reklam
Regionxeberlericom.az » Siyasət » Balasanyan Azərbaycana hədəfi göstərdi - düşmən dilindən tələyə düşdü

reklam

Balasanyan Azərbaycana hədəfi göstərdi - düşmən dilindən tələyə düşdü



Ermənilər bir-birini ittiham edirlər. Qarabağ erməniləri Ermənistandakıları, Ermənistandakılar hakimiyyətdəkiləri...

Hazırkı durumda sanki ən normal təsir bağışlayan erməni... Nikol Paşinyandır.

Baş nazir son açıqlamaları ilə xüsusilə təəccübləndirdi, hətta erməni xalqı onu divara dirəyib güllələsə belə, ölkədən qaçmaq niyyətində olmadığını dedi, hətta böyüyünün- Levon Ter-Petrosyanın üzünə ağ oldu, Rusiyanı bu dəfə sursatsız Su-30 SM qırıcılarına görə ittiham etdi və Azərbaycan və Türkiyə ilə normal əməkdaşlığın alternativini görmədiyini deməklə revanşistlərə meydan oxudu.

Təsadüfi deyil ki, Serj Sərksiyanın rəhbəri olduğu Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov Paşinyanı az qala Türkiyə və Azərbaycanın casusu adlandırır. Maraqlı gedişatdır, düşmən ölkədəki qovğaları izləmək xoşdur, ancaq eyfariyaya qapılmağa gərək yox. Ehtiyatlı olmaqda fayda var. Heç Paşinyana da etibar etməməliyik.

Xatırlayaq, hakimiyyətə yenicə gəlmişdi. Azərbaycan Prezidenti ilə Düşənbədə ayaqüstü görüşdən sonra elə sevincək olmuşdu ki...Erməni mətbuatına deyirdi bu görüşdən sonra ilk dəfədir təmas xəttində itkilər minimuma enib, problemin dinc yolla həllinə ümid artıb. Özünü sülhpərvər biri kimi təqdim etməyə çalışırdı. Ancaq sonra nə baş verdi? Dəhşətli müharibəyə səbəbkar oldu, minlərlə insanın ölümünə gətirib çıxaran müharibəni tətiklədi Şuşadakı oyunbazlığı ilə, radikal bəyanatları ilə, Tovuzu işğal planına əl atmaqla...

Azərbaycan Prezidenti də erməni baş nazirin vədlərinə xilaf çıxdığını şəxsən bəyan edib.

Sitat: “Paşinyan nə mənim, nə də öz xalqının qarşısında heç vaxt vədlərinə sadiq olmadı. O, yalançıdır və hesab edirəm ki, erməni xalqı artıq bunu anlayıb”. Dövlətimizin başçısı bir neçə dəfə Paşinyanın anlaşmanı pozduğunu xatırladıb. Təsəvvür edin, Azərbaycan N.Paşinyana hələ 2018-ci ildə növbədənkənar parlament seçkilərini keçirib, hakimiyyətini möhkəmləndirmək üçün fürsət tanıdı, amma Nikol kreslosunda bir az möhkəmlənəndən sonra “Qarabağ Ermənistandır və nöqtə”, sərsəmlədi. Daha sonra Azərbaycana qarşı “7 şərt” (!) irəli sürdü. Yəni biz bu adamın “dabbaqda gönünə” bələdik. Bu gün durumu fənadır və müxtəlif gedişlər edir, sabah bir azca rahatlanacaq, yenə də əvvəlki adam olacaq.

Ermənistan ordusunda qiyamçıların ortaya çıxması bizi o qədər də maraqlandırmır. Onik Qasparyanın “asi” çıxması da bir oyunun tərkin hissəsi ola bilər. Necə ki, aprel döyüşlərindən sonra Serj Sərkisyana qarşı “Sasna Tser” adlı terrorçu dəstə qiyam qaldırdı, polis alayını zəbt etdi, ölkə gündəmi dəyişdi.

Nəticə nə oldu? İndi həmin terrorçuların bir hissəsi siyasi proseslərin iştirakçılarıdır. Qasparyanı olayı da Ermənistanın növbəti hərbi məğlubiyyətinin məntiqi davamı kimi düşünülə bilər. Lap gerçək qiyam olsun, can onların, cəhənnəm Tanrının. Bizə lazım olan budur ki, sərhədlərimiz daxilindəki terrorçular son nəfərinədək rədd edilsinlər!

