reklam
Regionxeberlericom.az » Siyasət » Prezidentin çıxışının ardından: Hansı məmurlar yola salınır?.. - Yeni islahat dalğasının ANONSU VERİLİB

reklam

Prezidentin çıxışının ardından: Hansı məmurlar yola salınır?.. - Yeni islahat dalğasının ANONSU VERİLİB


“Axırıncı aşırım” filmində Kərbəlayı İsmayıl obrazının yaxşı bir ibarəsi var - sel gələndə özüylə əvvəl çöl-çöp gətirir, iri qol-budağı, kötükləri axırda gəlir.
Prezident İlham Əliyevin AzTV-yə müsahibəsində söylədiyi fikirlərdən məlum olur ki, bu dəfə əksinə baş verib.
Deyəsən, ağacın iri gövdələri qabaqda gəlir. Çünki edilən açıq xəbərdarlıqlar, ad çəkərək ünvanlanan sərt sözlər göstərir ki, 2021-ci il altı böyük fiqur üçün arzuolunmaz başlayıb.
Anaxeber.info-nun təhlilinə və qənaətinə görə, fevralın 1-də Prezidentin məmurlara yönəlik ağır sözləri onların karyerasında sonunu yaxınlaşdırır.
Onlardan üçü general, üçü isə sosial və maliyyə sektorunda struktur rəhbərləridir. İ.Əliyev gizlətmədən, adlarını çəkə-çəkə onlara irad tutmaqla, hətta bisavad yerinə qoymaqla demək istədi ki, sizinlə işləmək fikrində deyiləm, tezliklə vidalaşacağıq.
Əvvəlcə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun “kürkünə birə salan” açıqlamanı xatırladaq. General-nazir Qarabağda FHN-nin inzibati binasını tikməyi təklif edib. Və prezident sərt etiraz edib.
Görəsən sel, daşqın, zəlzələ, yanğın, təbii fəlakət baş verməyən, hələ minlərlə yaşayış məntəqəsi yerləşməyən Qarabağda izafi xərcə yol verilərək niyə FHN üçün gözəgəlimli bina tikilməli, büdcə vəsaiti boş yerə sərf edilməlidir?
K.Heydərovun bu uğursuz “ideyası”nı rədd edən Prezident həm də diqqətə çatdırır ki, büdcədən artıq xərclər gedir, israfçılıq olunur.
Lakin əsas məsələ Bakıda istər 15 nəfərin ölümü ilə bitən bina yanğını, istər neftçilərin ölümü, istər dispanser faciəsində sınaqdan üzüağ çıxa bilməyən, bir qurum olaraq özünü doğrultmamış FHN-nin yersiz təklifinin rədd olunmasıyla K.Heydərovun gedişinə eyham vurulub.
Son günlərdə onun ölkədən 28 miyard çıxardığı haqda iddiaların yayılması onsuz da FHN şefinin vəziyyətini qəlizləşdirmişdi.
Bunun ardınca Prezidentin onun təklifini rədd etməsi, qəzəblə qarşılaması generalın çoxdan gözlənilən vəzifədən gediş prosesini sürətləndirib.
Lakin belə görünür ki, o, tək general olmayacaq. K.Heydərovla yanaşı “qələmi qırılmış” görünən digər general Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevdir.
Təsəvvür edin ki, ölkənin sərhədlərini mühafizə edən general hələ bilmir ki, Şuşa sərhəd bölgəsi deyil. Bunu biz yox, Prezident söyləyir.
İ.Əliyev deyir ki, onu kimi, xalq da bu fikrə güləcək: “Mənə zəng edib deyir xidmətin rəisi ki, icazə verin biz sərhəd xidmətini Şuşa zastavasında yaradaq. Dedim ki, a kişi, Şuşada sərhəd var?
De də mənə, Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Deyirəm bəs nə zastava yaradırsan?”
