blinken, Bayden rəhbərliyinin ABŞ-ın təhlükəsizlik sahəsində Azərbaycanı dəstəkləməyə dair mövqeyini yenidən nəzərdən keçirəcəyini və yenidən Azərbaycanla hərbi əməkdaşlığı qadağan edən Azadlığa Dəstək Qanununda 907-ci düzəlişdən istifadə edə biləcəyini və Ermənistanı dəstəkləyəcəyini vəd etdiyini söyləyir: “Təyin olunarsam, Ermənistanın və bölgənin təhlükəsizlik ehtiyaclarını qarşılayacaq dəstəyin həcmini təyin etmək üçün Konqres və Müdafiə Nazirliyi ilə birlikdə çalışacağam”.

Bu yandan da Avropa Parlamenti 20 Yanvarda qətnamələr - Qarabağ hadisələrinə birtərəfli qiymət verildiyi Ortaq Xarici və Təhlükəsizlik Siyasəti (CFSP) və Ortaq Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) haqqında illik hesabatlar qəbul edir. Sənəddə yalnız ermənilərin təhlükəsizliyinin təmin edilməsindən erməni mədəni irsinin qorunmasından bəhs olunur, azərbaycanlıların mənafelərinə məhəl qoyulmur, Türkiyə isə Azərbaycanı dəstəklədiyinə görə kəskin şəkildə tənqid olunur, “xarici terrorçu döyüşçülərin” Azərbaycanın tərəfində iştirak etməsi barədə danışılır. Dağlıq Qarabağın statusu məsələsi yenidən gündəmə gətirilir, baxmayaraq ki, Azərbaycanın hərbi qələbəsi, Ermənistanın kapitulyasiyası, ölkə Prezidentinin hərbi əməliyyatlar bitdikdən dərhal sonra dediyi kimi, bu məsələnin gündəmdən tamamilə çıxarılmasını təmin edirdi. Düzdür, deyilən vəziyyət müqavilə imzalandığı vaxt, ruslar bütün dünyanın qarşısında uzunmüddətli planlarla Qarabağda yerləşməyə başlamazdan əvvəl belə idi.

Bəs, niyə Qərb Rusiyanın beynəlxalq hüquq prinsiplərinə və ATƏT-in Minsk Qrupuna saymazyana yanaşmasını, “sülhməramlı missiya” anlayışını özünə sərfəli şəkildə idarə etməsini, Qarabağ üzərində rəhbərlik və nəzarəti öz əlinə keçirmək cəhdlərini və orada hərbi baza yaratmaq kimi addımlarını niyə “görmür” və ya görməzdən gəlir? Aydın deyilmi ki, kollektiv Qərb hərəkətsizliyi və susqun razılığı ilə Azərbaycanı Rusiya qarşısında tək buraxır, praktik olaraq Azərbaycanı imperiya qonşusunun qolları arasına itələyir?

Və NATO-nun regionda tək müttəfiqini, Moskvanın bölgəyə olan iddialarının qarşısını alan Türkiyəni dəstəkləmək əvəzinə, onun “sabitliyi pozan rolundan” danışır. Kollektiv Qərbin vəziyyət görə strateji məsuliyyət götürməsinin və məsələnin təhlükəli bir istiqamətdə inkişafının qarşısını almağın vaxtı deyilmi?

Bütün bu məsələlərlə bağlı AYNA-ya şərh verən məşhur amerikalı politoloq, postsovet məkanı üzrə ekspert, ABŞ dövlət katibinin keçmiş müşaviri Pol Qobl hesab edir ki, yeni Amerika rəhbərliyi Cənubi Qafqaza əvvəlkindən daha çox diqqət yetirəcək: “Həm geopolitika, həm də insan hüquqlarına hörmətlə bağlı məsələlərdən gedir söhbət. Geosiyasi baxımdan ABŞ, diqqətini Qarabağın statusu məsələsinə yönəldən Minsk Qrupunun fəaliyyətini yenidən işə salmaqla, bölgədə Rusiyaya qarşı bir dirəniş üçün yol tapmaq istəyir”.

“Ancaq bu, o demək deyil ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdən imtina edəcək. Rusiyanın addımları ilə bağlı ABŞ-ın “hərəkətsizliyinə” və ya “səssiz razılığına” gəlincə, Amerika açıq şəkildə Bakını Rusiyanın “qucağına atmaq” niyyətində deyil, əksinə müstəqil seçim imkanı vermək istəyir”, - analitik bildirib.

Qoblun fikrincə, Vaşinqton Moskvanın Qarabağdakı missiyasının, azərbaycanlılar arasında hiddət və ciddi narahatlıq doğuran hərəkətlərinin genişlənməsinə qarşı fəal şəkildə qarşı çıxacaq bir mexanizm tapacaq: “Dediyiniz kimi, Bakını Moskvanın lehinə seçim etməyə məcbur edən Vaşinqtonun “hərəkətsizliyindən” narahat olmağın lazım olduğunu düşünmürəm. Bu mərhələdə Vaşinqtonun Bakının diqqətini Moskvanın Qarabağda həqiqətən atdığı addımlara yönəltməsi lazımdır”. //AYNA/AZ//


Paylaş:


Müəllif : Tarix:
27-01-2021, 11:08
Sikayət   


loading...
Загрузка...