Amma görünən budur ki, tamaşaçıların diqqətini Ermənistandakı tamaşalara yönəldənlər pərdə arxasında başqa oyun oynamaqdadırlar. Konkretləşdirək: Ermənistan hökuməti 10 noyabr anlaşmasına görə öhdəlik götürüb ki, Qarabağa bir daha əsgər göndərməyəcək. Amma məlum olur ki, yox, gizlincə nəzarətsiz sahələrdən, yaxud elə rus sülhməramlıların nəzarət etdiyi Laçın dəhlizindən mülki geyimdə hərbçiləri, çağırışçıları Azərbaycan torpaqlarına göndərirlər. Özü də bu faktları ilk ifşa edən Ermənistandakı əsgər valideynləri oldu!

Təsəvvür edirsinizmi, erməni valideynlər də artıq övladlarının yad torpaqda ölməsinə etiraz edirlər! Amma Ermənistan hakimiyyəti gəlişigözəl sözlər söyləsə də, bu, cinayətkar addımdan imtina etmir.

Düzdür, iki gün əvvəl ehtiyatda olan polkovnik Senor Asratyan Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Qarabağdan çıxarıldığını deyərək hay-küy saldı. Amma...Budur Qarabağdakı terrorçu rejimin “təhlükəsizlik katibi” Vitali Balasanyan bunun əksini iddia edib. Erməni mətbuatına geniş açıqlama verən terrorçu deyib ki, bu haqda söhbət gedə bilməz. Balasanyan bir az da uzağa gedərək “peşəkar ordu” yaratmaq istəklərindən danışıb.

İstisna deyil ki, Balasanyan Qarabağa güclə qaytardıqları 15-20 min erməninin də qaçıb aradan çıxmaması üçün sərsəmləyib. Ancaq bizə onun nə üçün sərsəmləməsi sualına cavab axtarmaq lazım deyil. Söhbət faktdan gedir. Əgər Azərbaycan ərazisində mövcud olan bu ünsür belə bir açıqlama veribsə, məhz onu əsas götürüb, üzərinə getmək, məsələnin kökünü qazmaq lazımdır. Necə ki, Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” deməklə işğalçı orduya qəbir qazdı, indi də Balasanyanın Qarabağda erməni “ordusu”nun olması, üstəlik, burdakı terrorçuların çıxarılmayacağı barədə dedikləri onun dilinin birdəfəlik kəsilməsi üçün ciddi əsaslar yaradır. “Dilindən tələyə düşdü” Balasanyan. Azərbaycana hədəfi göstərib, “gəlin, silahlıları zərərsizləşdirin” deyib faktiki olaraq. Əllərdəki silahlar yığılmayınca, Qarabağda erməni sakinlər də rahat yaşaya bilməyəcək.

Atəşkəs sənədinin imzalanmasında əsas söz sahibi olan Rusiya prezidenti deməyibmi ki, “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”? Deyib. Elə isə ayrılmaz hissəmizdə hansısa terrorçu dəstənin “ordu” oyunbazlığı niyə davam etməlidir? Bu suallarla xitab olunası ünvan məhz Moskvadır. Xankəndidəki quldurları ya rədd etsinlər, ya da imkan versinlər, 4-cə saata həllini tapsın.

Yeri gəlmişkən, Qarabağ ermənilərinin halına yanan beynəlxalq təşkilatlar, ya Qərbin aparıcı paytaxtları da bu məsələdə susur. İllər öncə Avropa Parlamenti qətnamə qəbul edərək, Ermənistan qarşısında “Qarabağa əsgər göndərmə” tələbini qoymuşdu. Həmin qətnamə də kağız parçası olaraq qaldı bir küncdə. Heç olmasa bu gün susmasaydılar...Azərbaycanın həbs etdiyi erməni terrorçularını azad etmək üçün az qala bütün dünya ermənipərəstləri və ermənisifətliləri birləşib.

Ancaq Qarabağda “ordu” adı altında saxlanılan terrorçu birləşmələrin zərərsizləşdirilməsi istiqamətində heç bir beynəlxalq qurumdan təşəbbüs gəlmir. Azərbaycan beynəlxalq antiterror koalisiyasının üzvü olaraq illərdir töhfəsini verir. Di gəl, bu gün həmin koalisiyadan zərrə qədər dəstək yoxdur. Sabah “Dəmir yumruq” əməliyyatı işə salınsa, yenə də hay-küy başlanacaq, arutyunyanları, balasanyanları xilas üçün hərəkətə keçəcəklər.
Elşad PAŞASOY //musavat.com//


Paylaş:


Müəllif : Tarix:
23-03-2021, 11:18
Sikayət   


loading...
Загрузка...