Sensasiyadır. Tragikomediyadır. E.Quliyev sərhəd zastavasını harada yaratmağı ya bilmir, ya da məmurlar Şuşada mövqelərini gücləndirmək uğrunda indidən mübarizəyə girişiblər.
Prezidentin DSX rəisinə belə sarkazmla reaksiya bildirməsi, məsələni xalqa açıqlaması göstərir ki, E.Quliyev bundan sonra vəzifədə çox qala bilməyəcək.
Ölkə başçısının qəzəbinə tuş gələn digər general isə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevdir. O da Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib.
“Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun? Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına”.
Yəni, general dövlətin pulunu israf etməkdə ittiham edilir. İ.Əliyev ismarış verir ki, sizin əlinizdən cana doymuşam, öz hesabınıza heç bir iş görmürsünüz, dövlətin malını talamaqla məşğulsunuz.
Ardınca bildirir: “Mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerini, yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar...”
Əgər prezidentin səbri tükənirsə, S.Mehdiyevin gömrükdəki postunda vəzifəsinin ömrü də tükənmək üzrədir. Onsuz da gömrükdə şəffaflıq təmin olunmayıb, yenə inhisarçılıq qalır, vətəndaşlar narazıdır və S.Mehdiyev Aydın Əliyevdən fərqlənmədi. Deməli, xudahafiz...
Anaxeber.info-nun məlumatına görə, dövlət başçısının xalq kimi narazı qaldığı məmurlardan biri də Mərkəzi Bank sədri Elman Rüstəmovdur.
Pandemiya dövründə, müharibədən çıxmış ölkədə 218 milyon avroya yeni inzibati bina tikməyə hazırlaşmaqla xalqın əsəblərini tarıma çəkən Mərkəzi Bank sədrinin bu azmış kimi, Şuşada da inzibati bina arzusu dəhşətli bir korrupsiya mərəzidir.
Ondan geri qalmayan “Azəravtoyol” sədri Saleh Məmmədov, habelə AZAL prezidenti Cahangir Əsgərov öz kreslolarının “qətlinə fərman” vermiş olublar. Anlaşılmazdır ki, bu məmurlar Şuşada inzibati binanı hansı məqsədlə tikmək istəyirlər və bir-bir prezidentə ağız açırlar?
Nə üçün S.Məmmədov Bakının hələ də bərbad olan küçələrinin, yollarının asfaltlanması, C.Əsgərov təyyarə biletlərinin qiymətlərinin ucuzlaşdırılmasını, şəhid və qazi ailələrinə müxtəlif dəstək paketlərini təklif etmirlər, amma heç kəsə lazım olmayan mənasız binalar inşa etməyi, büdcə pullarını daşa-divara hörməyi məsləhət bilirlər?
Prezident həm E.Rüstəmov, həm S.Məmmədov, həm də C.Əsgərovun adlarını açıqlamaqla köhnə qvardiyadan qalan “sonuncu mogikan”ların da istefasının yaxınlaşmasına işarə vurub.
Böyük bir korrupsiya piramidası yaratmış, xalqa və dövlətə heç bir töhfəsi olmayan bu yarıtmaz məmurlardan çoxdan qurtulmaq lazım idi.
Amma zərərdən indi də dönmək yenə xeyirdir. Şuşa uğrunda mübarizəyə “qalxmış” və öz maraqlarını təmin etməyə, gözə girməyə can atmış həmin məmurlarla yolları ayırmağın tam zamanıdır.
Müşahidələr, təhlillər, o cümlədən sosial mediada fikirləri önəmli olan ekspertlərin analizləri də belə deməyə əsas verir ki, İ.Əliyev bu il ərzində mərhələli şəkildə adı çəkilən üç general və üç sədrlə sağollaşacaq.
Anaxeber.info


Paylaş:


Müəllif : Tarix:
2-02-2021, 10:46
Sikayət   


loading...
Загрузка...